Onlayn ictimai-siyasi qəzet
“Ermənistan baş naziri öz xarici siyasətində iki stolda oturmaq taktikasindan istifadə edir. İqtisadi cəhətdən Rusiya ilə əməkdaşlıq, siyasi cəhətdən Avropa ilə əlaqələri inkişaf etdirmək. Bu da Brüssel tərəfindən normal qəbul edilmir”.
Siyasi şərhçi Məhəmməd Əsədullazadə bunu Musavat.com-a açıqlamasında deyib.
Ekspert qeyd edib ki, Ermənistan parlamenti Avropa İttifaqına üzvlüklə bağlı qətnaməni qəbul etməsinə baxmayaraq, Qərbin İrəvana iqtisadi və lazımı siyasi dəstək verməməsi Nikol Paşinyanı seçkiöncəsi Moskvaya yaxınlaşmağa sövq edib: “Nikol Paşinyanın 9 may paradında iştirakı Kremli seçkiöncəsi ona dəstək verməsinə hesablanıb. Amma Paşinyan anti-Rusiya mövqeyinə malikdir və onun parada getməsi son saatlarda qəbul edilib. Çünki parlament sədri Alen Simonyan Nikol Paşinyanın COVID olacağı və parada gedə bilməyəcəyi mesajını vermişdi. Göründüyü kimi, son anda qərar dəyişib”.
M.Əsədullazadə xatırlatdı ki, digər tərəfdən Rusiya aktiv şəkildə müxalifəti dəstəkləyir:
“Nikol Paşinyan bundan narahatdır. Robert Köçəryan və Serj Sərkisyan kifayət qədər fəallaşıb və Moskvaya boylanırlar. Belə olan təqdirdə Nikol Paşinyan onları neytrallaşdırmaq üçün seçkilərə qədər Moskva ilə problemlərə getməyəcək. Təbii ki, bu siyasətə Brüsseldə sərt yanaşacaqlar. Nikol Paşinyanın hər fəslə uyğun siyasətini dəyişməsi, Brüsselin ona davamlı dəstəyini kəsə bilər. Rusiya Paşinyana etibar etmir. Çünki onun fəaliyyəti Rusiyaya qarşı fokuslanıb. Düşünürəm ki, Nikol Paşinyan Rusiya ilə manevr edir. Seçkidən sonra yenidən anti-Rusiya mövqeyinə keçəcək. Hazırda iki stolda oturmaq taktikası onun qeyri-ciddi siyasi fiqur kimi xarakterizə edilməsinə gətirib çıxarır. Ya Moskva ilə tərəfdaş olacaqsan, ya da Brüssellə. Yaxud müstəqil siyasət ortaya qoyacaqsan. Bunların heç biri Paşinyanda yoxdur. Ona görə də Moskva Paşinyandan konkret mövqe tələb edəcək. Rusiya və Brüssel var-gəl siyasətini qəbul etməyəcək”.
Ekspert hesab edir ki, N. Paşinyan Rusiya və Avropa arasında sendvic olub: “ABŞ isə Ermənistanı unudub. İki ölkə arasında strateji tərəfdaşlıq xartiyası kağız üzərindədir. Yaxınlaşan parlament seçkiləri Nikol Paşinyan üçün çətin keçəcək. Əgər Ermənistan rəhbərliyi bu kimi problemlərlə üzləşmək istəmirsə, Azərbaycan və Türkiyə ilə əlaqələri bərpa etməlidir”.
ELŞAD,
Musavat.com
14 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ