İnsanlara hürriyət, millətlərə istiqlal!

Əliyevin TARİXİ Roma səfəri - Fransaya elə bir ZƏRBƏ vuruldu ki...

Prezident Avropa ölkəsində mühüm mesajlar verdi; “Azərbaycan İtaliyanın bir nömrəli neft və iki nömrəli qaz təchizatçısıdır”; Azərbaycanı təkləmək istəyən Parisə, ölkəmizin düşmənlərinə gözdağı...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın dəvəti ilə sentyabrın 4-də İtaliyaya işgüzar səfər edib. Bu səfər zamanı keçirilən görüşlər, qarşılıqlı şəkildə səslənən mesajlar, əldə olunan razılaşmalar Bakı və Roma arasında münasibətlərin yüksək səviyyədə olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşündə İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın səsləndirdiyi fikirlər də bu qənaəti möhkəmləndirir. Sercio Mattarella Azərbaycanla İtaliya arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını, ölkəmizin İtaliyanın yaxın tərəfdaşı olduğunu deyərək, 2020-ci ildə Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri zamanı imzalanmış strateji tərəfdaşlığa dair Birgə Bəyannamənin önəmini vurğulayıb.

Son dörd ildə İtaliyaya üç dəfə səfər etdiyini deyən dövlətimizin başçısı münasibətlərimizin strateji tərəfdaşlıq xarakteri daşıdığını, İtaliya-Azərbaycan əlaqələrinin özündə çoxşaxəli əməkdaşlığı ehtiva etdiyini söyləyib, İtaliyanın Avropada Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu qeyd edib. Bu xüsusda, ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığın vacibliyi, o cümlədən TAP layihəsinin əhəmiyyəti vurğulanıb. TAP layihəsinin həm İtaliyanın, həm də Avropa İttifaqının enerji təhlükəsizliyində oynadığı mühüm rola toxunularaq, hazırda bu layihənin Avropanın 10 ölkəsinin enerji təchizatındakı vacib rolu qeyd olunub. İtaliya-Azərbaycan Universitetinin yaradılmasının böyük əhəmiyyət daşıdığını deyən Sercio Mattarella bunun ölkələrimiz arasında humanitar və insanlararası əlaqələrin inkişafında mühüm rol oynadığını vurğulayıb.

İtaliya Prezidenti COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdıraraq, bunun çox əhəmiyyətli tədbir olduğunu deyib və ölkəsinin COP29-da yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunacağını bildirib. Dövlətimizin başçısı Avropa İttifaqının Azərbaycanla əsas ticarət tərəfdaşlarından biri olduğunu vurğulayıb və Avropa İttifaqı ilə Azərbaycan arasında yaxşı əlaqələrin mövcud olduğunu deyib. Bununla belə, dövlətimizin başçısı təəssüflə qeyd edib ki, bəzi Avropa ölkələri bu əlaqələrin inkişafına maneə yaradırlar. Regionda sülh gündəliyinə toxunan Prezident İlham Əliyev Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması təşəbbüsünün, bu müqavilənin əsasını təşkil edən prinsiplərin, eyni zamanda, Cənubi Qafqazda regional əməkdaşlıq layihələrinin təşəbbüskarının da məhz ölkəmiz olduğunu vurğulayıb.

Dövlətimizin başçısı sərhədlərin delimitasiyası və demarkasiyası prosesində ciddi nailiyyətlərin əldə edildiyini, ikitərəfli xarakter daşıyan bu proses çərçivəsində artıq 12 kilometrdən çox sərhədyanı ərazinin həm də demarkasiya olunduğunu, 1990-cı illərin əvvəllərindən işğal altında olan 4 Azərbaycan kəndinin də ölkəmizin nəzarətinə qaytarıldığını bildirib. Prezident buna baxmayaraq, Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının hələ də mövcud olduğunu qeyd edərək, Ermənistanda müvafiq konstitusiya dəyişdirilməsi prosesi vasitəsilə bunun aradan qaldırılmasının önəmini vurğulayıb və bundan sonra iki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün yaxşı zəmin yaranacağını bildirib.

Görüşdə çoxsaylı İtaliya şirkətlərinin Azərbaycanda fəaliyyəti, xüsusilə Qarabağda bir sıra sahələrdə, o cümlədən bərpa-quruculuq işlərində, muzeylərin tikilməsində və digər müxtəlif layihələrin icrasında iştirak etdikləri vurğulanıb.

Sonda Prezident İlham Əliyev İtaliya Prezidentini Azərbaycana dövlət səfərinə dəvət edib. Dəvət Sercio Mattarella tərəfindən məmnunluqla qarşılanıb.

Romada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə görüşü keçirilib. Ciorcia Meloni dövlətimizin başçısının İtaliyaya bu səfərinin çox səmərəli olduğunu vurğulayıb, enerji sahəsində ikitərəfli əməkdaşlıqdan məmnunluğunu ifadə edib. O, COP29-a dəvətə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib və bu tədbirdə məmnuniyyətlə iştirak edəcəyini vurğulayıb. İtaliya Nazirlər Şurasının sədri COP29-un uğurla keçirilməsi üçün ölkəsinin Azərbaycana bütün lazımi dəstəyi göstərməyə hazır olduğunu deyib. Bu xüsusda, İtaliyanın iqlim dəyişikliyi üzrə nümayəndəsinin Azərbaycanın COP nümayəndə heyəti ilə yaxından əməkdaşlığı və Azərbaycanın COP prezidentinin G20 çərçivəsində İtaliyada keçirilən ekologiya nazirlərinin toplantısında iştirakı qeyd olunub.

Söhbət zamanı İtaliyanın “Eni S.P.A” şirkəti ilə SOCAR arasında yeni əməkdaşlıq sahələrinin müəyyən olunması məmnunluqla qeyd edilib, bu şirkətlərin üçüncü ölkələrdə birgə layihələrdə iştirakı məsələsi barədə fikir mübadiləsi aparılıb.

İtaliyanın aparıcı mətbu orqanları Azərbaycan Prezidentinin bu ölkəyə işgüzar səfərini geniş işıqlandırıb.

Prezident İlham Əliyevin İtaliya səfəri, yüksək səviyyədə görüşləri, əldə olunan razılaşmalar olduqca mühüm tarixi əhəmiyyətə malikdir. Məlumdur ki, unikal geosiyasi və iqtisadi mövqelərə malik olan Azərbaycan və İtaliya son onilliklər ərzində ikitərəfli münasibətlərini siyasət, iqtisadiyyat, enerji, mədəniyyət və humanitar sahələrdə faktiki strateji tərəfdaşlıq səviyyəsinə çatdırıb. Ötən illər ərzində Azərbaycan və İtaliya ən yüksək səviyyədə dinamik və konstruktiv dialoq nümunəsi nümayiş etdirib. 2020-ci illərin əvvəllərindən İlham Əliyevin İtaliyaya bir neçə əsas səfəri olub və bu səfərlər siyasi əlaqələrin möhkəmlənməsində mühüm rol oynayıb. İkitərəfli münasibətlərdə hərbi əməkdaşlıq da mühüm yer tutur. Həmçinin 2022-ci ilin sentyabrında da Prezidentin İtaliyaya çox uğurlu səfəri baş tutmuşdu. 2024-cü ildə Azərbaycan İtaliyanın “Leonardo” şirkətindən ilk C-27J Spartan hərbi-nəqliyyat təyyarəsini alıb ki, bu da ölkənin Hərbi Hava Qüvvələrinin modernləşdirilməsində mühüm hadisə idi. Bundan əlavə, İtaliya şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən layihələrdə fəal iştirak edir. Bu xüsusda Prezident İlham Əliyev 2023-cü il fevralın 13-də italiyalı nazir Adolfo Ursanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə bildirmişdi ki, “azad edilmiş torpaqlarda ən böyük işi Türkiyə və İtaliya şirkətləri həyata keçirir”. İlham Əliyevin İtaliyaya budəfəki səfəri Fransaya ”tərs şillə" də sayıla bilər. Çünki İtaliya Avropa İttifaqının aparıcı üzvlərindən biri kimi qurumda Azərbaycana qarşı düşmən mövqe tutan və ölkəmizi təkləməyə çalışan Fransanın təxribatçı planlarını neytrallaşdırmaq baxımından mühüm rola malikdir.

İtaliyanın “The European House - Ambrosetti” beyin mərkəzi tərəfindən təşkil olunan “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda 50-ci yubiley Beynəlxalq Çernobbio Forumu (TEHA Forumu) öz işinə başlayıb.

Prezident İlham Əliyev forumdakı çıxışında bildirib ki, İtaliya Azərbaycanın dünyada bir nömrəli ticarət tərəfdaşıdır. Qeyd edib ki, ötən il bizim ticarət dövriyyəmiz 16 milyard ABŞ dollarına bərabər olub və burada artım üçün potensial var.  “Təkcə enerji sektorunda deyil, digər sektorlarda da Azərbaycan İtaliyanın bir nömrəli neft və iki nömrəli qaz təchizatçısıdır. Bu, bizim əməkdaşlığımızın mühüm sahəsini təşkil edir”, - dövlət başçısı əlavə edib.

“Uzun illərdir ki, Azərbaycan və İtaliya strateji tərəfdaş olaraq fəaliyyət göstərir və müvafiq bəyannamə 10 il bundan qabaq qəbul edilmişdir. Bizim əlaqələrimiz bütün sahələri əhatə edir, müntəzəm siyasi təmaslarımız var”, - Prezident deyib.  Bu səfərin 2020-ci ildən bəri onun İtaliyaya üçüncü səfəri olduğunu və 2018-ci ildə Prezident Mattarellanın Azərbaycanda səfərini xatırladan dövlət başçısı qeyd edib: “Bizim yüksək səviyyəli təmaslarımız onu nümayiş etdirir ki, biz çox yaxın tərəfdaşlarıq”.

Deputat Sahib Alıyev seçki dairəsini dəyişdi

Sahib Alıyev: “Qərbdəki bəzi bədxahlar düzgün nəticə çıxarsalar, pis olmazdı”

Deputat Sahib Alıyev “Yeni Müsavat”a açıqlamasında Prezidentin İtaliya səfərinin tarixi əhəmiyyətindən bəhs etməklə yanaşı, diqqət  çəkən önəmli detallara da toxundu: “Düz 15 ilə yaxındır ki, İtaliya dünyada Azərbaycanın bir nömrəli ticarət tərəfdşı kimi çıxış edir. Bu da səbəbsiz deyil. Çünki qərbdəki ticarət tərəfdaşlarımız arasında belə demək mümkünsə, faydalılıq əmsalı ən yüksək olan da elə İtaliyadır. Qərbdəki bir çox tərəfdaşlarımız bu regionda ən çox qazancı Azərbaycanla əməkdaşlıqdan əldə etdikləri halda, çox təəssüf ki, ölkəmizə yanaşmada mərdiməzarcasına və üstəlik həm də beynəlxalq hüquqa uyğun gəlməyən davranışı da elə onlar sərgiləyirlər. Mən bu fikirdəyəm ki, cənab Prezidentin İtaliyaya budəfəki səfərində dediyim məhz o mərdiməzarcasına davranışların ökəmiz üçün mənfi təsirini azaltmaq məsələsi də az rol oynamır. İş elə gətirib ki, hazırda ”Böyük yeddiliy"ə (G7) sədrliyi dost İtaliya edir. Bu dövlətin COP29-un uğurlu keçirilməsində və Fransa Xarici İşlər Nazirliyinin öz vətəndaşlarını xüsusi zərurət olmadığı halda Azərbaycana getməməyə çağırmasından da göründüyü kimi, Qərbdəki bəzi yaramazların təxribatlarının qarşısının alınmasında dəstəyi çox mühümdür ki, İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni və Prezidenti Sercio Mattarella belə bir dəstək göstəriləcəyini vəd etdilər. Cənab İlham Əliyevin xanım Meloni ilə görüşündə Qafqazda sülh məsələsi da gündəmdə oldu ki, burada da İtaliya öz obyektivliyi ilə qərbdəki bir çox dövlətlərdən fərqlənir və lazım gələndə prinsipial mövqe də ortaya qoyur".

S.Alıyev bu ilin aprelində Fransanın xarici işlər nazirinin ABŞ-nin dövlət katibi ilə birgə mətbuat konfransı zamanı Azərbaycana böhtan atmasına İtaliyanın xarici işlər nazirinin müavini Edmondo Çiriellinin kəskin reaksiyasını da xatırlatdı: “Orasını da deyim ki, Avropa Birliyi üzvləri arasında bizim ən sıx hərbi əməkdaşlıq etdiyimiz ölkə də məhz İtaliyadır. Və bu müstəvidə iki il müddətində 31 əməkdaşlıq tədbirləri planlaşdırlb ki, onların bir hissəi reallaşdırlb, digər hissəsi isə 2025-də reallaşdırılacaq. Yeri gəlmişkən, burada cənab Prezidentin İtaliyaya səfəri öncəsi sözü gedən ölkənin səfirinin bizim müdafə naziri ilə görüşlərini xatırlatmaq istərdim. Əlbəttə, İtaliyanın bu cür dostcasına davranışı cavabsız qalmır. Dövlət başçımızın da vurğuladığı kimi, işğaldan azad olunan regionlarımızdakı quruculuq işlərində Türkiyədən sonra ən çox İtaliyanın şirkətləri yer alırlar. Və maraqlıdır ki, İtaliyadakı xristian dini abidələrinin katakombaların bərpasına kömək edən Azərbaycanın məscidlərinin bərpasını italyan şirkətləri həyata keçirir ki, bundan qərbdəki bəzi bədxahlar düzgün nəticə çıxarsalar, pis olmazdı. Bu cür addımların nəticəsidir ki, Fransa, Ermənistan və Azərbaycana düşməncəsinə yanaşan digər dövlətlərin bizim guya xristian irsini məhv etməyə çalışdığımız haqda uydurmaları ayaq tutsa da, yeriyə bilmir. Məhz bu siyasətin nəticəsidir ki, Vatikanın yeganə rəsmi qəzetində işğaldan azad olunan torpaqlardakı xristian abidələrinin əksəriyyəti hayların təqdim etməyə çalışdıqları kimi, Qriqoryan kilsəsinə yox, alban kilsəsinə aid olduğu vurğulanırdı. Heç təsadüfi deyil ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev İtaliyaya səfərdən öncə Kəlbəcərdə olarkən həmin abidələrdən biri olan Xudavəng monastırına baş çəkdi”.

Deputat digər məqamlara da diqqət yönəltməyi vacib sayır: “Prezidentimizin bu səfəri zamanı mənim diqqətimi çəkən məsələrəndən biri də İtaliya ilə Azərbaycanın üçüncü ölkələrdə birgə investiya qoymaq planları, orta dəhliz boyunca dəyər zəncirinin qurulmasında birgə əməkdaşlıq planları və ”Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə İtaliya Respublikasının “Eni S.P.A” şirkəti arasında bioyanacaq və bioxammal sahəsində Anlaşma Memorandumu"u oldu. Cənab İlham Əliyevin Özbəkistana səfərindən dərhal sonra üçüncü ölkələrə birgə investisiya qoyuluşu haqda bu razılaşmanın ilk növbədə harada reallaşdırılacağının planlaşdırıldığı, məncə, aydındır. “Eni S.P.A” şirkəti ilə arasında bioyanacaq və bioxammal sahəsində əməkdaşlığa gəldikdə, xatırladım ki, işğaldan azad olunan regionlarda çağdaş enerji infrastrukturunun qurulmasında yaşıl enerji dəhlizinin yaradılmasında Xəzərdə külək enerjisinin istehsalında da İtaliyanın Ansaldo, Saipem, CESI kimi şirkətləri çox mühüm rol oyanırlar və oynayacaqlar. Bütün bunlara dayanaraq deyə bilərəm ki, Azərbaycan-İatliya əlaqələri gələcəkdə daha da dərin strateji xarakter alacaq ki, həmən ölkənin Azərbaycana dövlət səfərinə dəvət edilməsi da bir növ bunun təsdiqidir".

Elşad Paşasoy,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR