İnsanlara hürriyət, millətlərə istiqlal!

ƏDƏBİ VƏ ƏBƏDİ MÜRACİƏT - Mir Şahinin yazısı

Özünü şair, yazıçı, rejissor, bəstəkar və s. hesab edənlərə...

…Mən bir dəfə bu mövzuya efirdə toxunmuşam: Azərbaycanın Tarixi qələbəsi niyə yazıçı və şairlərimizi, mədəniyyət və incəsənət xadimlərimizi (mən “xədimlərimizi” nəzərə almıram) ruhlandırmır, onlara şəhidlərimizin amalına, qazilərimizin əməlinə layiq olmağa nə mane olur?

… Axı kim deyib ki, Xalqın öz ərazi bütövlüyünü təmin etməsi, Şuşa başda olmaqla Qarabağı azad etməsi boyda ZƏFƏR yalnız gələcəyin, 20-30, 40-50 il bundan sonranın yazı mövzusu olmalıdır? Nə səfeh məntiqdir bu: gərək üstündən 10 illər keçə… Əsl Əsər o zaman yaranacaq. Kim deyib bunu? Bu nə VAR sistemidi belə? Sonradan saymaq!?! Oyun oynayırıq?

…Niyə Qarabağda-az qala Əsrin Tikintisini, özü də təkbaşına, kənardan bir sent də almadan aparan, Livan boyda bir ərazini yenidən quran, yaradan dövlətin məşğul əl-ayağından sallanaraq özünə Şabranda-Şüvəlanda Yaradıcılıq Evi (oxu: bağ evi, “daça” da demək olar) istəyən qələm adamlarımız heç olmasa bircə dəfə hökumətə müraciət etmirlər ki, onlara işğaldan azad edilmiş ərazilərdə, məhz xarabalıqlar arasında, dağıntılar içində bir vaqon, bir konteyner, bir çadır ayrılsın. Yazıçı və şairlər o vaqonda, o konteynerdə, o çadırda Yaradıcılıq Növbətçiliyinə çıxsınlar. Faciələrimizin, yıxılmış evlərimizin, dağıdılmış insan talelərinin, hər bir xaraba-mənzilin,uçuq divarların, bu tikililərin arasında qalmış köhnə ev əşyalarının, oyun nakamı olmuş oyuncaqların tarixçəsini yazsınlar. Niyə yazmırlar? Niyə Xalqın Qələbəsini Nümayişkaranə şəkildə TANIMIRLAR? Məhz TANIMIRLAR!!! Niyə?

Hanı bizim İvan Ayvazovskimiz? Axı o bu saat yalnız Azadlıq Ərazilərimizin xarabalıqlarını kətana köçürməklə məşğul ola və təkcə elə o dəhşətli mənzərələrlə tarixdə qala bilərdi.

Təsəvvür edin: Böyük bir meydan və Ermənistan Vəhşiliyinin əks olunduğu 100-lərlə xaraba rəsminin sərgisi: hər bir rəsm də fərqli. Amma eyni məzmunda! Lap Ayvazovskinin dənizdən bəhs edən əsərləri kimi! Hər biri “Doqquzuncu val”-a bərabər!

Hanı bizim Qarabağda, məhz orda hər gün, hər saat nota köçürülən Dağıntı-Xarabalıq simfoniyamız? Mən uçuq evlərin fonunda çəkilən həvəskar klipləri nəzərdə tutmuram. Bax, Bethoven, Mosart, Üzeyir Hacıbəyovcasına bəstələnən böyük əsərləri nəzərdə tuturam! Axı bizdə Bəstəkarlar var! İttifaqları var!

Qarabağın azad edilməsi, Azərbaycanın Ərazi bütövlüyünün təmin edilməsi niyə belə mədəni iqnora məruz qoyulur? “Biz sifarişlə yazmırıq deyən” “yaradıcı”lar, vicdanlarınızdan soruşun, görün niyə Sizə belə sifarişlər vermirlər? Niyə susurlar?

Bu qədər seriallar çəkilir. Niyə heç bir serialda təsadüfən də olsa, Şuşadan, Zəngilandan kimsə zəng vurmur, ya da hansısa babanın meyidi Daşaltıdan tapılmır? Yaxud canı cəhənnəm, qatil Zəngilanda yaxalanmır? Yəni qəhrəmanlardan birinin mənzilində heç olmazsa divardan şəhid şəkli də boylana bilməz? Bunlar cəmiyyətə subliminal mesajlardı axı. Yoxsa belə epizodların ssenariyə salınmasına görə də Mədəniyyət Nazirliyi “müəlliflərə” vəsait istəməlidir dövlətdən?

Yazıçı və şairlərimizin bir qrupu bioloji ömrü ilə barışıb qocalmaqla, bir başqa qrupu sosial şəbəkələrdə küllənməklə, 3-cü qrupu oxucularla görüşlərdə “gül-bülbül” mövzusu çeynəməklə məşğuldur. Niyə özünüzü ədəbi yaradıcılıq meydanında süni oyundankənar vəziyyətdə qoyursunuz?-sualı verəndə də ağız-ağıza verib sənin yanınca yüyürürlər. Ta o yerə qədər ki, görürlər sən Qarabağa gedirsən, ya da karvanın Şərqi Zəngəzuradır. Və… qayıdırlar geri. Sənin növbəti cəhdinə qədər.

Amma bu—-düz deyil!
Bu yol düz deyil!

Yaxşı tutaq ki, həqiqəti yazmağa həvəsiniz yoxdur, onda barı nağıl yazın. Məsələn belə…

“Can nənə, bir nağıl de!”

 

Mir Şahin Ağayev, 

"Real TV"nin baş direktoru

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR