Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda ali təhsil seçimi zamanı abituriyent və valideynlərin çoxu hələ də dövlət universitetlərinə üstünlük verir.
Musavat.com-un xəbərinə görə, təhsil eksperti Kamran Əsədov qeyd edib ki, 1000 nəfər arasında apardığı sorğunun nəticələrinə əsasən, respondentlərin böyük əksəriyyəti “dövlət universitetinə üstünlük verirəm” deyib.
Maraqlıdır ki, cavab verənlərin əksəriyyəti bu üstünlüyün səbəbini izah edə bilmir.
Kamran Əsədovun sözlərinə görə, seçimlər daha çox adət və stereotiplərə əsaslanır:
“Bugünkü şəraitdə özəl və dövlət universitetlərinin təhsili, diplomu arasında elə bir fundamental fərq yoxdur. Hər ikisinin yaxşısı da var, pisi də - bu, artıq şəxsi keyfiyyətlərə və universitetin idarəçiliyinə bağlıdır. Bəzən dövlət universitetlərində də səviyyəsiz, rüşvətə bulaşmış mühitlə qarşılaşmaq mümkündür.
Özəl universitet deyəndə isə bəzilərinin ağlına dərhal “çox bahalı” obrazı gəlir, amma bu da mifdir. Hazırda yalnız Xəzər, Azərbaycan və Qərbi Kaspi Universitetində illik ödəniş doğrudan da yüksəkdir, digərlərinin qiyməti isə dövlət universitetlərindən fərqlənmir.
Gəldik diplom məsələsinə: istər dövlət, istər özəl universitet olsun, diplomu eyni nazirlik verir, eyni hüquqi qüvvəyə malik möhür vurulur. Bir sözlə, iş axtaranda sənə baxanda, “bu, dövlət diplomudur, bu özəl” deyən yoxdur – fərq yoxdur. Əsas olan özünü necə inkişaf etdirməyindir, hansı universitetdə hansı bilik və bacarıqlara yiyələndiyindir.
Bəlkə də vaxt gəlib ki, seçimi şablonlarla, köhnə təəssüratlarla yox, real imkan və nəticələrlə edək. Çünki artıq diplomun arxasında hansı universitetin adının yazılmasından daha vacibi sənin orada hansı dəyərlərlə, biliklərlə yetişdiyindir”.
Xalidə Gəray
Musavat.com
28 Aprel 2025
27 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ