Onlayn ictimai-siyasi qəzet
Yeni Müsavat qəzetinin Ukrayna təmsilçisi Anar Natiqoğlu Odessadan yazır
Odessanın İzmail rayonunda yerləşən Orlovka qaz kompressor stansiyasına qarşı 6 avqusta keçən gecə Rusiya tərəfindən təşkil olunmuş kamikadze dron hücumu, Ukrayna ilə yanaşı, Azərbaycanın enerji təhlükəsizliyinə də birbaşa zərbə kimi dəyərləndirilir. Musavat.com pun məlumatına görə, Rusiya bu hücumda azı 15 “Geran” tipli drondan istifadə edib.
Hədəfə alınan Orlovka limanı Dunay çayı sahilində, Rumıniya ilə sərhədin tam qarşısında yerləşən ən son Ukrayna yaşayış məntəqəsidir. Yanğınla nəticələnən partlayış görüntüləri də çayın qarşı sahilindən, Rumıniya istiqamətindən çəkilib.
Ən təhlükəlisi isə budur ki, hücuma məruz qalan bu obyekt vasitəsilə Azərbaycan qazı Ukraynaya nəql olunurdu. Məhz buna görə də rusiyalı hərbi blogerlər və propagandist media bu hücumu sadəcə hərbi yox, geosiyasi mesaj kimi təqdim edib. Onlar bunu “Əliyevə siqnal” adlandırıblar.
Z-bloger Yuri Podolyaka öz kanalında belə yazıb:
“Əgər bizim "Geran"lar Odessada və ətrafda olan bütün Azərbaycana məxsus neft məhsulları infrastrukturunu (Ukrayna tank və hərbi maşınları bu yanacaqla işləyir) məhv etsəydi, bu, həm döyüşçülərimiz üçün böyük kömək, həm də ‘dostumuz’ İlham Əliyevə gözəl ‘hədiyyə’ olardı.”
Rusiyanın “Birinci kanal”ının aparıcısı Ruslan Ostaşko isə bu hücumu belə şərh edib:
“Bu zərbə təkcə Ukraynanın enerji sektoruna yox, həm də Azərbaycanın Qərbin maraqlarına uyğun nümayişkaranə diplomatik oyununa qarşı yönəlmiş addımdır. Bu, Moskvadan Əliyevə mesajdır: Rusiya ətrafından yan keçərək qaz ixracı cəhdləri onun infrastrukturu vasitəsilə aparılarsa, bu, qarşısı alınacaq.”
Rusiyanın açıq şəkildə Azərbaycanın xarici iqtisadi layihələrinə, xüsusilə Avropa enerji bazarına çıxış planlarına qarşı mövqe sərgiləməsi, bu ölkənin sadəcə Ukraynaya qarşı müharibə aparmadığını, eyni zamanda Cənubi Qafqazda və keçmiş SSRİ məkanında öz maraqlarına toxunan hər hansı müstəqil təşəbbüsə təzyiq göstərdiyini sübut edir.
Azərbaycan yalnız müstəqil dövlət kimi öz yeraltı sərvətini yeni marşrutla satmaq niyyəti güdür. Amma Rusiya yenə də tarix boyunca istifadə etdiyi ritorikaya qayıdır: “Əgər mən demirəmsə, dağıdaram, yandıraram!”
Bu yanaşma imperiyanın əsrlər boyu qanla, işğalla, təhdidlə yaşama modelinin davamı kimi görünür. Bugünkü aqressivlik – məhz bu modelin çöküşünün yaratdığı ağrılı aqoniya vəziyyətidir.
2020-ci ildə Azərbaycanın qazandığı Qarabağ Zəfəri, təkcə Ermənistanın deyil, həm də Rusiya silah sənayesinin simvolik məğlubiyyəti idi. Ukraynalı ekspertlər dəfələrlə vurğulayıblar ki, Azərbaycanın bu zəfəri Ukraynaya müqavimət üçün psixoloji və texnoloji cəsarət verdi.
O vaxt “rus ayısı” başını mağaradan çıxarmışdı. 2022-ci ildə isə gövdəsini çıxarıb bütün bədəni ilə meydana atıldı. İndi isə o tam meydandadır – təklənmiş, tükənmiş və aqressivdir.
Bu gedişlə qış yuxusu üçün geri dönməyə mağarası da qalmayacaq…
Ukraynada baş verənlər – təkcə bu ölkənin taleyi deyil. Bunu anlamayanlar, “bu bizim savaşımız deyil” deyənlər, Ukraynaya yardımı tənqid edənlər, Avropada oturub Qərbi ittiham edən saxta və ikiüzlü ‘dövlət adamları’ indi baş verənləri diqqətlə izləsinlər. Çünki bu zərbələr təkcə Ukraynaya deyil, bizə – Azərbaycana da yönəlib.
Yaşasın Azərbaycan-Ukrayna dostluğu!
Yaşasın Qafqaz və Şərqi Avropanın azad və müstəqil xalqları!
Slava Ukraine!
Qarabağ Azərbaycandır!
Anar Natiqoğlu, Musavat.com
Odessa – 7 avqust 2025
10 Avqust 2025
09 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ