İnsanlara hürriyət, millətlərə istiqlal!

Əmlakı, mağazası təbii fəlakətdə məhv olanlar - sığorta məsələsi...

“Hökumət bir tərəfdən məcbur edir, digər tərəfdən yumşaq siyasət yeridir” - ekspertlər sığorta ilə bağlı çağırış edir

Vaxtaşırı ölkədə sahibkarlar təbii fəlakətlər - sel, külək, daşqın nəticəsində ciddi ziyana düşürlər. Rayonlarda əsasən təsərrüfatlar təbii fəlakətlər nəticəsində məhv olur. Paytaxtda mağazalar əsasən yanğınlar, su basmaları nəticəsində ziyan çəkir.

Son olaraq bir neçə gün öncə Bakıdakı “Binə” və “Sədərək” ticarət mərkəzlərini su basdı. Burada çalışan onlarla sahibkara, ticarətçiyə ziyan dəydi, bəzilərinin mağazasındakı mallar tamamilə məhv oldu.

Subasmaı sığorta hadisəsi hesab olunurmu? Sahibkarlara hansı halda sığorta ödənilir? Sahibkarlığa, aqrar sektora ciddi dəstəklərdən biri də məhz sığorta məsələsidir. 

Sığorta üzrə ekspert İlkin İbrahimov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, ölkəmizdə daşınmaz əmlakın icbari sığortası məcburi qaydada həyata keçirilir: “Bu o deməkdir ki, sənədi olan bütün əmlaklar sığortaya cəlb olunmalıdır. Lakin digər bir məsələ var, burada qanunvericiliklə dövlət yumşaq siyasət yeridir. Yəni biz əgər əmlakımızı sığorta etmiriksə, o zaman dövlət İnzibati Xətalar Məcəlləsinin 469-cu  maddəsinə əsasən inzibati protokol tərtib etmək səlahiyyətinə malikdir. Tələb oluna bilər ki, nəyə görə əmlakı sığortalamayıbar. Lakin burada protokolun nümunəsi olmadığına görə hələlik bu məsələ açıq olaraq qalır. Dövlət bir tərəfdən məcbur edir, digər tərəfdən də yumşaq siyasət yeridir. Hansı ki, protokolun nümunəsini təsdiq etməməklə bu məsələdə əlavə qeyd olunur ki, siz özünüz könüllü surətdə edəsiniz.

İlkin İbrahimov: Karantin dövründən sonra sığorta şirkətlərində kadrlar  azaldıla bilər

 İlkin İbrahimov

O ki qaldı “Binə” və “Sədərək” ticarət mərkəzləri ilə bağlı məsələyə, ekspert əlavə etdi ki, subasma hadisəsi sığorta hadisəsi hesab olunur: ""Binə" və “Sədərək” kimi ticarət mərkəzlərində sənədsiz və ya Fövqəladə Hallar Nazirliyinin yanğın təhlükəsizliyi qaydalarına cavab verməyən obyektlər var. Sığorta şirkətləri belə ticarət obyektlərində sığortalanmanı həyata keçirməkdə maraqlı deyil. Daşınmaz əmlakın icbari sığortası ilə bağlı və ya içəridə olan malların könüllü sığortalanması ilə sığorta şirkətlərini dəvət edilməlidir. Şirkət gəlir, baxır ki, obyektdə yanğın təhlükəsizliyi qaydalarına əməl olunub, ya yox. Adətən “Binə” və “Sədərək”ə FHN sənəd vermir, çünki orada təhlükəsizlik qaydaları pozulur".

Ekspert bildirib ki, sahibkarlar mal gətirərkən onu bəyan etməlidirlər:  “Vergi bəyannaməsi olmalıdır və ya VÖEN hesablarında nə qədər mal satacaqlarını bəyan etməlidirlər. Sığorta şirkətləri gömrük bəyannaməsi tələb edir. Çünki sığorta hadisəsi zamanı risklər malın dəyərinə uyğun hesablanır. Çox hallarda ticarət mərkəzlərində belə məsələlərə baxılmır. Hətta bir gün hadisə baş verdikdən sonra sahibkarların VÖEN-lərinə baxdıqda onların əməliyyatlarının ay ərzində 3-5 min olduğunu görürük, yaxud da sabah sığorta hadisəsi baş verdikdə nə qədər malınız var deyəndə 100, 200 min məbləğlərin olduğu ortaya çıxır. Ona görə də sahibkarlar gömrük bəyannamələrini şəffaflaşdırmalıdırlar ki, sığorta şirkətləri də orada maraq göstərsinlər. Sığorta hadisəsi zamanı da sığorta kompensasiyası versinlər”.

“Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) İctimai Birliyindən də bildirilib ki, “Binə” və “Sədərək” ticarət mərkəzlərini su basması sığorta hadisəsi hesab olunur. Məlumata görə, bu hadisədən zərər çəkmiş sığortalı əmlakların sahiblərinə ödəniş ediləcək, sığortasız əmlakların sahibləri isə zərəri özləri qarşılamalı olacaqlar: “ASA olaraq sahibkarlara müraciət edərək bildiririk ki, bu kimi hadisələr nəticəsində əlavə xərc və maddi zərərlə üzləşməmək üçün əvvəlcədən sığortalanmalı və risklərini təminat altına almalıdırlar. Çünki daşınmaz əmlak sığortası həm icbaridir, həm də ümumilikdə sosial-iqtisadi müdafiə sipəridir. Daşınmaz əmlakın icbari sığortası növü üzrə qeyri-yaşayış obyektlərinin sığorta tarifi obyektin yeri, təyinatı və miqyası nəzərə alınmaqla müəyyən olunur”, - deyə assosiasiya bəyan edib.

“Daşınmaz əmlakın icbari sığortası ölkəmizdə mövcud olan yaşayış və qeyri-yaşayış əmlakları üçün məcburidir. Bu sığorta növü üzrə proseslər 2011-ci ildə qəbul edilmiş "İcbari sığortalar haqqında" Qanunla tənzimlənir. Qanundan irəli gələn tələblərə görə, yanğın, ildırım düşməsi, məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı, elektrik naqillərində baş verən qısa qapanma, buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı, su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma, hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri, yerüstü nəqliyyat vasitəsinin dəyməsi, təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi, üçüncü şəxslərin hərəkətləri nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi daşınmaz əmlakın icbari sığortası növü üzrə sığorta hadisəsi hesab olunur", - deyə açıqlamada qeyd olunub.

Eyyub Kərimli: “Dalana dirənən İran Ermənistana nə vəd edə bilər? -  Veteninfo.Az

Eyyub Kərimli 

İqtisadçı Eyyub Kərimli də mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı: “Subasma bəzən təbii fəlakət sayılır, bu da sığorta hadisəsi hesab edilir. Ümumiyyətlə, həm regionlarda, həm Bakıda, həm digər şəhərlərdə çalışan sahibkarlar sığortadan istifadə etsələr, sözsüz ki, bəzi zərərlərin qarşısını ala bilərlər. Regionlarda bununla bağlı aqrar sığorta fondu fəaliyyət göstərir, orada sığortalaya bilərlər. Həmçinin digər sahibkarlar sığorta xidmətlərindən istifadə etsələr, zərərləri daha az olmuş olar. Düzdür, "Sədərək", “Binə” ticarət mərkəzində bəzən sığorta şirkətləri məhsulları sığortalamırlar. Bu da ondan irəli gəlir ki, onların fəaliyyəti tam qanunauyğun qurulmayıb. Əsasən orada sənədləşmədə problemlər var. Həmçinin o ticarət mərkəzləri risk mənbəyidir. Orada yanğınlar, subasma halları olur. Sığorta şirkətləri bu cür məsələlərə səthi yanaşırlar. Lakin hesab edirəm ki, bunun özü də qanun pozuntusudur. Sadəcə, risklər çox olduğundan sığortaçılar orada daha yüksək məbləğ edə bilərlər. Amma sığortalanmadan qaçmağa ehtiyac yoxdur. Ümumiyyətlə, Azərbaycanda sığorta bazarında sığortadan istifadə çox azdır. Sığorta şirkətləri bununla bağlı böyük işlər aparmalı, məhsullarını satmalıdır. Bu istiqamətdə işləri heç də qənaətbəxş deyil. Əhali arasında həm maarifləndirmə, həm də bununla bağlı məhsul satışları çox aşağı səviyyədədir. Bu baxımdan yaxşı olardı ki, sığorta şirkətləri, sığorta sahəsində çalışan təşkilatlar bununla daha ciddi məşğul olsunlar. Ümumiyyətlə, bizdə bununla bağlı problemlər mövcuddur. İnsanların evi dağılır, uçur, bu, sığorta hadisəsi olsa da, insanlar evi sığortalamadığı üçün zərəri ödəyə bilmir. Bütün dünyada bu cür hadisələri sığorta qarşılayır".           

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR