Onlayn ictimai-siyasi qəzet
Erməni baş naziri Nikol Paşinyan yenə də mütəmadi olaraq Azərbaycanla sülh sazişi haqqında danışmağa başlayıb. Həm də əvvəlki dövrlərdən fərqli olaraq o, təkcə sazişin əsas maddələrinin (preambulanın və on üç maddənin!) razlılaşdırıldığını demir, eləcə də razılaşdırılmış bəndlərin əsasında artıq sülüh sazişinin imzalanmasının mümkün olduğunu da bəyan edir...
Bəs nə demək olardı bu xüsusda? Çox təəssüf ki, qalan üç və ya dörd maddə haqqında yalnız təxminlər var.
Bununla bağlı siyasi təhlilçilər müxtəlif fikir və ya mülahizələr söyləyirlər. Belə güman etmək olar ki, bunlar Minsk Qrupunun buraxılması və Azərbaycana, eləcə də qardaş Türkiyəyə qarşı ərazi iddialarına de-yure və de-fakto son qoyulması ilə bağlıdır, çünki digər mühüm məqamlar – sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı nüanslar, eləcə də kommunikasiyaların açılması ilə bağlı detallar Bakının təşəbbüsü ilə sülh sazişi ilə bağlı müzakirələrdən çıxarılıbdır ki, proses nisbətən asanlaşsın və sürətlənsin.
Düşünürük ki, sonuncu çox düzgün və məntiqli addım idi. Bəlkə də hamıdan əvvəl biz belə bir detala diqqət yetirmişdik ki, hətta dost dövlət olan Gürcüstanla bir neçə ildir ki, davam etsə də, hələ də sərhədlərin delimitasiyası və demarkasiyası başa çatmayıbdır. Ermənistana gəldikdə isə, hazırda sərhədlərin təxminən 13 kilometri razılaşdırılıbdır, amma bu ölkə ilə ümumi sərhədin min kilometrdən artıq olduğu bildirilir.
O ki qaldı kommunikasiyalar məsələsinə, xüsusən də “Zəngəzur dəhlizi”nə, o da hazırda intensiv müzakirə mərhələsindədir və onun çox tezliklə öz həllini tapacağını şəxsən biz hələ təxmin etmirik. Burada da bir neçə variant ola bilər, ən əsası isə, böyük güclərin problemə marağı prosesi bir az da çətinləşdirir, çünki məsələ az qala, geosiyasi çəkişmə predmetinə çevrilir. Odur ki, bir azca gözləmək lazım gələcəkdir, necə deyərlər, görək, nə olur...
Hələ də razılaşdırılmayan digər məqamlara gəldikdə isə, hətta Ermənistan qanunvericiliyindən Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının çıxarılmasının ləngiməsini də başa düşmək olar: bu yaxınlarda amerikalıların Ermənistanda keçirdiyi sorğularda cəmi üç faiz Nikolun konstitusiyanı dəyişməklə bağlı çağırışlarına dəstək vermişdi! Elə buna görə də güman etmək olar ki, Paşinyan bundan ehtiyat edir və bu səmtdəki hərəkətlərin 2027-ci ildən tez olmayacağını bildirir.
Amma indi Ermənistanda bu xüsusda da çalışmaların müəyyən əlamətləri sezilir və ümid etmək olar ki, nə vaxtsa, hayların da ağlı başına gələcək və onlar nəhayət, anlayacaqlar ki, bir regionda hamıya müharibə elan etməklə yaşamaq hələ heç kimə - heç bir millətə və dövlətə müyyəssər olmayıbdır və onlar öz müstəqilliklərini, heç olmasa, bir azca da artırmaq istəyirlərsə, onda Bakı və Ankara ilə dil tapmalıdırlar, xüsusən də nəzərə alanda ki, bu iki ölkə İrəvana heç də düşmənçilik bəsləmir, əksinə onlar çox pozitiv qonşuluq və əməkdaşlıq notlarına kökləniblər Ermənistana münasibətdə!..
Adamı ən çox dilxor edən digər bir məsələ - Minsk Qrupunun buraxılması ilə bağlı səylərin birləşdirilməsidir. Biz bunun sazişdə olub-olmamasını dəqiq bilmirik, amma təxmin edirik belə bir detal olmamış deyil.
Təəssüf ki, ermənilər bu məsələni də yubadırlar. Konstitusiyaya düzəlişləri başa düşdük, bəs Minsk Qrupu görən, bunların nəyinə lazımdır? Yoxsa bunlar hələ də münaqişənin bitməsilə razılaşmırlar? Bəli, məsələ elə bundadır – bu adamlar revanşist xəyallardan əl çəkmir, “bəlkə də qaytardılar!” ovqatı ilə yaşayırlar...
Bəs nə etməli? Əlbəttə ki, tələsməməli və Ermənistana qarşı təzyiqləri davam etdirməliyik.
Birincisi, artıq bir dəfə yazdığımız kimi, biz İrəvanla siyasi bəyanat yox, ciddi saziş imzalamaq istəyirik. Elə edək ki, gələcək sazişin təkcə çərçivələri qalmasın. Təsəvvür edin, pəncərəni tam sökürsünüz və onun yalnız çərçivələrini saxlayırsınız! Buna heç pəncərə demək olarmı?
İkincisi, ermənilər Minsk Qrupunun buraxılması ilə tam razılaşmalıdırlar, çünki sülh sazişi imzalamaq üçün tərəflər münaqişənin və müharibənin bitdiyini qəbul etməlidirlər.
Üçüncüsü, biz sazişi təkcə N.Paşinyanla və onun hökumətilə deyil, bütün Ermənistanla imzalayırıq və buna görə də Ermənistan tərəfindən bizə çox ciddi hüquqi-konstitusion təminatlar lazımdır ki, gələcək hakimiyyətlərin dövründə imzaladığımız bu saziş Ermənistanda “anti-konstitusion” elan olunmasın...
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ