Onlayn ictimai-siyasi qəzet
Prezident İlham Əliyevin oktyabrın 15-də Xankəndidə Azərbaycan bayrağını ucaltması, ardınca etdiyi akkord xarakterli tarixi çıxışı sözsüz ki, ilk növbədə erməni revanşistlərə və onların Fransa başda olmaqla, bütün havadarlarına ünvanlanmışdı. Bu, əslində son dəfə verilən aydın mesaj idi ki, Azərbaycana münasibətdə məkrli planlarından əl çəksinlər, sülh prosesini tormozlamasınlar və zavallı erməni xalqının yeganə düzgün seçiminə əngəl yaratmasınlar.
Çünki qonşu xalqlar əbədi düşmənçilik və ədavət içində yaşaya bilməz. Bu qanlı, hər iki topluma çoxsaylı iztirab və məhrumiyyətlər gətirmiş səhifəni qapatmaq zamanı çatıb. Bundan ötrü çox vacibdir ki, erməni cəmiyyəti bir daha siyasi avantüristlər tərəfə baxmasın, onların ardınca getməsin, heç vaxt reallaşmayacaq vədlərə inanmasın. Ən mühümü, öz səadətini, dincliyini uzaqlarda deyil, yaxında - regionda axtarsın və xoşbəxtliyini qonşu xalqların bədbəxtliyi üzərində qurmaq niyyətindən həmişəlik əl çəksin...
“Bu gün vəziyyət və gündəm dəyişib, yeni məsələlər ortaya çıxıb. Birinci məsələ - "artsax" ermənilərinin geri qayıtmasıdır. Əgər onlar öz evlərinə qayıtmasalar, o zaman "artsax" məsələsi birdəfəlik bağlanacaq”.
“Yeni Müsavat”ın məlumatına görə, bunu Köçəryan-Sərkisyan cinayətkar tandeminin hakimiyyəti dövründə xarici işlər naziri işləmiş Vardan Oskanyan deyib.
Hələ də “miatsum” sevdası başından çıxmayan Oskanyanın sözlərinə görə, gündəmdə hazırda məhz bu olmalıdır. “Mən tezliklə sülh müqaviləsi imzalamaq üçün Brüsselə gedəcək Paşinyanı bu məsələləri gündəmə gətirməyə çağırıram. Əgər "artsax" mövzusunu qaldırmaqdan imtina etsəniz, biz artıq Ermənistanın ərazi bütövlüyü haqqında danışacağıq. 30 ildir Azərbaycan öz vətəndaşlarının (Ermənistana - red.) geri qayıtması tələbindən əl çəkmir və bu gün Ermənistan da bunda təkid etməlidir. Əgər sən, Nikol Paşinyan, bacarmırsansa, hazır deyilsənsə, qorxursansa, onda get, qoy daha cəsarətli biri gəlsin ki, bu məsələləri gündəmə gətirsin”, - deyə Suriya əsilli erməni eks-nazir vurğulayıb və əlavə edib ki, İrəvan ən əvvəl Fransanın dəstəyinə bel bağlamalıdır.
Göründüyü kimi, erməni tərəfi indi yalnız erməni icmasının qayıdışı haqda danışır. Üstəlik, deyəsən, yavaş-yavaş anlamağa başlayıblar ki, qərbi azərbaycanlıların da analoji hüququ var. Həm də ermənilərdən qat-qat çox. Çünki onlar Qarabağdakı ermənilərdən fərqli olaraq, vaxtilə yaşadıqları yerdə qondarma Ermənistan dövlətinə qarşı separatçılıqla məşğul olmayıblar. Dinc, sakit həyat sürüblər.
İkinci yandan, qərbi azərbaycanlılar kimi Qarabağın erməni əhalisini heç kim qovub-eləməyib. O zaman məntiqli sual yaranır: niyə getmişdilər ki, indi də geri dönüş haqda danışırlar? Azərbaycan dövlətinin bu xüsusda mövqeyi aydın və bəlli: qayıda bilərlər, ancaq getdikləri kimi, yəni kefləri istədikləri şəkildə yox! Ciddi sənədləşmə, yoxlanış olmaqla. Ona görə ki, dönüş-gediş deyil: bir var, ölkəni tərk edəsən, bir də var, qayıtmaq istəyəsən. Bunlar fərqli anlayışlardır.
Qoy Ermənistanda kimsə də xam xəyallara qapılıb Azərbaycana şərt qoymaq niyyətinə düşməsin. Gorbagor olmuş “artsax”ın “özünü müdafiə ordusu”nun keçmiş “komandanı”, erməni hərbi canilərindən olan Samvel Babayan kimi. Hansı ki, ""artsax"a xüsusi status, yaxud muxtar vilayət statusu verilməsə, sakinlər geri qayıtmayacaqlar", - deyə sayıqlayıb...
Əlbəttə, Azərbaycan kimsəyə yalvarmayacaq. Status isə çoxdan cəhənnəmlik olub. Azərbaycan 1923-cü ildəki kimi təzədən öz altına “saatlı bomba” qoymayacaq. Səhv bir dəfə olur. Biz dərsimizi götürmüşük. Əgər muxtariyyət olacaqsa, yalnız “güzgü prinsipi” üzrə olacaq. Yəni 80-ci illərdə Ermənistandan qovulmuş soydaşlarımıza qonşu ölkədə hansı status, muxtariyyət tanınacaqsa, Qarabağda yaşamış erməni azlıq da ona ümid bəsləyə bilər. Çünki situasiya artıq bərabərdir, eynidir. Necə deyərlər, ilahi ədalət bərqərar olub.
Qısası, bizim azərbaycanlı qaçqınlara göstərilən münasibətin eynisini Qarabağ erməniləri uma bilər. Hələliksə Bakının reinteqrasiya ilə bağlı konkret proqramı, “yol xəritəsi” masada. Onu qəbul edən Qarabağ doğumlu ermənilərin zəruri yoxlama prosedurandan sonra geri dönməsi mümkündür. İmtina edən isə özündən küssün, ya da gedib müsyö Makrona şikayət eləsin...
*****
“Ermənistanda hətta ən qatı radikallar belə Qarabağın Azərbaycanın nəzarətinə birdəfəlik keçdiyini qəbul etmək məcburiyyətində qalsalar da, o cümlədən İrəvanda etiraz mitinqləri və küçə yürüşləri səngisə də, keçmiş xarici işlər naziri Vardan Oskanyan yenə baş nazir Nikol Paşinyana "Qarabağ uğrunda mübarizə apar" səpkili açıqlamalarla ona ağıl qoymaq istəyir. Deyir, Nikol Paşinyan Fransanın dəstəyinə istinad etməlidir. Yəni demək istəyir ki, Fransa yeganə ölkədir ki, Azərbaycanla mübarizəni davam etdirir".
Bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
Politoloqa görə, Oskanyan bunu söyləyərkən Fransanın bu mübarizədə hansı nəticə əldə etdiyini söyləməyi unudur. “Çünki ortada Fransanın Azərbaycanla münasibətlərini gərginləşdirməkdən başqa ermənilər üçün müsbət nəticə yoxdur. Oskanyan onu da bildirir ki, Ermənistan hakimiyyəti passivləşdikcə onların əvəzinə Qarabağ uğrunda heç kim mübarizə aparmayacaq. Bu məsələdə o haqlıdır. Nikol Paşinyan Qarabağ yükündən qurtulduğuna və mövcud reallıqları nəzərə aldığına görə yalnız Ermənistana aid məsələlərlə məşğul olmaq istəyir. Beynəlxalq aləm bu günlərdə Yaxın Şərqdəki gərginliyi müzakirə edir, Qarabağ müzakirə mövzusu olaraq bitmək üzrədir. Bizim üçün isə yeni dövr başlayır - bölgəni məskunlaşdırmaq”, - Şahinoğlu qeyd edib.
“Qarabağda qalmağa qərar verən ermənilərin heç bir xüsusi özünüidarə forması olmayacaq. Çünki istənilən status protektoratlığı, xarici himayədarlığı özündə ehtiva edir”.
Bunu isə məşhur amerikalı analitik, Ceymstaun Fondunun (ABŞ) aparıcı eksperti Vladimir Sokor söyləyib.
“Qərbdə hələ də Qarabağın xüsusi statusunun lehinə səslər eşidilir. Amma etnik azlıq üçün xüsusi status xarici qüvvələrin himayədarlığını nəzərdə tutur ki, bu da Azərbaycanın maraqlarına ziddir. Ona görə ki, status xarici qüvvələrə ölkənin daxili işlərinə qarışmaq hüququ verir. Qarabağdakı ermənilərin Azərbaycan vətəndaşlığı, yerli hakimiyyət orqanları, yəni bələdiyyə və bələdiyyə sədrləri olacaq, yerli seçkilərdə sərbəst şəkildə seçiləcəklər. Yalnızca bu”, - deyə analitik fikrini tamamlayıb.
Qalır bu gerçəyi “böyük bacı” Fransanın da dərk və qəbul eləməsi. Ümid edək ki, Prezidentin 15 oktyabr Xankəndi mesajını Paris düz oxuyacaq...
Siyasət şöbəsi,
“Yeni Müsavat”
30 Noyabr 2024
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ