İnsanlara hürriyət, millətlərə istiqlal!

Əməkhaqqı sistemi DƏYİŞİR – Maaşlarla bağlı YENİLİK

Son zamanlar saatlıq əməkhaqqı barədə ciddi müzakirələr gedir. Hətta bununla bağlı müvafiq qanunvericilik bazası da hazırlanır. Bununla bağlı Əmək Məcəlləsində müvafiq düzəlişlər təklif edilib. Növbəti illərdə Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçid olacağı gözlənilir.

Bəs, saatlıq əməkhaqqını zəruri edən səbəblər hansılardır?

Musavat.com xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan hüquqşünas Aytac Qurbanova deyir ki, Əmək Məcəlləsinə ediləcək bu dəyişiklik ölkəmizdə əmək münasibətlərinin müasir tələblərə uyğunlaşdırılması və işçilərin hüquqlarının daha effektiv qorunması məqsədi daşıyır:

“Bu qayda ilk növbədə hamilə və evdar qadınlar üçün yeni imkanlar açacaq. Məlumdur ki, hamilə qadın 8-9 saat dayanmadan işləyə bilməz. Amma hər kəs kimi belə qadınların da işə, pula ehtiyacı var. Başqa bir nümunə: Təkbaşına 3 uşağa baxan işçi üçün standart 9:00–18:00 iş rejimi fiziki və sosial baxımdan qeyri-mümkündür. Yeni dəyişiklik bu cür işçilərə uyğunlaşdırılmış rejim təklif edilməsini təşviq edəcək. Ona görə də saatlıq əməkhaqqı sisteminin tətbiqi vacibdir.

Bu sistem, xüsusilə qeyri-standart və mövsümi işlərdə daha ədalətli əməkhaqqı tətbiqinə imkan verəcək.

Əmək müqaviləsində saatlıq əməkhaqqı məbləği göstəriləcək, iş vaxtının uçotu dəqiq aparılacaq. Minimum saatlıq əməkhaqqı səviyyəsi müəyyən olunacaq, hansı ki, hazırda Azərbaycanda bu göstərici mövcud deyil. Beləliklə, işçi yalnız işlədiyi saatlar üzrə əməkhaqqı alacaq ki, bu da qeyri-müntəzəm işlər üçün əlverişli olacaq.

Mövsümi işlərdə, qısamüddətli layihələrdə və servis sahəsində şəffaflıq artacaq. İşəgötürənlərin iş yükünü optimal planlaşdırması mümkün olacaq. Tutaq ki, restoran və ya pərakəndə satış sahəsində işçi ayda yalnız 10 gün işləyir. Bu halda aylıq əməkhaqqı təyin etmək qeyri-real olur. Saatlıq əməkhaqqı bu problemi aradan qaldırır və əmək münasibətlərini rəsmi müstəviyə keçirir".

Müsahibimiz əlavə edib ki, yeni qayda yeniyetmələrə də əlavə imkanlar açır:

“Sirr deyil ki, yeniyetmə və gənclər müxtəlif ticarət və iaşə obyektlərində çalışırlar. Onlar üçün tətbiq edilən iş saatı ümumi iş saatından çox zaman az olur. Amma qanunvericilkdəki boşluq imkan verir ki, işəgötürən belə işçilərə daha az əmək haqqı müəyyən etsin. Əmək Məcəlləsinə edilən dəyişiklik bu boşluğu da aradan qaldıracaq. Saatamuz çalışan insanlar daha yaxşı əmək haqqı alacaqlar”  

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 May 2025

20 May 2025

BÜTÜN XƏBƏRLƏR