İnsanlara hürriyət, millətlərə istiqlal!

Elçibəylə Zelenskini müqayisə edənlər - fərqlilik və oxşarlıqlar...

 

Ekspertlərdən ilginc açıqlamalar

Ukrayna müharibəsi başlayandan sonra dünyanın ən çox danışdığı adam bu ölkənin prezidenti Volodimir Zelenskidir. Onun hakimiyyətini tənqid edənlər az, öyənlər isə çoxdur. Tənqidçilər onu daha çox populist və təcrübəsiz siyasət aparmaqda ittiham edirlər, hətta Azərbaycanda bəziləri indiki Ukrayna hakimiyyətini  1992-ci ildə Xalq Cəbhəsinin idarəçiliyi ilə müqayisə edirlər.

Bu barədə uzun müddətdir ABŞ-da yaşayan politoloq Ərəstun Oruclu da danışıb. Onun dediyinə görə,  Zelenski və komandasını “tik-tok” uşağı, “KVN uşağı” adlandırmaq kimi deyimlər hamısı “5-ci kolon’’un təbliğatına uyğun fəaliyyəti möhkəmləndirmək üçündür: ”Bununla Ukraynanın dövlət və hökumət rəhbərləri haqqında qeyri-ciddi insan təəssüratı yaratmağa çalışırlar.  Guya ki, belə bir prezident olmasaydı, xalq onu seçməsəydi, hər şey başqa cür olardı. Bu, çox uğursuz taktikadır... Qaldı Zelenskinin komandasını Elçibəy hökuməti ilə müqayisə etməyə, Elçibəy hökuməti elə Zelenski kimi siyasət yürüdürdü. Və Elçibəy hakimiyyətə gələn kimi Qarabağın böyük bir hissəsi işğaldan azad edilmişdi. Sadəcə olaraq, Rusiya o zaman  Azərbaycan dövlətçiliyinin kövrək və zəif olmasından yararlanaraq ölkəmizdəki agentura şəbəkəsinin vasitəsilə əvvəlcə sabotaj edib Kəlbəcərin ermənilər tərəfindən işğalına nail oldu. Və ardınca da hərbi qiyam təşkil etdi. Ancaq Kreml bunu Ukraynada etməyə nail ola bilmədi. Çünki başqa bir dövrdür, başqa bir dönəmdir. Və Ukrayna Azərbaycan dövlətindən istənilən halda, daha güclü bir dövlətdir. Eyni zamanda əlbəttə ki, burada beynəlxalq dəstək faktorunu da nəzərdən qaçırmamalıyıq. Bu amilin böyük rolu oldu. Bəzən o görünmür, amma o da faktdır ki, hələ Rusiyanın təcavüzü ərəfəsində Ukrayna ordusunun bu qəsbkar müharibəyə qarşı hazırlanmasında Qərb, ABŞ, Avropa, NATO, o cümlədən Türkiyə faktorunun inkarolunmaz rolu var..."

Elçibəylə Zelenskini müqayisə edəndə fərqlilik və oxşarlıqlar nələrdir?

Oqtay Qasımov: “Hərəkat liderləri sırasında agentlərin olmadığını deyə  bilmərəm” - VİDEO,FOTOLAR

Oktay Qasımov

Elçibəy İnstitutunun rəhbəri, sabiq Prezident Əbülfəz Elçibəyin köməkçisi olmuş Oktay Qasımov “Yeni Müsavat”a bildirdi ki, Zelenski ilə bağlı fikirlərdə obyektiv və subyektiv faktorlar var: “Amma əsasən xüsusilə də Azərbaycan cəmiyyətində Zelenski hakimiyyətini 1992-1993-cü illər Əbülfəz Elçibəy hakimiyyəti ilə müqayisələr aparılır və qüsurlu yanaşmalar müşahidə edilir. Bu qüsurlu yanaşmalarda diqqətçəkən məqam ondan ibarətdir ki, guya hər iki hakimiyyət təcrübəsiz olduğundan və doğru siyasət yürütmədiyindən onların ölkələri belə bir təcavüzə məruz qalıblar. Bu cür fikirləri səsləndirən şəxsləri üç kateqoriyaya bölmək olar. Bunlardan birinci kateqoriya olan insanlar xüsusi bir bilgi sahibi olmadan fikir yürütməyə çalışanlardır və hər nə olursa-olsun sanki özlərini orijinal göstəməyə çalışırlar. İkinci kateqoriyadan  olanlar ümumiyyətlə, sadəlövh, bu məsələlərdən heç bir bilgisi olmayanlardır. Onlar, daha çox təbliğatın təsiri altına düşənlərdir. Üçüncülər isə əslində qərəzli və bilərəkdən bu təbliğatı aparanlardır. Bunlar ”5-ci kolon"un apardığı təbliğat ruporunun əsas vasitələridir. Təbliğatı bu cür aparırlar ki, guya o zaman Azərbaycanda Elçibəy, hazırda isə Ukraynada Zelenski olmasaydı, Rusiya bu ölkələr təcavüz təşkil etməyəcəkdi. Bu, tamamilə yanlış bir dəyərləndirmədir. Çünki Rusiya tarixini bilənlər və onun siyasətini izləyənlər dəqiq bilirlər ki, hakimiyyətdə kimin olmasından asılı olmayaraq, özünün konkret bölgələrə yönəlik siyasəti mövcuddur. Bu siyasəti həyata keçirməkdə də Rusiya davamlı olaraq fəaliyyətdədir".

O ki qaldı Əbülfəz Elçibəylə Volodimir Zelenski, həmçinin onların hakimiyyətləri arasında oxşar və fərqli cəhətlərə, Oktay Qasımov qeyd etdi ki, əlbəttə, bunları bir neçə istiqamətdə göstərmək olar: “Oxşar və fərqli cəhətlər həm Əbülfəz Elçibəy, həm də Zelenski arasında var: Bunlardan birincisi, hər iki Prezident ümumxalq səsverməsi yolu ilə demokratik seçkilər nəticəsində hakimiyyətə gəliblər. İkincisi, hər iki lider öz ölkələrində demokratik cəmiyyətin bərqərar olmasını və müasir dövlət yaradılmasını hədəfləyiblər. Hər iki lider hakimiyyətdə olduğu dövrdə ölkələri xarici təcavüzə məruz qalıb. O ki qaldı fərqli cəhətlərə, fərqli cəhətlər də var. Əvvəla, bu, Əbülfəz Elçibəyin və Volodimir Zelenskinin keçdiyi həyat yolları ilə bağlıdır. Elçibəy hakimiyyətə milli azadlıq hərəkatının lideri kimi gəlib, kommunist rejiminin Azərbaycanda yıxılması və müstəqil dövlətin qurulması üçün göstərdiyi fəaliyyət öz nəticəsini verib. Elçibəy müstəqilliyimiz rəsmi elan olunandan yarım il sonra demokratik seçkilər yolu ilə hakimiyyətə gəlib. Zelenski isə milli azadlıq hərəkatında olmayıb, Ukrayna müstəqillik qazanandan 27 il sonra-dövlət, hökumət strukturları müəyyən qədər formalaşdığı, Ukraynaya böyük beynəlxalq dəstək olduğu bir zamanda hakimiyyətə gəlib. 6 aylıq bir dövlətlə, 27 illik dövlət arasında kifayət qədər fərqlər təbii ki, olmalıdır. Elçibəy hakimiyyətə gələndə keçmiş sovet rejimindən qalmış dövlət aparatı iflic vəziyyətində, yox səviyyəsində idi. Yeni dövlət strukturları və müasir tələblərə cavab verən dövlət qurumları yaradılmalıydı ki, Elçibəy bununla məşğul olurdu. Elçibəy hakimiyyətə gələndə Azərbaycanda ordu yox idi. Baxmayaraq ki, Müdafiə Nazirliyi bir neçə ay idi yaradılmışdı, lakin ordu quruculuğu istiqamətində ciddi addımlar atılmamışdı. Əbülfəz Elçibəy hakimiyyətə gələndə rəsmi qeyd olunurdu ki, orduda156 hərbçi qeydiyyatdadır. Zelenski hakimiyyətə gələndə isə 27 il idi müstəqil olan bir dövlətin sayı yüz minlərlə ölçülən ordusu var idi. Elçibəy hakimiyyətinə beynəlxalq birlik tərəfindən ciddi dəstək verilmədi, əksinə hücumlar oldu. Zelenski hakimiyyətinə isə NATO, Avropa İttifaqı, dünyanın nəhəng dövlətləri dəstək verir. Sadalananlar və digər faktorlar göstərir ki, hər iki hakimiyyətlərin müqayisəsi kifayət qədər qüsurludur. Elçibəy hakimiyyəti ilə Zelenski hakimiyyətini müqayisə etmək 1 yaşlı uşaqla 30 yaşlı gənci müqayisə etmək kimidir”.

Anar Əliyev: “Rusiya həm region xalqlarına və dövlətlərə, həm də beynəlxalq  ictimaiyyətə göstərdi ki...” Pravda.az

Anar Əliyev

Politoloq Anar Əliyev isə bildirdi ki, müasir Ukrayna hakimiyyətini və onun yeritdiyi populist siyasəti Elçibəy və onun komandasının yeritdiyi siyasət arasında aparılan müqayisədə qüsurlu tərəflərlə yanaşı, oxşar tərəflər də mövcuddur: “Xüsusilə Zelenskinin Rusiya ilə konfrantasiyanın böyüməsi və hərbi əməliyyatların reallaşdırılması istiqamətində mümkün cəhdləri, Qərbi Avropa dövlətləri tərəfindən təhriklərə uyması səbəbindən atılan addımlar Ukraynanın düşdüyü vəziyyətdə mühüm rol oynayır. Təbii ki, Zelenski hakimiyyətə gəlməsəydi də Rusiya ilə Ukrayna arasında ciddi problemlər var idi və yaşanacaqdı. Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatlara başlamasında səbəblərdən biri populist Zelenski hakimiyyəti və onun şoumen populist davranışlarıdır. Eyni zamanda 1992-ci il Azərbaycanı ilə 2022-ci Ukraynasını həm tarixi şərait, həm də mövcud beynəlxalq vəziyyət baxımından  müqayisə etmək qüsurludur. Həmin dövrdə Azərbaycana beynəlxalq dəstək demək olar ki, yox idi. Azərbaycanın beynəlxalq birliyin hüquqi üzvünə çevrilmə prosesi belə, o zaman yekunlaşmamışdı. İndiki halda Rusiyanın yeni imperializm siyasəti və keçmiş sovet respublikalarına daha çox nəzarət etmək istəkləri Qərbi Avropa və beynəlxalq güclər tərəfindən təhdid kimi qiymələndirilir. Ona görə Zelenskiyə, Ukraynaya açıq şəkildə dəstək verilir. Elçibəyə və Azərbaycana isə bu cür dəstək verilmirdi. Ümumiyyətlə götürəndə, hesab edirəm ki, Elçibəy və Zelenski hakimiyyətlərinin müqayisəsini aparanda populizm, şou xarakterli idarəetmə, daha çox seçicinin maraqlarına, hisslərinə oynayan davranışlar baxımından oxşarlıqlar kifayət qədər çoxdur. Amma eyni zamanda dövlət idarəetməsi baxımından, dövlətin bütün maraqlarının qorunması baxımından da hər iki hakimiyyət kifayət qədər ciddi səhvlərə yol verib. Dövlət idarəetməsi populizm və şou üzərinə qurulmamalıdır. Dövlətin idarəedilməsinin və dövləti idarə edən şəxsin xüsusiyyətləri ilə bağlı tarixdə çoxlu sayda mütəfəkkirlər tərəfindən kifayət qədər fikirlər səsləndirilib. Hər biri də eyni fikri bildirib ki, dövləti idarə edən şəxs soyuqqanlı, emosiyalardan uzaq, güclü siyasi iradəyə, risk etmə bacarığına sahib şəxs olmalıdır”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR