İnsanlara hürriyət, millətlərə istiqlal!

Efir səfehliyinin zirzəmi səviyyəsi

 

Yaxşı ki, bu Feysbuk var, bu olandan sonra telekanallara baxmağa ehtiyac yoxdur, efirlərdə nə qədər düşüklüklər, əttökən epizodlar olursa, hamısının 1-2 dəqiqəlik fraqmentlərini kəsib yerləşdirirlər bura, baxır, agah, feyziyab və qəzəbnak oluruq.

Fraqment paylaşmaq işini bəzən bədxahlar edirlər ki, hansısa telekanalı gözdən salsınlar, bəzən də telekanalın işçiləri öz reklamları üçün edirlər. Bu ölkədə çoxdan belə bir söhbət var ki, anti-reklam da bir reklamdır. Hesab olunur ki, qoy adamın yeddi arxa dönəninin ismi-şərifini hallandırsınlar, amma populyarlığı artsın.

Dünən adı çəkilən sosial şəbəkədə qəfildən qarşıma bir video çıxdı. Telekanal efirinə qonaq çağrılmış müğənni Xalidin təxminən 25 gün əvvəl çəkilmiş videosuydu. O, telekanalın efirində məşhur “Dəlalım” türk mahnısını oxumağa başlamışdı. Müğənni bir ağız, iki misra oxudu, elə təzəcə “Bu sevdalar boşuna le, bu sevdalar boşuna” demişdi ki, efirdən səs xırp kəsildi. Aparıcılar məzələnməyə başladılar. Biri dedi: “Oxuduğun elə bura qədər idi?” O biri əlavə etdi: “Bura qədər yazdırmışdın?”

Studiyanı irişmə və hırıltı sədaları bürüyüncə müğənni Xalid bunun məzələnmək məqsədilə təşkil edildiyini, bununla süni qalmaqal qayırıb özlərinə reytinq yığmaq istədiklərini anladı və sakitcə, təmkinli, amma incik şəkildə studiyanı tərk etdi. Aparıcılardan biri onun dalınca “indi bir az bədən yığmısan, gəl, biz döy” deyə səsləndi. Əslində o adam döyülməyi haqq edirdi. Amma müğənni qardaş nə geri döndü, nə kimisə döydü, nə də ağır söz dedi. Eləcə, çıxıb getdi.

Aparıcılar isə bu rüsvayçılığın xəcalətini çəkmək əvəzinə “gedir, getsin dəə”, - deyə reaksiya verdilər və guya, məzəli və ibrətamiz bir şey olubmuş kimi lağlağı modunda söhbətlərini davam etdirdilər.

İndi bu nə deməkdir? Bunun adı biabırçılıqdan başqa bir şey deyil. Bu adamlar hesab edirlər ki, süni qalmaqallarla, şit-şit söhbətlərlə, səy-səy şərhlərlə, düşük-düşük, qurama-qurama epizodlarla tamaşaçı auditoriyası toplaya biləcəklər.

Reytinq marafonunda yüksək səviyyə göstərib zirvəyə qalxmaqdansa, gündən-günə daha səviyyəsiz şeylərlə dibə gedirlər. Bundan əvvəl plintus və palaz səviyyəsinə düşmək tendensiyası vardı, indi ondan da aşağı, zirzəmi səviyyəsinə enirlər.

Artıq efirdə şpaqat açmaqla, eşşək pozası alaraq arvadı belində oturtmaqla, bir neçə həyasızı studiyaya dəvət edib saçyoldusuna çıxarmaqla reytinq yığmaq olmur, yeni-yeni sarsaqlıqlar düşünmək lazımdır. Tərs kimi, kəsə yolla auditoriya toplamaq istəyən televiziyaçıların buna da fantaziyası çatmır. Eləcə, başqa ölkələrdə sınaqdan keçirilmiş şou-mouları pis şəkildə təqlid edirlər.

Yuxarılardan imkan vermirlər, yoxsa bunlar bəzi Avropa ölkələrində olduğu kimi, 20 gənc oğlan-qızı bir evə doldurub mazaqlaşmalarını, intim söhbətlərini, yatıb-durmalarını lentə alar, efirə verər, reytinq rekordu qırarlar. Millət də oturub baxar. Neynəsin? Ekranda nəyi göstərirlər, camaat da ona baxır. Bir zamanlar “Heyvandarlıq zərbəçi cəbhədir” rubrikasında eyzən sağıcıların fədakar və şərəfli əməyindən bəhs edən süjetlərə necə baxırdılar, eləcə. Variant yox idi.

İndi variant var. Bir-birindən pis variantlar çoxdur. Tamaşaçılar da artıq “kim daha çox səfehlik edir” axtarışındadır. Maşallah, darıxmağa imkan yoxdur. Həci və sponsor tapmaq, yaxşı toy tutmaq, lüks maşın almaq kimi aktual söhbətlər, əndamlar və əzalar nümayişi efirlərin bəzəyidir.

Amma bu hələ son deyil. Tamaşaçılar daha nələr görəcəklər. Efirdə dombalaq aşanlar olacaq. Yüngülbeyinli sənət adamlarından birini efirə qırmızı güllü şortikdə gətirəcək, sonra bu mövzuda ümummilli polemika başladacaqlar, sənətçi qadınlar bir-birinin oynaşının baş hərfini deyəcək, tamaşaçıları “görən o kim olar” sualının cavab variantları üzərində düşündürəcəklər, Musa və Təranə kimi yalandan uşaq əkib-doğanlar olacaq.

Bir sözlə, eybəcərlik və iyrənclik böyüdükcə böyüyəcək. Amma elə çıxmasın ki, camaat axırda bezəcək, ellikcə televizora baxmağa söyüş qoyacaq. Elə şey olmayacaq. Belə səfehliklərin auditoriyası həmişə geniş olur. Xalqa ortaya qoyub danışdırmağa, oynatmağa dəli-dülü lazımdır.

P.S. Müğənni Xalid kimi özünə hörmət edən sənətçilər isə efirlərdən perik düşəcəklər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR