İnsanlara hürriyət, millətlərə istiqlal!

“Əgər niyyət bələdiyyələrin şəffaflığını artırmaqdırsa...” – Deputatdan təkliflər

Deputat Elçin Mirzəbəyli Milli Məclisdə müzakirəyə çıxarılan bələdiyyələrlə bağlı qanun layihəsi barədə çıxış edib.

Musavat.com-un xəbərinə görə, deputat bildirib ki, müzakirəyə çıxarılan qanun layihəsi Azərbaycanda yerli idarəetmənin rəqəmsallaşdırılması və bələdiyyələrin fəaliyyətində şəffaflığın artırılması baxımından mütərəqqi sənəddir:

“Bu xüsusda, bələdiyyələrin vahid informasiya sisteminin yaradılması ideyasını da konseptual kontekstdə, eləcə də texniki və inzibati səmərəlilik baxımından faydalı yanaşma kimi qəbul etmək olar. Lakin bu təşəbbüsə yalnız texniki həll kimi deyil, həm də hüquqi və institusional baxımdan yanaşma da zəruridir. Çünki yerli özünüidarəetmə sistemində hər hansı bir dəyişiklik onun hüquqi statusuna, idarəetmə muxtariyyətinə və maliyyə sərbəstliyinə birbaşa təsir göstərə bilər”.

MİRZEBEY.jpeg (77 KB)

E.Mirzəbəyli konkret müddəalara diqqət çəkib:

“Layihədə “Bələdiyyələrin statusu haqqında” Qanunun 10-cu maddəsinə təklif edilən “Bələdiyyələrin vahid informasiya sistemi” adlı əlavədə qeyd olunur ki, yerli büdcələrin gəlirlərinin və xərclərinin uçotunun çevik və effektiv təşkili, vahid və aktual informasiya bazasının yaradılması məqsədilə “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Qanunun 7-ci maddəsinə uyğun olaraq vahid informasiya sistemi yaradılır.

Daha sonra 10-2.2-ci maddədə isə bildirilir ki, bu sistem “dövlət informasiya sistemi” statusuna malikdir”.

Deputat xatırladıb ki, istinad edilən 7-ci maddədə bələdiyyələrin birgə fəaliyyəti nəzərdə tutulur:

“Orada qeyd olunur ki, bələdiyyələrin birgə fəaliyyəti onların qərarına əsasən, qarşılıqlı razılaşma və müqavilə çərçivəsində həyata keçirilir. Müqavilədə isə fəaliyyətin sahələri, maliyyələşdirmə qaydaları, müddətlər və digər şərtlər göstərilir.

Göründüyü kimi, bu müddəanın hüquqi məntiqinə əsaslanaraq bələdiyyələrin birgə qərarı əsasında ortaq tədbirlərin həyata keçirilməsi, o cümlədən informasiya sisteminin yaradılması mümkündür. Lakin bu halda həmin sistem dövlət informasiya sistemi deyil, bələdiyyələrin ortaq mülkiyyətində olan informasiya sistemi kimi təsbit olunmalıdır. Burada ya istinad uyğun deyil, ya da təqdim edilən əsaslandırma hüquqi baxımdan ziddiyyətlidir.

Həmçinin təklif olunan qanun layihəsində göstərilir ki, bu informasiya sisteminin yaradılması və saxlanılması bələdiyyələrin yerli büdcəsi hesabına, özü də “əsasnamə ilə müəyyən olunmuş həcmdə” həyata keçiriləcək.

Halbuki, “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin maliyyələşməsinin əsasları haqqında” qanunlara əsasən, büdcənin formalaşdırılması və xərclənməsi yalnız bələdiyyə üzvlərinin qərarı ilə mümkündür. Yəni büdcənin sərəncamçısı və məsrəf prioritetlərini müəyyən edən yeganə orqan bələdiyyənin özüdür. Bu baxımdan, bələdiyyə üzvlərinin iradəsindən kənar, hüquqi-normativ müddəa şəklində bələdiyyələrin üzərinə maliyyə öhdəliyinin qoyulmasının bələdiyyələrin səlahiyyətinə zidd olduğunu düşünürəm.

Azərbaycan Respublikası Konstitusiyasının IX fəslində, xüsusilə 142, 143 və 144-cü maddələrdə bələdiyyələrin hüquqi statusu, müstəqilliyi və səlahiyyətləri təsbit olunur. Əgər bələdiyyələr informasiya sisteminin iştirakçısı olmaqla yanaşı, onun maliyyə yükünü də daşımağa məcbur edilirsə və bu sistemlə bağlı məlumat dövriyyəsinin şərtləri icra hakimiyyəti tərəfindən müəyyən olunursa, bu artıq Konstitusiyanın müvafiq normaları ilə uyğunlaşmır.

Fikrimcə, bu məsələyə daha funksional, lakin hüquqi çərçivəni qoruyan yanaşma mümkündür:

“Dövlət informasiya sistemi” anlayışı daha neytral və məqsədyönlü şəkildə - məsələn, “bələdiyyələrin ortaq informasiya sistemi” və ya “bələdiyyələrin şəffaflıq platforması” kimi də təqdim oluna bilər.

İnformasiya sisteminin saxlanması üçün yerli büdcədən vəsaitin ayrılması isə, qnunvericiliyin tələblərinə uyğun olaraq, yalnız bələdiyyənin öz qərarı ilə həyata keçirilməli, dövlət isə bu prosesdə əlaqələndirici və texniki dəstək verən tərəf kimi çıxış etməlidir.

Qanun layihəsi, mahiyyət etibarilə mühüm hədəfə – şəffaflığın təmin olunmasına xidmət edir. Lakin bu hədəfə hüquqi balans pozulmadan, Konstitusiya və mövcud hüquqi-normativ aktlar çərçivəsində də nail olmaq mümkündür.

Əgər niyyət bələdiyyələrin şəffaflığını artırmaqdırsa – şübhə etmirəm ki, bu belədir – bunu onların müstəqilliyini məhdudlaşdırmadan da həyata keçirmək olar. Bu səbəbdən qanun layihəsinin konseptual məqsədini dəstəkləməklə yanaşı, onun hüquqi mexanizmlərinin ikinci oxunuşadək təkmilləşdirilməsinin zəruri olduğunu yüksək diqqətinizə çatdırmaq istəyirəm”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 May 2025

BÜTÜN XƏBƏRLƏR