İnsanlara hürriyət, millətlərə istiqlal!

Düşmənə göz dağı milli PUA-larımız

Yerli dron istehsalı nə yerdə? Hərbi ekspert: “Azərbaycanda dron sürülərinin istehsalı da həyata keçirilməkdədir...” 

Qazaxıstan Çin şirkəti ilə birlikdə dron istehsalına başlayıb. Musavat.com Astana TV-yə istinadla xəbər verir ki, Petropavlovsk ağır maşınqayırma zavodunda yığılan 4 növ dron artıq ictimaiyyətə təqdim olunub.

Zavodda ümumilikdə 27 növ mülki və hərbi məqsədli pilotsuz uçuş aparatının istehsalı planlaşdırılır. Zavodun direktor müavini Timur Nukerey bildirib ki, Orta Asiya ölkələri arasında yalnız Qazaxıstanın dron istehsal etmək imkanı var. Təqdim edilən 4 növ dronun hissələri Çindən gətirilərək Qazaxıstanda yığılıb. Onlar 7 km yüksəkliyə qalxaraq 100 km məsafəni qət edə bilirlər.

Zavod rəsmisinin dediyinə görə, yaxın gələcəkdə dronların istehsalında 50 yerli materialdan istifadə olunacaq.

Bəs Azərbaycanda bu sahədə vəziyyət necədir? Türkiyə və İsraillə birgə dron (PUA) istehsalı, hərbi əməkdaşlıq nə yerdədir? Keyfiyyət və qiymət baxımından Qazaxıstan dronlarından nə ilə fərqlənir? Ordumuzun arsenalında kifayət qədər zərbə dronları, PUA-lar necə, varmı? Ermənistanın hazırda nə qədər dronu var və hara istehsallıdır - İran, yoxsa Hindistan?   

Ramil Məmmədli: “Azərbaycan ordusu nəzarət imkanlarını gücləndirdi”  Pravda.az

Ramil Məmmədli 

Hərbi ekspert Ramil Məmmədli “Yeni Müsavat”a deyib ki, son 20 il ərzində dünya hərbi texnologiyaları sahəsində PUA-lardan istifadə edilməyə başlayıb: “PUA-lardan ilk olaraq İraq müharibəsi zamanı istifadə edilib. Həmin zaman PUA-lardan əsasən müşahidə-kəşfiyyat məqsədilə istifadə edildi. Sonrakı dövrdə İsrail bu sahədə bir sıra yeniliklərə imza ata bildi. Israil ”Heron", “Hermes-450" və  ”Hermes-900" dronlarını istehsal etməklə bu sahədə yeniliklərə imza atdı. Bu dronlar daha yüksəklikdə uça bilən, hədəfi 15000-18000 metrdən müşahidə edə bildilər. Bundan sonra İsrail bir qədər də irəli getdi, “Arbitr” dronlarını istehsal etməyə başladı. Bu PUA-lar sonradan Azərbaycanda İsraillə müştərək şəkildə reallaşdırıldı, istehsalı başladı.

2005-ci ildə Azərbaycanda Müdafiə Sənayesi Nazirliyi yaradıldı və müdafiə sənayesi sektorunda bir sıra sıçrayışlar oldu. Bu sıçrayışlar daha çox PUA sahəsi ilə bağlı idi. 2008-2012-ci illərdə Azərbaycanda “AZAD” şirkəti yaradıldı və bu şirkətdə “Arbitr-1", ”Arbitr-2", “Arbitr-3" PUA-larının istehsalı həyata keçirilməyə başladı.  ”Arbitr-3" PUA-sı artıq kamikadze PUA-sı kimi istehsal olunur. Hər bir istehsal olunan PUA müşahidə-kəşfiyyat təyinatlıdır. Digər yerli istehsal olan PUA-lar kimi, “Arbitr-3" PUA-sı da - ”İtiqovan" adı ilə tanınır və 2014-cü ildən Azərbaycan ordusunun sərəncamındadırlar".

Hərbi ekspert bildirib ki, bu gün Azərbaycanda özəl şirkətlər də müxtəlif təyinatlı PUA istehsalı ilə məşğuldurlar: “Kvadrokopterlərin, mərmi daşıyan PUA-ların yaradılması həyata keçirilir. 2022-ci ildə Azərbaycanda həyata keçirilən ”ADEX" müdafiə sənayesi sərgisində qeyd olunan PUA-lar nümayiş etdirilib: “Türkiyə bu sahədə çox ciddi uğurlara imza atıb. Bu istiqamətdə ilk işləri İsrail və Kanada ilə həyata keçirilib. Sonradan Türkiyənin yerli şirkətləri bu istiqamətdə müstəqil addımlar atmağa başladılar. ”Baykar" şirkətinin istehsalı olan PUA-lar bu gün dünyada öncül yerləri tutur. Keçmiş postsovet məkanında Azərbaycan PUA sahəsi üzrə öncüllərdəndir. Rusiya son illərdə addımlar atmağa başlayıb. Rusiya ötən illər ərzində daha çox strateji silahların yaradılması ilə məşğul olub və PUA istehsalına o qədər də maraq göstərmirdi.

Lakin 2-ci Qarabağ müharibəsindən sonra vəziyyət dəyişib, indi Rusiya da PUA istehsalı ilə məşğuldur. Ermənistana gəlincə isə “Krunk” adlı PUA istehsal edirdilər. O qədər də uğurlu bir PUA istehsal edə bilmədilər. 2-ci Qarabağ müharibəsindən sonra Hindistanla bu sahədə satınalma müqaviləsi bağladılar. Bu gün Hindistandan “Arçer” adlı PUA-lar alırlar. Müharibədəki uğursuzluqlarını bu şəkildə aradan qaldırmağa çalışır. Amma bir məqamı da unutmaq lazım deyil, əgər virus varsa, antivirus da var. PUA-larla yanaşı, artıq anti-PUA-lar da var. Hazırda bu məqsədlə Radio Elektron Mübarizə (REM) sistemlərindən istifadə edilir. Lakin bu gün Böyük Britaniya, Almaniya, Fransa, ABŞ, İsrail şirkətləri qrup şəkilində istifadə oluna biləcək anti-PUA sistemlərini yaradıblar. Düşünürəm ki, qarşıdakı illərdə Azərbaycanda bu tipli məhsullar da geniş auditoriyaya təqdim ediləcək".

Hərbi ekspert deyir ki, Azərbaycanda dron sürülərinin istehsalı da həyata keçirilməkdədir: “Azərbaycan bu sahədə də düşmən ölkədən xeyli irəlidədir. Erməninstan satınalmalara pul xərclədiyi zamanda Azərbaycanda PUA və dronların kütləvi istehsalı gerçəkləşdirilməkdədir”.

Qeyd edək ki, Azərbaycanda “Qırğı”, “Quzğun” kamikadze dronları da istehsal olunur. Bu dronlar həm kəşfiyyat, həm də zərbə endirmək qabiliyyətinə malikdir. Yerli kamikadze dronları ilə yanaşı, “Qartal” və “Şahin” bombaatan dronları da yüksək döyüş qabiliyyətinə malikdir. “Qartal” 81 mm-lik, “Şahin” isə 60 mm-lik minaatan sursatı daşıyır və həmin sursatları hədəfə ata bilir. Azərbaycanda “Simurq” döyüş dronu da istehsal edilən hərbi məhsullar sırasında yer alır. Həmin dronlar Bakıda ötən il keçirilən “ADEX-2022" müdafiə sərgisində nümayiş etdirilmişdi.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR