İnsanlara hürriyət, millətlərə istiqlal!

Kiber müharibə göylərdə: Rusiya mülki təyyarələri hədəfə alır

Ötən gün dünya mediasında şok effekti yaradan xəbər yayıldı: Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenin təyyarəsi Bolqarıstan üzərində uçarkən kiber hücuma məruz qalıb. Təyyarə Plovdiv şəhərinə eniş edərkən qəfil GPS siqnalının sıradan çıxması pilotları çaşqın vəziyyətə salıb. Onlar müasir naviqasiya sistemlərindən məhrum qalaraq, məcburiyyət qarşısında kağız xəritələrə və köhnə analoq cihazlara müraciət ediblər.

Ekspertlər dərhal ehtimalı səsləndirdilər: bu hadisə təsadüf deyil, “GPS jamming” – peyk siqnallarını pozmaq texnologiyasının tətbiqidir. Əvvəllər yalnız hərbi əməliyyatlarda istifadə olunan bu metod indi Rusiyanın mülki aviasiyaya qarşı da silah kimi işə salındığını göstərir. Nəticə isə dəhşətlidir: təyyarələr, gəmilər və hətta adi vətəndaşların avtomobil naviqasiya sistemləri belə bir anda “kor” ola bilər.

Avropa rəsmiləri baş verəni sıradan nasazlıq yox, açıq şəkildə kiber hücum və siyasi mesaj kimi qiymətləndirirlər. Ursula von der Leyenin son aylarda Ukraynaya dəstək səfərləri, NATO ilə birgə təhlükəsizlik təşəbbüsləri və Aİ-nin müdafiə gücünü artırmaq barədə bəyanatları Moskvanı narazı salırdı. Bu hadisə isə Kreml tərəfindən “səssiz xəbərdarlıq” kimi oxunur.

Bəs digər dövlət başçıları üçün risk varmı?

Səlahiyyətli qurumlar bu məsələni araşdırıb doğru bir qərar verəcəklər” — Osman  Gündüz

 Osman Gündüz 

Musavat.com bildirir ki, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz suala bu cür cavab verib:
"Bəli, birmənalı digər dövlət başçıları üçün də risk var.

GPS pozuntuları son illər Baltik dənizi və Şərqi Avropada artıb. Hər bir dövlət başçısının, eləcə də kommersiya reyslərinin belə hücuma məruz qalması mümkündür.

Xatırlatmaq yerinə düşər ki, Azərbaycanın sərnişin təyyarəsi Rusiya tərəfindən vurulduğu anda ölkə Prezidenti İlham Əliyevi daşıyan Bort N1 -in də havada olduğu bildirilib.

Bu fakt və baş verənlər göstərir ki, dövlət başçılarının, dünya liderlərinin təhlükəsizliyi üçün risklər hədsiz çoxalıb. Müasir dövrdə bu risklərin miqyası daha da genişlənib – artıq yalnız raket və ya fiziki hücum deyil, peyk sistemlərinin, GPS siqnallarının pozulması kimi görünməz kiber hücumlar da dünya prezidentləri üçün, eləcə də digər yüksək vəzifəli şəxslərin həyatı üçün ciddi təhlükə yaradır.

Ümid edirəm təhlükəsizliyə cavabdeh qurumlarımız da baş verənlərin, artan risklərin fərqindədir".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR