İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyada baş verən ən güclü zəlzələlər – SİYAHI

Xəbər verdiyimiz kimi, ötən gün Tailandda və Myanmada güclü zəlzələ baş verib.

Banqkokda zəlzələ nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb, həmçinin 16 nəfərin yaralandığı, 101 nəfərin isə itkin düşdüyü bildirilir. Myanmada isə güclü zəlzələ 1000 nəfərin ölümünə, 2300-dən çox insanın yaralanmasına səbəb olub.

Musavat.com tarixin ən güclü, dağıdıcı və öldürücü zəlzələlərinin siyahısını təqdim edir:

Sumatra (İndoneziya) müasir tarixdə ən çox can alan zəlzələ olub. Hind okeanında 26 dekabr 2004-cü ildə baş vermiş sualtı zəlzələnin gücü müxtəlif cür qiymətləndirilir. Lakin əksər ekspertlər onun maqnitudasının 9,1-9,3 bal arasında dəyişdiyini bildirirlər. Buna görə də Hind okeanındakı zəlzələ tarixində ən güclü üç zəlzələdən biridir.

Seysmik hadisənin episentri Sumatra adası yaxınlığında olub. Zəlzələnin gücü coğrafi mənada görünməmiş bir hadisə idi. Litosfer tavaları təxminən 1600 kilometr ərazi üzərində hərəkət edərək Hindistan Tavası Hind-Çin yarımadası ilə toqquşdu.

İNDO.jpg (227 KB)

Zəlzələnin yaratdığı 15 metrlik sunami Tailand, İndoneziya, Şri-Lanka, Hindistanın cənubu sahillərinə çatdı. Bu güclü dalğa çox böyük ziyan vurdu və çoxlu sayda insanın ölümünə səbəb oldu. Ölənlərin çoxu sadəcə Tailand, İndoneziya və Şri-Lanka kurortlarında dincələn, ölüm təhlükəsindən xəbərsiz olan insanlar idi. Çimərlikdə istirahət edən insanları dalğa bir anda yuyub apardı və 300 mindən çox insanın həyatına son qoyub.

Növbəti güclü zəlzələ 2010-cu il yanvarın 12-də Haiti Respublikasında baş verib. İlk təkanın gücü 7 bal olub. Teorik olaraq, seysmik cəhətdən təhlükəli hesab edilən bölgələrdə evlər zəlzələyə tab gətirmək üçün xüsusi olaraq tikilir. Ancaq Haitidə bu fərqli olub, burada bir çox ev bir zərbə üçün belə, nəzərdə tutulmayıbmış. Nəticədə bu fəlakət zamanı 222 570 nəfərin öldüyü rəsmən açıqlandı.

22 may 1960-cı ildə Çilidə baş vermiş Böyük Çili zəlzələsi (və ya Valdiv zəlzələsi) bəşəriyyət tarixində ən güclü zəlzələ hesab olunur.

Seysmik hadisənin maqnitudası 9,5 bal olub. Zəlzələnin episentri Valdivia (Santyaqonun cənubunda yerləşən Çili şəhəri) yaxınlığında olub. Əsas zərbə 6000-ə yaxın insanın həyatına son qoyub və 100 min çililini didərgin salıb.

Son 100 ilin ən güclü zəlzələlərindən biri 2011-ci il mayın 11-də Yaponiya sahillərində baş verən silsilə təkanlar hesab olunur. Onlardan ən güclüsü arxipelaqın sahilindən 72 km aralıda, 30 km dərinlikdə qeydə alınan 9 bal gücündə olub. Təxminən 6 dəqiqə davam edib və hündürlüyü 40 metrdən çox olan sunamiyə səbəb olub.

Ən dağıdıcı üçüncü zəlzələ də Asiya-Sakit okean regionunda – Çində baş verib.

2008-ci il mayın 12-nə keçən gecə mərkəzi Sıçuan əyalətində 19 kilometr dərinlikdə 8 bal gücündə zəlzələ baş verib. Fəlakət nəticəsində, müxtəlif mənbələrə görə, 5 milyondan 11 milyona qədər çinli evsiz qalıb. 69 195 nəfər ölüb, 374 643 nəfər yaralanıb, 18 mindən çox insan itkin düşmüş hesab olunur.

Türkiyədə baş verən və əsrin fəlakəti adlandırılan Kahramanmaraş zəlzələsində 53 mindən çox insan həyatını itirib.

kahraman.png (1.26 MB)

2023-cü il fevralın 6-da ölkənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə zəlzələlər baş verdi. Yeraltı təkanlar ölkənin 11 əyalətində və qonşu dövlətlərdə hiss olundu. Türkiyə hakimiyyəti zəlzələni "əsrin fəlakəti” adlandırır. Bir neçə saat ara ilə sadəcə 105 saniyə davam edən iki zəlzələ nəticəsində 53 537 nəfər həlak oldu, 107 213 nəfər isə müxtəlif xəsarətlər aldı. Yeraltı təkanlar zamanı 39 minə yaxın bina dağılıb. Bunlardan 26 minində axtarış-xilasetmə işləri aparılıb. Ölənlər arasında 4 azərbaycanlı tələbə də var idi.

Azərbaycanda ən dəhşətli zəlzələlərdən biri də Gəncədə olub. Tarixçilərin yazdığına görə, yeraltı təkanlar o qədər güclü olub ki, nəticədə Kəpəz dağı uçub, Ağsu çayının məcrasını kəsib. Nəticədə burada 8 göl yaranıb. Bu faciə 30 sentyabr 1139-cu ildə baş verib, 230 minə yaxın insanın həyatına son qoyub.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Aprel 2025

31 Mart 2025

BÜTÜN XƏBƏRLƏR