İnsanlara hürriyət, millətlərə istiqlal!

Kremlin Qarabağdakı “desantı”nın alacağı cəza

 

Ruben Vardanyanın 6 aydır susması məhkəmənin qərarına necə təsir edəcək? - hüquqşünas açıqladı

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) Ermənistan vətəndaşı Ruben Vardanyanın çoxcildli cinayət işi üzrə məhkəmə araşdırmaları davam edir.

Ruben Vardanyan bildiyi dildə, yəni rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub. O, Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə ittiham olunur. Hazırda məhkəmədə zərərçəkənlərin dinlənilməsi mərhələsidir. 6 aydır davam edən məhkəmə prosesində müttəhim Ruben Vardanyan susmaq hüququndan istifadə edir.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

Vardanyana nə zaman hökm oxunacaq? O biri müttəhimlərdən gec və ya tez ola bilərmi? Onun susması məhkəmənin qərarına necə təsir edəcək? 

Xəyal Bəşirov: Paşinyan hakimiyyətini qorumaq üçün hər addıma hazırdır »  Azxeber.com

 Xəyal Bəşirov 

Hüquqi və Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov “Yeni Müsavat”a açıqlamasında izah edib ki, əvvəla Vardanyanın işinin keçmiş qondarma rejimin rəhbərliyində olmuş digər şəxslərdən ayrıca aparılmasının səbəbləri haqda mətbuatda çox yazılıb: “Vardanyan elə dövrdə Qarabağa gəlmişdi ki, onun bütün fəaliyyəti videolentə alınıb, hər şey sübutlarla var. Əlbəttə, ibtidai istintaq və məhkəmə dövründə susmaq qanunidir, onu kimsə məcbur edə bilməz. Amma susması onu məsuliyyətdən azad etmir, yaxud cinayətini sübut etməkdə çətinlik yaratmır. Əgər susmasaydı, əməkdaşlıq etsəydi, məhkəmə istintaqının uzanmaması üçün məlumatlar versəydi, onun üçün cəzanın təyin edilməsində yüngülləşdirici hal kimi nəzərdə tutula bilərdi. Susmaq ağırlaşdırıcı hal olmasa da, əməkdaşlıq etmək istəməməsindən irəli gəlir. O, hələ də özünü haqlı olduğunu göstərməyə çalışır”.

Hüquqşünas qeyd edib ki, Vardanyan Azərbaycan sərhədini qanunsuz keçib və silahlı qrupların maliyyələşməsində iştirak edib, ərazilərimizdə oyuncaq “dövlət naziri” postu tutub: “Onun bütün addımları, çıxışları mediada var və susması heç nəyi dəyişmir. Yəni ifadə vermirsə, yekunda yüngülləşdirici hal kimi nəzərə alınmayacaq. Bu 6 ay ərzində zərərçəkənlər dinlənilib, sübutlar ortaya qoyulub. İnanıram ki, ibtidai istintaqda olan sübutlar məhkəmə hökmündə öz əksini tapacaq və layiqli cəzasını alacaq. Çünki bu şəxslər bizim ərazilərimizdə Azərbaycan dövlətinə qarşı olduqlarını, cinayətkar fəaliyyətlərini açıq şəkildə nümayiş etdiriblər. Ona görə də dövlətimiz və xalqımız qarşısında layiqli cəza alacaqlar”.

Yada salaq ki, bəzi Qərb nəşrlərində, ermənipərəst kluarlarda, ABŞ, Fransa, Avropa Parlamentində Vardanyanla bağlı kampaniya aparanlar var. Onlar milyarder cinayətkarı siyasi məhbus kimi qələmə verməyə çalışırlar. Yeri gəlmişkən, Ermənistanın Baş naziri Nikol Paşinyan Ruben Vardanyanla bağlı məktubun ABŞ Prezidenti Donald Trampa göndərilməsini rədd etməsinə dair mətbuatda yayılan məlumatlara münasibət bildirməmişdi. “Hraparak” nəşri yazmışdı ki, Nikol Paşinyan Ruben Vardanyanın ailəsinin onun azadlığa buraxılmasına dəstək göstərilməsi üçün ABŞ Prezidenti Donald Trampa müraciət etməklə bağlı xahişini rədd edib.

Nəşrin xəbərinə görə, ABŞ-da yaşayan erməni diasporunun bəzi nümayəndələri Trampın qızının həyat yoldaşına müraciət edərək, ondan Ağ Ev rəhbərinin bu məsələyə qarışmasına dəstək göstərməyi istəyib. Məlumata görə, Tramp yalnız rəsmi İrəvanın müraciəti əsasında bu addımı atacağını söyləyib. Ermənistanın ABŞ-dakı səfiri Lilit Manukyants müraciəti Nikol Paşinyana çatdırsa da, rədd cavabı alıb. Bu mövqe belə bir müraciətin Azərbaycanla sülh müqaviləsinin imzalanmasına xələl gətirə biləcəyi ilə əsaslandırılıb.

Vardanyan Rusiya maliyyə sənayesinin ən məşhur adamlarından biridir. O, Rusiyada ilk investisiya bankı olan “Troyka Dialoq”u qurub, yüksək etik standartlara uyğun iş apardığı üçün bir çox mükafatlar alıb. Bununla belə, “Troyka” əsas bizneslə yanaşı, bütöv bir ofşor şirkətlər sistemi yaradıb ki, onun vasitəsilə pul gizli şəkildə Rusiyanın ən güclü adamlarına, məsələn, Vladimir Putinin dostu Sergey Rolduqinə ötürülüb.

Bu şirkətlərin hesablarından 4,5 milyard dollardan çox vəsait keçib. Pullar, xüsusən, Rusiyadan milyardlarla çirkli pulun yuyulması, nağdlaşdırılması və ya qeyri-qanuni çıxarılması ilə bağlı cinayət işlərində iştirak edən şirkətlərdən daxil olub.

2012-ci ildə “Troyka” “Sberbank”a satılıb. Onun yaratdığı ofşor şirkətlərin hesabları üzrə hərəkətlər 2013-cü ilə qədər davam edib. Vardanyan 1992-ci ildə universiteti yeni bitirərək “Troyka”ya rəhbərlik edib.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR