İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünya Azərbaycanlılarının V Qurultayının ən möhtəşəm görüntüsü

Dünya Azərbaycanlılarının V Qurultayı qələbədən sonra Şuşada keçirilən ən böyük tədbir idi. 65 ölkədən 400 nəfərin 2-3 gün qədim mədəniyyət mərkəzində olması, yerləşməsi, qurultay kimi mühüm tədbirin iştirakçısına çevrilməsi maraq və bəzən də təəccüb doğurur. Təşkilati baxımdan, eyni zamanda mahiyyət etibarilə böyük marağa səbəb olan qurultay üçün Şuşa Realnı Məktəbinin qarşısının seçilməsi xüsusi və dərin məna daşıyırdı. Xalqımızın maariflənməsində, elmə yiyələnməsində müstəsna xidmətləri olan, Azərbaycan ədəbiyyatına bir sıra məşhur yazıçılar, ədiblər bəxş edən Realnı Məktəbin Dünya Azərbaycanlılarının V Qurultayı vasitəsilə yenidən göz önünə gətirilməsi həm diasporumuza, həm də bütün dünyaya verilən ən vacib mesajlardan sayıla bilər.

“Azərbaycan müəllimi” qəzetində Şuşa Realnı Məktəbi haqqında dərc edilən yazını diqqətə çatdırmaqla bu mesajın nə qədər mühüm əhəmiyyət daşıdığına əminlik ifadə etmək olar. “Şuşanın məşhur məktəbi” adlı tarixi arayışda qeyd olunur ki, 19-cu yüzilliyin sonlarında müxtəlif sahələrdə baş verən dəyişikliklər Azərbaycanda mədəniyyətlə yanaşı maarifçiliyə də müsbət təsir göstərib: “Həmin dövrdə maarifçiliyin inkişafı nəticəsində dini təhsil sistemindən dünyəvi təhsil sisteminə keçid gücləndi. Azərbaycanda yeni tipli məktəblər meydana gəldi və inkişaf yoluna qədəm qoydu. Belə məktəblərin təsiri və maariflənmə səyləri baxımından Qarabağ bölgəsi nəinki Azərbaycanda, eləcə də Cənubi Qafqazda, demək olar ki, birinci yeri tuturdu. Bu ənənə 19-cu əsrin sonlarında daha da güclənmişdi.

1880-ci illərdə Bakıda cəmi bir real məktəb, Gəncədə bir klassik progimnaziya fəaliyyət göstərirdi. Bu isə əhalinin orta təhsilə olan ehtiyacını, sənaye və ticarətin artmaqda olan tələbini qətiyyən ödəmirdi. Şuşada bu tələb və ehtiyac özünü xüsusilə büruzə verirdi. Burada orta məktəbə olan tələbat get-gedə artırdı. Progimnaziya təsisi sahəsindəki tələbin nəticəsiz qalmasını görən şəhər əhalisi 1880-ci il iyunun 30-da Peterburqa – Qafqaz Komitəsinə müraciət edir”.

Yazıya görə, Gəncə qubernatoru Şuşa sakinlərinin təhsilə olan cidd-cəhdinə (şəhər məktəbində 400-dən artıq şagirdin oxuması bu cəhdi bir daha təsdiq edir) və ictimaiyyətin arzusuna əsaslanıb şəhərdə 6 sinifli realnı məktəb açılmasını istəyir, qeyd edir ki, şəhər ictimaiyyəti məktəbi bina ilə təmin etməyi və pulla köməyi öhdəsinə götürür:

“Məsələ öz həllini tapır və 1881-ci il sentyabrın 20-də Şuşada 6 sinifli Realnı Məktəbin əsası qoyulur. Hazırlıq və üç əsas sinifdən ibarət təşkil olunan məktəbə ilk dəfə 159 şagird qəbul edilir.

Şuşa Realnı Məktəbdə tanınmış maarifçilər Haşım bəy Vəzirov, Mirzə Salah bəy Zöhrabbəyov, Yusif bəy Məlikhaqnəzərov dərs deyib. Əslən şuşalı olan şəxsiyyətlərin hər biri ən savadlı, sayılıb-seçilən insanlar olub. Məsələn, görkəmli pedaqoq Mirzə Salah bəy Zöhrabbəyov Fransada və Rusiyada təhsil almış görkəmli ziyalılardan idi.

Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının məzunu olan Yusif bəy Məlikhaqnəzərov müəllim, eyni zamanda aktyor və rejissor kimi məşhur idi.

Pedaqoq, publisist, tərcüməçi, jurnalist, yazıçı və naşir kimi tanınan Haşım bəy Vəzirov Şuşada müsəlman-rus məktəbi yaradılanda bu məktəbə direktor vəzifəsinə dəvət edilir. Məktəbdə işləməklə bərabər şəhər bələdiyyə idarəsinə qlasnı seçilir. Bundan başqa, o, Şuşa Realnı Məktəbinin hazırlıq sinfində ana dilindən dərs deyirdi.

Burada təhsil almış şagirdlər də sonradan məşhur şəxslər kimi tanınıblar. Məktəbin yetirmələri olan Əbdüləli bəy Muxtarov, Həsən bəy Bağırbəyov, İsmayıl bəy Şəfibəyov, Muxtar bəy Muradov, Yusif Vəzir Çəmənzəminli, Əbdürrəhim bəy Haqverdiyev, Qara bəy Əliverdilər, Cabbar bəy Vəlibəyov, Rüstəm bəy Axundov, Xan Şuşinski fəaliyyətləri ilə dövrlərinin ən parlaq şəxsiyyətləri kimi yadda qalıblar.

Öz missiyasını uğurla həyata keçirən, xalqın maariflənməsi, elmə yiyələnməsi işində müstəsna xidmətləri olan, Azərbaycan ədəbiyyatına bir sıra məşhur yazıçılar, ədiblər, bəxş edən Realnı Məktəbin binası sonralar bir sıra təhsil müəssisələrinin fəaliyyət göstərməsi üçün gözəl məkana çevrilib. Şuşanın qədim tikililərindən sayılan təhsil ocağının binasında 1960-cı ilədək Şuşa Pedaqoji Texnikumu, 1960-cı ildən 1989-cu ilədək riyaziyyat təmayüllü 2 nömrəli internat məktəbi fəaliyyət göstərib.

Binanın sonuncu sakinləri Azərbaycan Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin) Şuşa filialı olub. 1992-ci ilin may ayında Şuşa şəhəri işğal edildikdən sonra erməni vandalları orada bir çox tarixi, dini yerlərimizi məhv etdi, o cümlədən Şuşa Realnı Məktəbini yandıraraq xarabazara çevirdilər”.

2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Şuşa şəhərini düşməndən azad edib. Prezident İlham Əliyev 2021-ci il yanvarın 14-də Şuşaya səfər edərkən Realnı Məktəbin dağılmış binasına da baş çəkib və onun bərpa olunacağını deyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR