İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünya liderlərinin Azərbaycan Prezidentinə diqqət və hörmətinin Münxen zirvəsi- Fotolar

 
Azərbaycan Prezidenti İlham Əliyev 60-cı Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün fevralın 16-dan Münxen şəhərində səfərdədir. 
 
Azərbaycan bu platformada müntəzəm iştirak edir, ölkə başçısı konfrans çərçivəsində reallaşan müxtəlif tədbirlərdə, görüşlərdə açıq, demokratik, səmimi çıxışları ilə qlobal və regional təhlükəsizlik məsələləri ətrafında fikirlərini bölüşür, təkliflərini səsləndirir, rəylərini bildirir. Ali məqsəd dünyanı narahat edən problemlərin həllinə dəstək göstərmək, ehtiyacı olanlara kömək əli uzatamaq, dünyavi sülhün bərqərar olmasına töhvə verməkdir. İlham Əliyev bu həqiqətin xəritəsini fevralın 14-də keçirilən andiçmə mərasimində söylədiyi konseptual nitqin təqdimatında yeni dövrün şərtlərinə uyğun əlavələrlə çəkib.
 
Seçkidə xalqın ən yükəsək səviyyədə etimadını qazanaraq növbəti dəfə prezident seçilən İlham Əliyev cəmi iki gün sonra ilk xarici səfəri əsnasında dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, özəl sektorun nümayəndələrinin böyük diqqət və hörmətilə qarşılandı. 
 
Qarşı tərəfin müraciətinə əsasən İtaliyanın “Leonardo” şirkətinin baş həmdirektoru Lorenzo Mariani, ATƏT-in fəaliyyətdə olan sədri İan Borq, Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Odil Reno-Basso, ABŞ Prezidentinin qlobal infrastruktur və enerji təhlükəsizliyi üzrə xüsusi koordinatoru Amos Hoxşteyn, Almaniya Bundestaqının Xristian-Demokrat/Xristian-Sosialist İttifaqı fraksiyasının xarici, təhlükəsizlik və müdafiə siyasəti üzrə sədr müavini, Almaniya-Cənubi Qafqaz parlament qrupunun sədri Yohan David Vadeful, İsrail Prezidenti İsxak Hersoq, Almaniyanın Şərqi Biznes Assosiasiyasının icraçı direktoru Mixael Harms, Türkiyə xarici işlər naziri Hakan Fidan, ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsi Con Kerri, İraq Kürdüstan Regionunun Başçısı Neçirvan Bərzani, “Indra” şirkətinin prezidenti Mark Tomas Murtra, Almaniya Kansleri Olaf Şolts, Ukrayna Prezidenti Volodimir Zelenski, ABŞ-ın Dövlət katibi Antoni Blinken, Avropa Komissiyasının Avropa Yaşıl Saziş Təşəbbüsü, təsisatlararası əlaqələr və planlaşdırma üzrə İcraçı vitse-prezidenti Maroş Şevçoviç, Banqladeş Xalq Respublikasının Baş naziri xanım Şeyx Hasina, Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir, "The Rockefeller Foundation"ın strateji kommunikasiyalar, siyasət və təbliğat üzrə baş vitse-prezidenti Eylin Okonnor ilə görüşlər Azərbaycan Prezidentinin nüfuzuna, şəxsiyyətinə, başçısı olduğu dövlətin qazandığı danılmaz müsbət imicə verilən qiymətin təzahürüdür. 
 
Prezident andiçmə mərsinində belə demişdi: 
 
- Bütün dünyaya sübut etmişik ki, böyük xalqıq.
- Dünya ictimaiyyəti bizim siyasətimizi bəyənir və dəstəkləyir.
- Yeni dövrdə xarici siyasət istiqamətində yeni üfüqlər açmalıyıq.
- Dünyanı narahat edən problemlərin həllində daha fəal olacağıq.
- Taleyimiz öz əlimizdədir, biz öz taleyimizin sahibiyik.
- Müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük nemətdir, ən böyük xoşbəxtlikdir. 
- Bundan sonra da müstəqillik və qələbələr yolu ilə gedəcəyik.
 
Bu fikirlərin müəllifi əməldə də eyni yolu nöqtə qədər tərəddüd etmədən şücaətlə addımlayırsa, Cənubi Qafqazda sülh yaratmaq bacarığını tarixə real faktlarla həkk etdirirsə, İlham Əliyevlə Münxen Təhlükəsizlik Konfransında görüşmək istəyənlərin sayı əlbəttə ki, həndəsi silsiləyə uyğun gələcək.
 
İlham Əliyev həmişə olduğu kimi, bu dəfə də dünya liderləri, aparıcı beynəlxalq təşkilatlar, nüfuzlu  tədqiqat, elm mərkəzləri rəhbərləri, tanınmış ekspertlərin toplaşdığı ən mühüm platforma kimi tanınan Münxen Təhlükəsizlik Konfransında Azərbaycanı – regionu 30 illik iflicdən əbədi qurtaran bir ölkəni, həşəmətli dövləti bütün tərəfləri ilə təqdim edir.
 
Əslində dünya Azərbaycanın hər mənada gücünə bələddir. Kainatda qaranlıq tərəfdarı olan bəzi iblis xislətli məkrli qüvvələrin dezinformasiyası çaşdırıcı mühit yaratsa belə, situasiya müvəqqəti xarakter daşıyır. Dövlət həqiqət günəşinin hər yerdən görünməsinə nail olur.    
 
Buyurun: Qlobal səviyyəli yüzlərlə beynəlxalq tədbirləri unudulmaz səviyyədə keçirən Azərbaycan bu il COP29-a ev sahibliyi edəcək. İqlim fəaliyyətini sürətləndirmək və Paris Sazişinin məqsədlərinə nail olmaq üçün keçirilən "Tərəflərin Konfransı (COP)" noyabrın 11-dən 24-dək Bakıda gerçəkləşəcək. Ölkəyə 100 minə yaxın mötəbər qonaq gələcək. 
 
Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi dövründə dünyanın müxtəlif regionlarını bir araya gətirməsi, konsensusu genişləndirməsi COP 29-un Bakıda keçirilməsinə səs verən ölkələrə nümunəydi. 
 
Cənubi Qafqaz, Xəzər dənizi, Qara dəniz, Mərkəzi Asiya, Yaxın Şərq, postsovet məkanı, Avropa və başqa regionlarla geniş əlaqələrə malik Azərbaycan bacarıqlı, etibarlı, sözü imzasına, imzası əməlinə bərabər tərəfdaş imici qazanıb. 
 
Prezident inaqurasiya mərasimində necə demişdi? Bəli: “Azərbaycan artıq lokal səviyyədə fəaliyyət göstərən dövlət deyil, dünyanın müxtəlif bölgələrində fəal tərəfdaşlığı təşviq edən, etibarlı tərəfdaş kimi qəbul olunan, dünyada qlobal problemlərin həllində fəal iştirak edən və buna əməli töhfələr verən ölkədir”. 
 
Azərbaycanın böyük potensialının dünyaya şaxələnməsinə Ermənistanın işğalçılığı imkan vermirdi. Artıq münaqişə əbədi sona çatıb, Azərbaycan ərazi bütövlüyünü təmin edib,  süvernliyinə tam şəkildə qovuşub. Mübarək hədəf dünyaya kömək etmək, ölkələrlə səmimi tərəfdaşlıq münasibəti çərçivəsində kainatı bəlalardan qurtarmağa çalışmaq, nail olmaqdır. 
 
Ceyhun Musaoğlu 
Jurnalist Ekspert Mərkəzinin sədri 

 
 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR