İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövlət qulluğuna imtahanlarda dəyişiklik

Namizədlərin sertifikatı əllərində qalıb, vakant yer yoxdur

Bir il ərzində dövlət qulluğuna qəbul zamanı biliyə əsaslanan qiymətləndirmə formasından səriştə əsaslı qiymətləndirmə modelinə keçid edəcəyik. Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Təlim VI inkişaf sistemində müasir çağırışlar” mövzusunda keçirilən forumda çıxışı zamanı deyib. DİM sədri əlavə edib ki, səriştə modeli xarici və yerli ekspertlərlə müzakirə olunub: “Hüquqi müstəviyə keçid üçün təxminən bir il vaxtımız var. Səriştə modelinə keçid edərkən qiymətləndirmə aparanda fəaliyyətin dəyərləndirilməsi də bu model əsasında aparılacaq. Prosesdə daimi təlimlərin mövcudluğu vacibdir”. Səriştə modeli nədən ibarətdir, qiymətləndirmədə nələrə diqqət ediləcək? 

Ümumiyyətlə, son dövrlər dövlət qulluğuna keçirilən imtahanlarla bağlı narazılıqlar çoxalıb.  İmtahanların olduqca çətin olduğu bildirilir. Əsasən də müsahibə mərhələsindən keçənlərin sonradan işlə təmin olunmasında problemlərin olduğu deyilir. Sonradan imtahandan keçənlərin işlə təmin olunmasına nəzarət necə olmalıdır? 

Məleykə Abbaszadə DİM-dən gedir: Onu kim əvəz edəcək? - VİDEO

Məleykə Abbaszadə 

Qeyd edək ki, DİM sədri Məleykə Abbaszadə bir müddət əvvəl Musavat.com-a açıqlamasında bildirmişdi ki, nazirliklər vaxtında vakansiyaları vermirlərsə, onlara mütləq hər üç aydan bir müraciət edilir: “ Əgər onlar vakansiyaları elan etmirlərsə, hər yarım ildən bir ölkə rəhbərliyinə xəbər veririk. Onlar çalışırlar ki, versinlər. Burada bir məsələ də var ki, bir sertifikatla beş müsahibədə iştirak edirlər, amma 15 yerə sənəd verirlər. Bununla da müsahibələrin sayı çoxalır. Bu amil həm dövlət orqanları, həm DİM, həm də insan resurslarının vaxtını alır. Müsahibələrin təşkil olunması da kifayət qədər mürəkkəb bir işdir. Biz onlayn müsahibələr keçiririk ki, heç olmasa müsabiqədə iştirak edən işçilər, əməkdaşlar işdən çox uzaq olmasınlar. Bunlar texniki məsələlərdir, amma bu, ildən-ilə daha da mürəkkəbləşir. Hazırda dövlət qurumları ilə bağlı çox ciddi islahat proqramları həyata keçirilir. Səriştə modelinə keçiləndən sonra səriştə əsasında imtahanlar keçirəndən sonra, ikinci mərhələnin də prosesini sadələşdirməyə çalışacağıq. Bir-iki ilə çalışırıq ki, bu proses başa çatsın, belə bir planımız var. İndi işlə təmin olunmayan, sertifikatı əlində olanlara isə məsləhət görərdim ki, müsahibəyə getmədən əvvəl hansı təşkilatın vakansiyasından olan müsahibəyə qatılmaq istəyirlərsə, müsahibə proqramını öyrənsinlər. Bilsinlər ki, doğrudanmı bu iş onlar üçün yararlıdır, yoxsa yox”.

Elçin Əfəndi: "Təhsil sferasında dəyişiklik mütləqdir, valideynlərə  yazığınız gəlsin..."

Elçin Əfəndi 

Təhsil eksperti Elçin Əfəndi mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, DİM sədri ümumi səriştə əsasında müəyyən bacarıqların yoxlanılmasını nəzərdə tutur: “Burada hər hansı bir istiqamətlə bağlı təcrübələrin yoxlanılmasından söhbət gedir. Ümumiyyətlə, dövlət qulluğuna imtahanın nəticələrini  artıq namizədlər elektron formada görə bilirlər. Bu, müsbət haldır. Əvvəlki illərdən fərqli olaraq dövlət qulluqçularına sertifikat da verilir. Hansısa dövlət qurumu sertifikat üzrə vakansiya elan edirsə, namizədlər müsahibə mərhələsinə dəvət olunur. Müsahibədən keçənlər çıxarılan vakansiya ilə bağlı işlə təmin olunur. Problem isə ondan ibarətdir ki, burada dövlət qulluğunda müvafiq olaraq məntiq, informatika, dünyagörüşü, qanunvericilik istiqamətində bilik və bacarıqlar yoxlanılır. Sadəcə, məntiq fənninin olması namizədlər tərəfindən birmənalı qarşılanmır. Çünki namizədlər orta ümumtəhsil müəssisəsində də, ali təhsil müəssisəsində də bütün ixtisaslar üzrə məntiq fənninin tədrisini almayıblar. Yalnız müəyyən fənlər var ki, onlar məntiq fənninin tədrisini alır. Amma dövlət qulluğunda, magistraturada məntiq fənnindən onların bilik və bacarığı yoxlanılır. Bu, namizədlər tərəfindən narazılıqla qarşılanır. Eyni zamanda vakansiya yerlərinin azlığından şikayət edirlər. Namizədlər var ki, imtahan verir və müəyyən müddət keçsə də, vakant yerlər üzrə iş tapa bilmirlər. Sertifikat əllərindədir, amma vakant yer yoxdur. Dövlət qulluğu ilə bağlı imtahanlarda dəyişiklik ondan ibarət olmalıdır ki, hansı istiqamət üzrə vakansiyalar varsa, həmin vakansiyalar üzrə imtahanların götürülməsi məqsədəuyğun olar. Öncədən dövlət qurumları ilə əlaqə saxlamaq, işçiyə ehtiyac varsa, vakansiya elan etmək, onları dərhal elan etmək lazımdır. Yəni prosesi tezləşdirmək lazımdır ki, namizədlər müvafiq dövrü gözləməsinlər. Çünki sertifikatın konkret müddəti var, 5 il ərzində namizəd iş tapmasa, o sertifikat qüvvədən düşmüş olur”.

Qeyd edək ki, dövlət qulluğuna qəbul qaydası Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə əsasən dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə, test imtahanından və müsahibədən ibarətdir. Dövlət İmtahan Mərkəzi tərəfindən inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq, birinci-beşinci kateqoriya dövlət orqanlarında (yerli icra hakimiyyəti orqanları, yerli icra hakimiyyəti orqanlarının yanındakı orqanlar və inzibati ərazi dairələri üzrə nümayəndəlikləri istisna olmaqla) inzibati vəzifələrin birinci-yeddinci təsnifatına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün ayda bir dəfədən az olmayaraq test imtahanları təşkil edir. Dövlət qulluğunda inzibati vəzifə tutmaq üçün imtahan modeli olaraq A və B kateqoriyaları vardır. Bu kateqoriyalar da öz-özlüyündə hislərə bölünür:

A kateqoriyası AA, AB və AC

B kateqoriyası BA, BB və BC

A kateqoriyaları inzibati rəhbər (idarəetmə) vəzifələr tutmaq üçündür. İlk dəfə dövlət qulluğuna qəbul olmaq istəyənlər 5, 6 və 7-ci təsnifatlar üzrə işləyə bilər. Bunun üçün namizəd BA və BB imtahanlarında (inzibati icraçı vəzifələr) iştirak edə bilər. Vəzifələrin müvafiq altqrupu üzrə sertifikat əldə edən şəxs sertifikatda qeyd olunan vəzifə və qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. 

Afaq MİRAYİQ,
“Yeni Müsavat”          

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR