İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda hərbi paradın aparıcısı kim olsun? - təklif və mübahisə

Məlum olduğu kimi, gələn ayın 8-də Bakıda 44 günlük Vətən müharibəsindəki tarixi qələbənin 5-ci ildönümü münasibətilə təntənəli Zəfər paradı keçiriləcək. Hələ tədbirə bir ay qalmış sosial şəbəkələrdə paradla bağlı müzakirələr başlayıb. Yəni “Paradın aparıcısı kim olmalıdır?” sualı ətrafında cəmiyyət iki yerə bölünüb.

Xatırladaq ki, indiyədək keçirilən hərbi paradlarda mikrofon arxasında Abdulla Qurbani dayanıb. Onun səsi illərdir dövlət tədbirlərinin, rəsmi mərasimlərin ayrılmaz hissəsi kimi tanınır. Lakin bu dəfə çoxları hesab edir ki, artıq həmin ənənə dəyişməlidir. Xüsusilə gənc izləyicilər bildirirlər ki, Zəfər paradı sıradan bir rəsmi mərasim deyil, xalqın ruhunu, döyüş əzmini, qələbə sevincini əks etdirən simvolik hadisədir.

İstifadəçilərin əksəriyyəti təklif edir ki, bu dəfə paradda Şəmistan Əlizamanlı səhnəyə çıxmalıdır. Onların fikrincə, məhz Şəmistan Əlizamanlının səsi Azərbaycan əsgərinin döyüş ruhu ilə birləşib - “Qalx ayağa, Azərbaycan!”, “Əsgər marşı”, “Ana yurdum” kimi mahnılarla bir nəsil böyüyüb.

Təbii ki, bu təkliflər birmənalı qarşılanmayıb. Bir qrup bildirir ki, Abdulla Qurbani artıq bu sahənin peşəkarıdır və hərbi paradın texniki tələblərini, ritmini, protokol qaydalarını mükəmməl bilir.

Beləliklə, Zəfər paradı yaxınlaşdıqca “səhnədə kim danışacaq - Qurbani, yoxsa Əlizamanlı?” sualı ətrafında gərgin müzakirələr davam edir. Sosial şəbəkələrdəki tendensiya isə artıq aydındır: cəmiyyət bu dəfə səsi hərbi ruhla birləşən, xalqın sevdiyi Şəmistan Əlizamanlını görmək istəyir. Qeyd olunur ki, paradda aparıcılığı öz əzəmətli səsi ilə Şəmistan Əlizamanlı aparsa, parad daha möhtəşəm təsir bağışlayar.

Məsələ ilə bağlı hərbi ekspert Emin Həsənli “Yeni Müsavat”a açıqlamasında bildirib: “Məlum olduğu kimi, parad birbaşa Ali Baş Komandanın rəhbərliyi altında keçirilir. Əlbəttə, insanların arzu və istəkləri başadüşüləndir. Hər bir şəxsin, o cümlədən hərbi ekspertlərin, ehtiyatda olan zabitlərin, qazilərin bu barədə fikrini bildirməsi tamamilə normaldır. Amma sonda, təbii ki, qərarı bu məsələyə cavabdeh olan qurumlar və şəxslər verəcəklər.

O ki qaldı mənim şəxsi fikrimə, təbii ki, mən Şəmistan Əlizamanlının aparıcı olmasını istərdim. Şəmistan həm I, həm də II Qarabağ müharibəsində xidmətlər göstərib, bir çox tədbirləri aparıb və iştirak edib. Kifayət qədər peşəkardır və biz onun da bu paradda iştirakını arzulayırıq. Amma bir daha qeyd edirəm ki, yekun qərar parad rəhbərliyinə məxsusdur".

Rey Kərimoğlu: Bəzən ağıla gəlməyən yerlərdə də minalara rast gəlinir -  AZƏRTAC

Rey Kərimoğlu

Qarabağ qazisi, Qaziler.az saytının baş redaktoru Rey Kərimoğlu bildirib ki, hər dəfə parad günü yaxınlaşanda aparıcının kim olacağı ilə bağlı cəmiyyətdə ciddi müzakirələr başlayır: “İndiyə qədər həmişə Ramiz Mehdiyevin təşəbbüsü ilə paradda aparıcılıq onun yerlisi Abdulla Qurbaniyə həvalə olunub. Mənim Abdulla Qurbani ilə şəxsi münasibətim yoxdur, ona düşmən də deyiləm. Sadəcə, onun səsi parad üçün deyil. Ermənilər də bunu lağa qoyur, paraddan onun səsi ilə olan hissələri paylaşaraq gülürlər.

Ali Baş Komandanımız böyük müharibənin qalib sərkərdəsidir, amma indi hər işi də o görməli deyil ki. Bu işlə məşğul olanlar aparıcı məsələsini ciddi şəkildə nəzərə almalıdırlar. Təəssüf ki, illərdir bu çağırışlara qulaq asmırlar.

Biz Şəmistan Əlizamanlını çox yaxşı tanıyırıq və bilirik ki, əgər paradı o apararsa, tədbir tam fərqli, möhtəşəm bir səviyyədə keçəcək. Onun səsi, xarizması, zabit kimi davranışı, milli ruhu tam fərqlidir. “Cənab leytenant” mahnısını onun səsi ilə dinləyib yüzlərlə azərbaycanlı gənc zabit, hərbçi olmağa qərar verib. Onların arasında bu gün generallar, polkovniklər, milli qəhrəmanlar, Vətən müharibəsi qəhrəmanları var. Elə bir insan niyə paradda aparıcı olmasın?!

Şəxsən mən çox istərdim ki, builki paradın möhtəşəmliyinə Şəmistan Əlizamanlının səsi daha bir zirvə qatını əlavə etsin. Bu işlə məşğul olan insanlara müraciət edirəm: qoyun, paradı Şəmistan Əlizamanlı aparsın!"

Şəmistan Əlizamanlı Afrin əməliyyatına mahnı həsr etdi — Video

Şəmistan Əlizamanlı

Məsələ ilə bağlı Şəmistan Əlizamanlının da mövqeyini öyrəndik. O, hələ ki paradda aparıcı olmağı ilə bağlı heç bir təklif almadığını dedi: “Əlbəttə, əgər belə bir təklif olsa, böyük məmnuniyyətlə o paradı hərbi diktor kimi aparardım. Bu, mənim üçün böyük fəxr olardı. Amma hesab edirəm ki, burada əsas məsələ paradın keçirilməsidir. Ordumuz möhtəşəm bir qələbə qazanıb. Bu Qələbə paradı xalqımız üçün böyük sevincdir, şəhidlərimizin də ruhu şad olardı. Bu, dünya miqyasında analoqu olmayan bir qələbədir. Cəmi 44 gün ərzində ordumuz işğal altında olan torpaqlarımızı azad edib. Bir daha qeyd edirəm ki, əsas odur parad keçirilsin; aparıcısının kim olmasından asılı olmayaraq.

Mən 1992-ci ildə Müdafiə Nazirliyində hərbi diktor fəaliyyətə başlamışam. O illərdən yaddaşlarda qalmışam. Hər axşam AzTV və dövlət radiosu vasitəsilə cəbhə bölgəsindəki vəziyyəti xalqa çatdırırdım. O vaxt özəl televiziyalar yox idi, yalnız bir televiziya vasitəsilə məlumat verilirdi. Yəni xalqın yaddaşında mən məhz o illərin hərbi diktoru kimi qalmışam.

1993-cü ildən isə hərbi mahnılar yazmağa başladım. İlk olaraq “İgid əsgər, möhkəm dayan” mahnısını ifa etdim. O dövrdə belə mahnılara böyük ehtiyac var idi, çünki biz yeni müstəqil dövlət olmuşduq və ordunu ruhlandıracaq əsərlər yox idi. Hərbi mahnılar orduya hava-su kimi lazım idi və bu iş mənim bəxtimə, qismətimə düşdü. “İgid əsgər, möhkəm dayan” mahnısı çox böyük rezonans doğurdu, mətbuat bundan yazdı, xalqımız da sevinclə qarşıladı.

Sonrakı illərdə yeni mahnılar yazmağa davam etdim - “Cənab leytenant”, “Əsgər, Vətən əmanəti”, “Birinci batalyon”, “Qalx ayağa, Azərbaycan” və digər mahnılar xalqın yaddaşında dərin iz qoydu. Mənim hərbi diktor kimi fəaliyyətim, həm də bu mahnılar vasitəsilə orduya mənəvi dəstəyim yaddaşlarda qalmaqdadır.

Yəqin ki, insanlarımız da bütün bunları nəzərə alaraq, mənim paradın aparıcısı olmağımı arzulayırlar. Sağ olsunlar ki, məni yada salırlar".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR