Onlayn ictimai-siyasi qəzet
Dünyanın maliyyə və biznes mərkəzi olan “The City of London”da “Sıfır emissiya məqsədinə çatmaq” (Net Zero Delivery Summit) mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, “The City of London”un meri Maykl Maynellinin ev sahibliyi ilə keçirilən, Britaniyanın və dünyanın aparıcı iqlim mütəxəssislərinin iştirak etdiyi tədbirdə iqlim keçidinin maliyyələşməsi, xüsusən özəl sektordan dayanıqlı maliyyələşmənin cəlb edilməsi, adaptasiyanın maliyyələşdirilməsi, yaşıl texnologiyaların rolu, karbon bazarları, təbiət və bio-müxtəliflik kimi məsələlər müzakirə edilib. Həmçinin, Dubayda keçirilən COP28-dən Azərbaycanın ev sahibliyi ilə keçiriləcək COP29-a gedən yolda əməkdaşlığın əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb. Tədbir zamanı xüsusən iqlim fəaliyyətinin maliyyələşdirilməsi məsələsində vacib irəliləyişin əldə edilməsi baxımından Azərbaycanda keçiriləcək COP29-un həlledici rola malik olduğu vurğulanıb.
Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov konfransda çıxış edərək ölkəmizin COP29-a dair baxışları və hazırlıqları barədə danışıb. Səfir qeyd edib ki, Azərbaycan üzərinə düşən məsuliyyəti başa düşür və bütün tərəfləri dinləyərək qlobal istiləşmənin qarşısının alınması naminə uğurlu COP tədbiri keçirmək üçün əlindən gələni edəcək. Elin Süleymanov Azərbaycanda keçiriləcək COP tədbirində danışıqların vacib istiqamətlərindən birinin maliyyələşməyə həsr ediləcəyini və bu məqsədə nail olunması üçün dövlətlərin, beynəlxalq maliyyə institutlarının, özəl sektor və xeyriyyə qurumlarının hər birinin prosesdə iştirakının təşviq ediləcəyini deyib.
Çıxışında Elin Süleymanov iqlim danışıqlarında davamlılığın təmin edilməsi məqsədilə Azərbaycanın Şimal-Cənub, Şərq-Qərb arasında etimadın bərpa edilməsində körpü rolunu oynayacağını, eləcə də iqlim dəyişikliyindən ən çox əziyyət çəkən kiçik ada dövlətlərinin səsinin eşidilməsinə töhfə vermək niyyətində olmasından bəhs edib.
2025-ci ildə COP30 tədbirinə ev sahibliyi edəcək Braziliyanın Britaniyadakı səfiri də konfransda iştirak edib. O bildirib ki, Azərbaycanda keçiriləcək COP29 tədbirinin uğurla keçməsi Braziliyadakı tədbirin də uğurla nəticələnməsi üçün həlledici rola malik olacaq.
2021-ci ildə Qlazqo şəhərində keçirilən COP26-nın prezidenti olmuş Sir Alok Şarma öz çıxışında qeyd edib ki, qlobal istiləşmənin qarşısının alınması baxımından hər bir COP tədbiri vacibdir. O, beynəlxalq iqlim ictimaiyyətini Azərbaycanda keçiriləcək COP29-a dəstək verməyə çağırıb.
Millətlər Birliyi Təşkilatının (Commonwealth) Baş katibi Baronessa Patrisia Skotland da konfransda çıxış edərək iqlim dəyişikliyinin ağır fəsadları nəticəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin həyati təhlükə ilə qarşı-qarşıya olduğunu deyib. O, dövlətləri və bütün maraqlı tərəfləri iqlim fəaliyyəti və ambisiyalarını gücləndirməyə dəvət edib.
Tədbirdə iştirak çərçivəsində səfir Elin Süleymanovla “The City of London”un meri Maykl Maynelli ilə təkbətək görüş keçirib.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ