İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünya miqrantların başına dar edilib, Azərbaycanda vəziyyət necədir?

Ekspertlər deyir ki, ölkəmizdə miqrantların sayı artıb, qeyri-qanuni yaşayanlar isə...

ABŞ və Rusiyada başlanmış antimiqrant kampaniyası bütün şiddəti ilə davam edərkən, bənzər xəbərlər Avropanın bəzi ölkələrindən də gəlir. Hətta uzun illərdir dünyada hər bir ölkədən daha çox miqrant qəbul edən və öz içində barındıran Almaniya da sığınacaq verməyə layiq görmədiyi miqrantları qrup-qrup öz ölkəsinə göndərir.

Bu günlərdə isə Qazaxıstanda miqrantlara qarşı reyd keçirilib və ölkədə qalma müddətini keçən 2,5 min əcnəbi aşkarlanıb. Daha 2,5 min nəfərin isə Qazaxıstanda qeyri-qanuni fəaliyyət göstərdiyi məlum olub. Bu şəxslərinin əksəriyyətinin Qazaxıstanla qonşu ölkələrdən olduğu, lakin əməliyyat zamanı Banqladeş, Misir, İtaliya, Nigeriya və Madaqaskardan olan qeyri-qanuni mühacirlərin də müəyyən edildiyi bildirilir.

Maraqlıdır, bəs Azərbaycanda durum necədir? Dövlət Miqrasiya Xidməti qanunsuz miqrantlara qarşı tədbirlər görürmü? İndiyə qədər ölkəmizdə nə qədər qanunsuz miqrant aşkarlanıb və deportasiya edilib?

Qeyd edək ki, Azərbaycan coğrafi mövqeyinə görə həm tranzit, həm də qəbul edən ölkə statusundadır. Buraya əsasən Asiya və Afrika ölkələrindən, həmçinin region ölkələrindən miqrantlar gəlir. Bəziləri ölkəmizə işləmək, bəziləri isə başqa ölkəyə keçmək məqsədilə daxil olur. Bu səbəbdən Azərbaycan da qeyri-qanuni miqrasiyaya qarşı mütəmadi tədbirlər görür. Dövlət Miqrasiya Xidməti (DMX) qeyri-qanuni miqrasiyanın qarşısını almaq məqsədilə mütəmadi monitorinqlər, reydlər və yoxlamalar həyata keçirir. Xidmət həmçinin ölkədə qalma müddətini keçmiş şəxsləri, vizasız rejimi pozanları, icazəsiz işləyən əcnəbiləri müəyyənləşdirir və onlara qarşı qanunvericiliyə uyğun tədbirlər görür.

DMX-nin 2024-cü ilin yekunlarına dair məlumatına görə, ilin əvvəlindən etibarən 2000-dən çox qanunsuz miqrant aşkarlanıb. Onlardan bir hissəsi cərimələnib, digər hissəsi isə deportasiya edilib.

Ən çox qanunsuz miqrantlar Pakistan, Hindistan, Banqladeş, Nigeriya, Türkiyə və Orta Asiya ölkələrindən olan şəxslərdir. Qanunsuz miqrantlarla bağlı əsas tədbirlər isə bunlar göstərilir: qalma müddəti bitmiş şəxslərin ölkədən çıxarılması; qanunsuz əmək fəaliyyəti ilə məşğul olanlara qarşı cərimələrin tətbiqi; miqrasiya qanunvericiliyinin pozulmasına görə inzibati məsuliyyətin gücləndirilməsi.

Sahib Məmmədov: "Təxribatları təşkil edən qüvvələr bilirdilər ki..."

 Sahib Məmmədov 

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Rusiya və digər ölkələrin etdikləri dəyişikliklər Azərbaycanın miqrasiya qanunvericiliyində əvvəlcədən də mövcud idi. Nə Rusiya, nə ABŞ, nə də adıçəkilən digər ölkələr BMT-nin əmək miqrantları, onların ailə üzvlərinin müdafiəsi haqqında konvensiyaya qoşulmayıblar. Amma Azərbaycan qoşulan ölkələrdəndir. Söhbət əmək miqrantlarından gedirsə, Azərbaycanın qanunvericiliyində onsuz da ölkəmizdə iş icazəsi alınması prosesi kifayət qədər mürəkkəbdir. Dövlət Miqrasiya Xidmətində şəffaflıq təmin edilib, müraciət elektronlaşıb, qanunvericiliklə nəzərdə tutulmuş müddətlərdə cavab verilir, amma qanunvericiliyin özündə mürəkkəbliklər var. Birincisi, ölkəmizə gəlmək üçün viza olan ölkələrdən əmək vizası alıb gəlmək lazımdır. Əmək miqrantı əvvəlcədən hara gəldiyini, kimlə işləyəcəyini bilməlidir. İş icazəsini isə o özü yox, işəgötürən onun üçün alacaq. İşəgötürən də onu almaq üçün ƏƏSMN-in müəyyən etdiyi kvota çərçivəsində etməlidir. Orada təqribən 8-9 min iş yerindən söhbət gedir və yalnız Azərbaycan vətəndaşlarının iddia etmədiyi işlərə daxil olmağa icazə verilir. Əgər işəgötürən əmək müqaviləsini pozarsa, həmin şəxs 10 iş günü müddətində ölkəni tərk etməlidir”.

Ekspert əlavə edib ki,  əcnəbilərin Azərbaycanda qalmasının 3 şərti var. Müvəqqəti olma 90 günə qədərdir, müvəqqəti yaşama 1-2 il ola bilər, daimi yaşama isə 5 il müddətinə müəyyən olunur. Daimi yaşama əldə edənlər artıq siyasi hüquqlar istisna olmaqla, bütün digər hüquqlardan istifadə edə bilərlər.

QHT liderləri Parlament seçkilərində - Azər Allahverənov

 Azər Allahverənov

“Avrasiya miqrasiya təşəbbüsləri platforması” İctimai Birliyinin sədri, deputat Azər Allahverənov “Yeni Müsavat”a deyib ki, Azərbaycanda miqrantların qanunsuz əsaslarla aşkar olunması ilə bağlı zəruri tədbirlər həyata keçirilir: “Xüsusilə pandemiyadan sonra ölkə ərazisində miqrantların sayında artım müşahidə edilib. Yalnız qeydiyyata alınma ilə bağlı edilən müraciətlər 378307 nəfər olub. Nəzərə alınmalıdır ki, miqrantların sayında artım olduqda bu, qeyri-qanuni miqrasiya ilə bağlı statistik rəqəmlərdə də özünü göstərir. 2024-cü ildə 22 min 345 nəfər əcnəbinin ölkə ərazisində qanunsuz yaşaması, fəaliyyət göstərməsi aşkarlanıb və qanuna uyğun olaraq qərarlar verilib. İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərinin pozulmasına görə ölkə hüdudlarından kənara çıxarılmamaqla bağlı qəbul edilmiş qərarların sayı 10973 olub. Yəni miqrantların leqallaşdırılması ilə bağlı zəruri addımlar atılır. Ölkə ərazisində yaşamalarını qanuniləşdirmə barədə 5583 müraciət olub. Bu statistik rəqəmlərin hamısı 2024-cü ilə aiddir”.

Afaq MİRAYİQ,
Yeni Müsavat

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Mart 2025

BÜTÜN XƏBƏRLƏR