Onlayn ictimai-siyasi qəzet
1 iyun uşaqların beynəlxalq müdafiə günüdür, şübhəsiz, bizim ana yurdumuzda da ən əziz bayramlardan sayılır. Hər il xalqımız yayın 1-ci günündə uşaqlarına gözəl paltarlar geyindirib milli parklara, əyləncə yerlərinə, meşə və dağlara, dəniz sahilinə gəzməyə aparır, asudə vaxtlarını səmərəli təşkil edirlər.
Bəzən 1 iyunu gözləyərkən, həsrətdən, darıxmaqdan neçə valideyn canını tapşırır. Bir az kəskin çıxsa da, deyərdim ki, 1 iyun uşaqları beynəlxalq müdafiə günü ölkəmizdə Yeni il, Novruz bayramı, Qurban bayramı, Gənclər günü, Milli Mətbuat günü qədər əziz və xoş, qiymətli və unudulmaz bayramdır. Sevindirici haldır ki, uşaqdan böyüyə, ağsaqqaldan ağbirçəyə, gəlindən kürəkənə, yeznədən bacanağa, qayınatadan qayınanaya qədər hər bir cəmiyyət üzvü 1 iyuna töhfəsini verməyə çalışır. Məsələn, 1 iyunda nəvəsini boynuna mindirib parka çıxaran ağsaqqallar vəziyyətdən o qədər məmnun olur, hətta uşaq onun boyun-boğazına kiçik ehtiyacını ödəyərsə bunu razılıqla qarşılayır. Dəfələrlə şahid olmuşam, 1 iyunda ağbirçəkli, ağzı dualı nənələrimiz nəvələrinə küçədə pişiklərin quyruğunu kuryerlərin motosikletinə bağlamağa icazə verirlər. Bu dərəcədə azad, sərbəst, demokratik nəsil yetişdirilir. Əlbəttə, Tomas Cefferson demişdir: “Ən yaxşı vətənpərvərlik fərqli düşünməkdir”.
Ta mövzü açılıbdır, bir pritça da yazıram. Deyir, bir gün siçanlar pişiyin zülmündən bezirlər, meşəyə gedib müdrik bayquşdan məsləhət istəyirlər. Bayquş deyir: “Kirpi kimi tikanlı olun. Yumşaqlıq üzündən hamı sizi yemək istəyir”. Siçanlar çox sevinir, oynaqlaşaraq evə qaçırlar, lakin yolda ağıllarına gəlir ki, kirpiyə dönməyin üsulunu bayquşdan soruşmadılar. Tez geri dönürlər, deyirlər, cənab bayquş, bəs biz necə edək kirpi kimi tikanlı olaq. Bayquş deyir: “Mən sizə ideya verdim. Necə reallaşdırmaq, sizin öz işinizdir”.
Bəli. Uşaqlar bizim gələcəyimizdir. Yeri gəlmişkən, bizdə bir təzə filosof çıxıb, bunun tərsini iddia edir. Deyir uşaqlar qələt edir, əgər valideyn qazanıb onlara yemək gətirməsə, övlad haranın zibilidir. Yaxşı, maraqlı söhbətləri var, məsələn, birində dedi ki, keçmişdə toyuğun budunu ataya verirdilər, çünki ata evin əsas qazanc gətirəni idi. İndi isə, sən demə, budu evin qız övladı yeyir, qanadı oğlan. Nəticədə oğlanlar “qaluboya”, qızlar da seks işçisinə çevrilir.
Doğrudan da, mükəmməl filosofdur. Toyuğun dümbülü - əsas mənəvi məsələ burda imiş. (Bu yerdə xatırladım ki, mən balaca olanda ən zəhləm gedən toyuq hissəsi dümbül idi, təsadüfən də həmişə hərlənib-fırlanıb məhz mənim boşqabıma düşürdü. Haydı, ateistlər, bunu izah edin!).
Həmin şanlı filosofumuzun ismi-şərifini də burda yazım, mütləq tapıb oxuyun, dinləyin: Müşfiq Ötkün. Çox ötkün insandır. Həm dini bilir, həm elmi, həm xalqa yaxındır, həm hökumətə. Oşo, Krişnamurti, Nitçe, Ərəstun Orucov, Əflatun Amaşov, İbn Sina, Səlahəddin ibn Xəlil, Tolik, Zaur, Rüfət Nasosnı və sairə - bunların heç birini oxumağa ta ehtiyac yoxdur. Müşfiq müəllim bəs edir. Hətta mən qorxuram onu düşmənlərimiz repressiya eləsin, adaşı kimi.
Müşfiq müəllim deyir ki, ağsaqqala qulaq asmayan millət ulayar. Hərçənd, bu konsepsiya İmişli Ağsaqqal Şurasının sədri olmuş Saleh müəllimin timsalında “zırt” çıxdı, hətta ağsaqqalı tutub içəri basıblar, nəinki sovet bayrağı qaldırır, vergidən də yayınırmış.
Filosof Müşfiq müəllim deyir ki, kişi və qadın eyni ola bilməz. (Bu məsələd Seyran Səxavətlə üst-üstə düşürlər). Çünki kişilərdə, üzr istəyirəm, artıq orqanlar vardır. Əlbəttə. Ancaq insan hüquqları eynilik yox, bərabərlik üzərindədir. Bunlar fərqli anlayışlardır. Təklif edirəm bu filosofu və üstündə Seyran müəllimi də Əfqanıstana göndərək, orda səfirlik açıb yaşasınlar. Taliban əsl bunların yeridir. Qalstuk taxıb əzilib-büzülərək danışmaqlarına baxmayın. Əsl totalitarizm filosoflarıdır.
Nəsə, bayram günü qalmaqal bu qədər bəsdir. Sonda bütün cocuqlara öz fırtıqlarını sərbəst şəkildə hara istəyirlərsə, lap toyuğun buduna da, sürtmək azadlığı arzulayıram. Rablenin qəhrəmanı burnunu qazın dalına silirdi, məsələn.
03 Iyun 2025
02 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ