Onlayn ictimai-siyasi qəzet
Prezident İlham Əliyevin mayın 26-da imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamı Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən icra olunub.
Musavat.com xəbər verir ki, sərəncamın icrası Ombudsman aparatının, dövlət qurumlarının, ədliyyə nazirinin yanında fəaliyyət göstərən İctimai Komitənin, habelə kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə həyata keçirilib.
Ədliyyə Nazirliyinin və Penitensiar Xidmətin məsul əməkdaşları məhkumların saxlanıldıqları cəzaçəkmə müəssisələrində olub, Sərəncamın vaxtında icrasını təmin ediblər.
Prezident tərəfindən əfv olunmuş şəxslər Penitensiar Xidmətin tabeliyindəki 10, 11, 6, 2 saylı və digər cəzaçəkmə müəssisələrindən azadlığa buraxılıblar. Bununla əlaqədar keçirilən tədbirlərdə çıxış edənlər əfv olunan şəxslərin bu humanist aktdan düzgün nəticə çıxaracaqlarını, Azərbaycan dövlətinin qanunlarına əməl edəcəklərinə və cəmiyyətimiz üçün bundan sonra faydalı vətəndaş olacaqlarına əminliklərini bildiriblər.
Penitensiar Xidmətin rəhbərliyi cəzaçəkmə müəssisələrində əfv edilmiş şəxslərə azad olunmaları barədə buraxılış vərəqələrini təqdim edib.
Azadlığa çıxan şəxslər və onları qarşılamağa gəlmiş ailə üzvləri, yaxınları göstərdiyi humanistliyə görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
***
Əfv Sərəncamının icrasına başlanılıb.
Musavat.com xəbər verir ki, əfvin icrası Penitensiar Xidmət müəssisələrində, İcra və Probasiya xidmətlərində həyata keçirilir.
Qeyd edək ki, Prezident İlham Əliyevin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı ilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 175 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.
Sərəncama əsasən, 25 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və cəzası şərti tətbiq edilmiş 1 nəfər, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzalarının çəkilməsi təxirə salınmış 2 nəfər cəzadan azad edilib.
Bundan başqa, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 10 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 2 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, islah işləri cəzasına məhkum edilmiş 4 nəfər cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum edilmiş 1 nəfər cəzadan azad edilib.
Şahanə Rəhimli
Musavat.com
30 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ