İnsanlara hürriyət, millətlərə istiqlal!

Əliyev və Ərdoğan saatları tutuşdurdu - Bakıdan dəyərləndirmələr

Politoloqlar səfərin əhəmiyyətindən danışdılar: “İki qardaş ölkə yol xəritəsini cızıb...”

Martın 10-da Azərbaycan və Türkiyə prezidentlərinin Ankarada bir araya gəlməsi geosiyasi proseslərin mürəkkəb dövründə kifayət qədər əhəmiyyətli hadisə idi. “Yeni Müsavat” bildirir ki, iki qardaş ölkə liderinin 4 saatlıq görüşü zamanı əsas müzakirə mövzuları ikitərəfli əlaqələr, regional məsələlər, Zəngəzur dəhlizi və Ukrayna ilə bağlı olub.

Görüşdə Şuşa Bəyannaməsinin imzalanması və bu sənədin hər iki ölkənin parlamentində təsdiqlənməsi ilə Azərbaycan-Türkiyə qardaşlıq və dostluq münasibətlərinin müttəfiqlik əsasında daha da inkişaf etdiyi vurğulanıb. Həmçinin postmünaqişə dövründə Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşdırılmasının perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, Zəngəzur dəhlizinin açılmasının, onun region üçün yaratdığı perspektivlərin, bu xüsusda Qars-Naxçıvan dəmir yolu xəttinin çəkilməsinin əhəmiyyəti qeyd olunub.

Söhbət zamanı 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatda təsbit olunmuş bütün müddəaların Ermənistan tərəfindən icrasının vacibliyi qeyd edilib, Türkiyə və Ermənistan nümayəndə heyətlərinin təmasları mövzusunda müzakirə aparılıb. Azərbaycan ilə Türkiyə arasında enerji sahəsində əməkdaşlığa toxunulub, bu xüsusda Cənub Qaz Dəhlizinin uğurla fəaliyyət göstərdiyi qeyd olunub, bu dəhliz vasitəsilə qardaş ölkəyə və Türkiyə ərazisindən keçərək Avropaya qaz təchizatının artırılması imkanları müzakirə edilib, həmçinin İğdır-Naxçıvan qaz xəttinin çəkilməsi və bununla bağlı Azərbaycanın dövlət büdcəsində investisiyanın nəzərdə tutulduğu vurğulanıb.

Söhbət əsnasında iqtisadi-ticarət əlaqələrinin daha da genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb. Hərbi, hərbi texniki, o cümlədən hərbi təlim və tədris sahələrində əməkdaşlığın uğurla davam etdirildiyi bildirilib, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub. Görüşdə habelə Ukraynadakı vəziyyət ətrafında fikir mübadiləsi aparılıb, Türkiyə və Azərbaycanın, eyni zamanda, Prezident Ərdoğanın müharibənin tezliklə dayandırılması istiqamətindəki şəxsi səyləri yüksək qiymətləndirilib. Bu görüş həm də Rusiyanın Ukraynaya təcavüzündən sonra yaranmış böhran fonunda diqqət çəkir. Yəni Bakı və Ankara bir daha saat əqrəblərini tutuşdurmuş oldular.

Deputat Elman Nəsirov “Yeni Müsavat”a qeyd etdi ki, Azərbaycan Prezidentinin səfəri və 4 saatlıq müzakirə çox mühüm məsələlərə toxunulduğunu göstərir. Onun sözlərinə görə, dostluq və qardaşlıq, strateji müttəfiqlikdən irəli gələrək görüşdə mühüm məsələlər danışılıb. Deputat bildirdi ki, hər iki dövlətin qərarlı mövqeyi müttəfiqliyi gücləndirməkdən ibarətdir: “Bundan başqa, Antalya Diplomatik Forumu, o cümlədən Ukrayna müharibəsi fonunda iki qardaş dövlətin rəhbərlərinin görüşünün keçirilməsi son dərəcə maraqlı hadisədir. Habelə Rusiya-Ukrayna müharibəsinin tənzimlənməsində əsas vasitəçilərin Türkiyə və Azərbaycan olduğunu nəzərdən qaçırmamalıyıq”.

Deputat hesab edir ki, bu böhranın həllində Ankara və Bakı uğurlu siyasət aparır: “Hər iki ölkənin Ukrayna və Rusiya ilə yaxşı münasibətləri var. Odur ki, görüşdə Azərbaycan və Türkiyənin Ukrayna məsələsini tənzimləmə istiqamətində səylərini birləşdirməsi təşəbbüsü nəzərdən keçirilə bilər”.

Zaur Məmmədov: “Suriyada yeni vəziyyətin yaranmasının şahidi oluruq”

Zaur Məmmədov

Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədovun isə “Yeni Müsavat”a bildirdiyinə görə, görüşün 4 saat davam etməsi liderlər arasında olduqca vacib mövzuların müzakirə olunduğundan xəbər verir. Onun fikrincə, iki qardaş dövlət arasında heç bir problem yoxdur, münasibətlər artan xətt üzrə inkişaf edir, amma Cənubi Qafqaz və regionda gedən həssas proseslər bu görüşü zəruri edirdi. Z.Məmmədov Ukrayna hadisələrindən doğan təhlükəsizlik məsələləri ilə əlaqədar iki lider arasında müzakirə aparılmasını təbii sayır: “Əslində, xoş haldır ki, Azərbaycanın müttəfiqləri olan İsrail və Türkiyə bir çox ölkələrdən fərqlənərək, hərbi-siyasi bloklarda Ukrayna və Rusiya arasında dayanmadılar, əksinə, münaqişənin nizamlanması üçün əllərindən gələni etməkdədirlər. Bu baxımdan iki liderin təhlükəsizlik məsələlərini müzakirə etməsi çox mühüm idi”.

Z.Məmmədov Qarabağın dağlıq hissəsində son günlər bəzi ölkələr tərəfindən ermənilər vasitəsi ilə Azərbaycana təzyiqlər edilməsinin də müzakirə masasında olduğunu güman edir. Bundan əlavə, politoloq, dünyada neft-qaz qiymətlərinin bahalaşmasının da müzakirə predmeti olduğunu zənn edir: “Bu qiymət artımı Azərbaycana sərf etsə də, Türkiyə kimi qazdan asılı ölkələr üçün ciddi problemdir. Türkiyə daxili ehtiyaclarının 45 faizini Rusiya hesabına ödəyir. Əlbəttə ki, bu görüşdə qiymət, Azərbaycan qazının Türkiyəyə daha çox nəqli müzakirə edilib. Məlumdur ki, Avropa Komissiyası və Beynəlxalq Enerji Agentliyi rus qazından asılılığın azaldılması istiqamətində 10 bəndlik plan hazırlayıb. İkinci bənddə Azərbaycan Avropanın qaz təchizatında mühüm ölkə olaraq göstərilir”.

Ekspert həmçinin əsas məqamlardan birinin Zəngəzur dəhlizi olduğunu vurğuladı: “Koridorun Ermənistandan keçən hissəsində təhlükəsizlik Rusiyaya aid olmalıydı. Ancaq Ukrayna-Rusiya əlaqələrinin Cənubi Qafqaza təsir edəcəyini bilməliyik. Hazırda müharibə Azərbaycanın Çin və Britaniya arasında böyük ”İpək yolu" imkanlarını genişləndirir, ölkəmizin coğrafi çəkisini aktuallaşdırır". Z.Məmmədovun sözlərinə görə, belə vəziyyətdə Türkiyə-Azərbaycan münasibətlərinin inkişafı bəzi dövlətlər üçün çəkindirici haldır: “Bundan sonra Ankara və Bakı yol xəritəsini cızıb, təhlükəsizlik və iqtisadi məsələlər bağlı ciddi qərarlar verib. Artıq dünyanın geosiyasi və geoiqtisadi xəritəsi dəyişməkdədir”.

Moskva artıq “təhlükə zəngini” çalır - Asif Nərimanlı

Asif Nərimanlı

Siyasi təhlilçi Asif Nərimanlının sözlərinə görə, Əliyevlə Ərdoğanın 4 saat davam edən görüşünün üç ana gündəmi olub: “Cənubi Qafqazda postmünaqişə dövrü, Avropa bazarına qaz ixracının artırılması, Ukraynada müharibə. Rusiyanın Ukraynaya hücumundan sonra Cənubi Qafqazda, eləcə də postmünaqişə dövrünə dair razılaşmaların icrasında qeyri-müəyyənlik var: bu vəziyyətdə Bakı və Ankara razılaşmaların - 10 noyabr bəyanatının bütün bəndlərinin icrası və Zəngəzur dəhlizinin açılması - həyata keçirilməsində nələrin edilməsini, eləcə də yarana biləcək risklərə qarşı hansı addımların atılmasını müzakirə edir. İstisna deyil ki, Qarabağda atılacaq addımlarla bağlı da qərarlar verilib,” - deyə A.Nərimanlı qeyd edib.

Onun sözlərinə görə, Rusiyanın enerji resurslarına qarşı sanksiyalar Avropa bazarında qaz tələbatını artırır: “Azərbaycan qazı bu tələbatı tam ödəməsə belə, Cənub Qaz Dəhlizi vasitəsilə təchizat həcminin artırılması iki ölkənin Avropa bazarında mövqelərini möhkəmləndirə bilər. Və əsas gündəm mövzularından biri də Ukraynadır. Rusiya nə işğal hücumundan, nə də tələblərdən imtina edir. Lakin Türkiyə təmasların davam etdirilməsində israrlıdır və Ankara ilə yanaşı Bakı da bu prosesə dəstək verə bilər. Ümumilikdə Əliyevin Türkiyə səfəri iki liderin həm Cənubi Qafqaz, həm də Ukrayna üzərindən davam edən geosiyasi qarşıdurmada Bakı və Ankaranın izləyəcəyi siyasəti müəyyənləşdirmək, ”saatları yoxlamaq" məqsədi daşıyır".

Emil SALAMOĞLU
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR