Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda əhalinin banklara olan borcu artır və bununla yanaşı, vaxtı keçmiş kreditlərin həcmi də böyüməkdədir. 2025-ci il avqustun 1-nə olan məlumata görə, problemli kreditlərin məbləği 529,4 milyon manat təşkil edib. Bu, ilin əvvəlinə nisbətən 17,9 faiz və ya 80,3 milyon manat çoxdur. Son bir ildə isə artım 16,7 faiz - 75,7 milyon manat olub.
Rəqəmlər ilk baxışdan narahatedici təsir bağışlasa da, ekspertlər hesab edir ki, problemli kreditlərin həcminin artması onların sürətlə çoxaldığı anlamına gəlmir. Bank-maliyyə eksperti Əkrəm Həsənov bildirir ki, əsas səbəb ölkədə iqtisadi aktivliyin zəifləməsidir. Qiymətlərin artması fonunda vətəndaşların gəlirləri azalır, xərcləri yüksəlir, sahibkarların isə qazancı əvvəlki səviyyədə deyil.
Nəticədə həm biznes, həm də adi vətəndaş üçün borc öhdəliklərinin yerinə yetirilməsi çətinləşir. Digər iqtisadçılar da əmək bazarında qeyri-müəyyənliklərin, inflyasiya təzyiqlərinin kreditlərin qaytarılmasına mane olduğunu xüsusi vurğulayırlar. Əvvəlki illərin statistikasına nəzər salanda görünür ki, problemli kreditlərin payı indiki qədər olmayıb. 2024-cü ilin sonuna göstərici 1,5-2 faiz aralığında dəyişirdi. Yəni son illərdə ciddi yaxşılaşma müşahidə olunsa da, 2025-ci ilin əvvəllərindən etibarən azalma tendensiyası dayanıb və yenidən artım müşahidə edilir.
Natiq Cəfərli
İqtisadçı Natiq Cəfərli “Yeni Müsavat”a bildirib ki, təhlükəli hədd problemli kreditlərin ümumi kredit portfelində xüsusi çəkisinin 3 faizi keçəndə baş verir. Onun sözlərinə görə indiki halda bu rəqəm kredit portfelində 2 faizdir: “Hazırda ən böyük problem ondan ibarətdir ki, problemli kreditlərin həcmi hər ay artır. Bu, çox təhlükəli tendensiyadır. Bunun da əsas səbəbi istehlak kreditləridir. İstehlak kreditləri həddindən artıq çoxdur. Vətəndaşlar gəlirləri az olduğu üçün daima istehlak kreditlərinə meyilli olurlar. Elə insan var ki, bir neçə banka borcludur. Sadaladıqlarım nəticə etibarı ilə problemli kreditlərin həcminin artmasına səbəb olan amillərdir. Mərkəzi Bank bu yaxınlarda istehlak kreditləri ilə bağlı müəyyən məhdudlaşdırıcı qərarlar verdi. Bu məhdudlaşdırma da ondan ibarət idi ki, vətəndaş aylıq gəlirinin 5 mislindən artıq istehlak krediti götürə bilməz. Məsələn, şəxs 1000 manat maaş alırsa, ona 5 mindən artıq istehlak krediti verilə bilməz. Lakin belə tədbirləri çıxış yolu hesab edə bilmərik. Çünki Azərbaycan iqtisadiyyatında məişət texnikası, mebel və bu tipli istehlak kreditlərinə yönəlik satışın həcmi də məhz kreditə bağlıdır. Belə çıxır ki, istehlak kreditinin məbləği azalarsa, ticarət şəbəkələrində dövriyyə azala bilər.
İstənilən halda problemli kreditlərin həcminin hər ay artması təhlükəli tendensiyadır. Bunun məhdudlaşdırıcı və inzibati tədbirlərlə qarşısının alınması bir müddət sonra effekt verə bilər, lakin problemi həll etməz. Əsas məsələ odur ki, vətəndaşların gəlirləri artsın. Vətəndaşların gəlirləri artdıqca kredit borclarını normal qarşılayacaqlar, həm də, ümumiyyətlə, kreditə müraciət etməyəcəklər. Azərbaycanda orta aylıq əməkhaqqının, ümumiyyətlə, gəlirlərin artması üçün hökumət daha çox iş görməlidir. Çünki problemli kreditlərin həcmində istehlak kreditləri üstünlük təşkil edir. Bu da sadə vətəndaşların borclarını ödəyə bilməməsi ilə bağlıdır".
Xalid Kərimli
İqtisadçı Xalid Kərimli qəzetə açıqlamasında deyib ki, banklar da problemli kreditlərin artmasının qarşısını almağa çalışır. Onun sözlərinə görə, nisbi göstəricilərə baxanda kredit portfellərinin strukturu pisləşib: “Lakin bu hələ həyəcan təbili çalmağa əsas vermir. Bir neçə il öncə ilə müqayisədə kifayət qədər yaxşıdır. Bankların özləri də problemli kreditlərin olmamasına çalışırlar. Onlar vətəndaşa kredit verərkən, riskləri nəzərə alırlar və buna görə faizlər də yüksək olur. 2023-cü illə müqayisədə kreditlərdə 3 faizdən çox yüksəlmə var. Faiz dərəcələrinin yüksəlməsi və kredit şərtlərinin çətinləşməsi kreditlərin geri qaytarılmasına mənfi təsir göstərən amillərdəndir. Mərkəzi Bank borc-gəlir nisbəti müəyyənləşdirib. Belə ki, vətəndaşın borc ödənişi onun gəlirinin 45 faizindən çox olmamalıdır. Kredit kartlarına da limitlər qoyulub. Rəsmi əməkhaqqının 5 mislindən çox olmayaraq kredit götürə bilərlər. Hələlik riskli səviyyə olmadığına görə bunu idarə edirlər”.
Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”
02 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ