İnsanlara hürriyət, millətlərə istiqlal!

“Dövlət başçısına dəstəyimizi artırmalı və bunu öz işimizdə göstərməliyik” - Tahir Mirkişili

“Cari ilin 4 ayı ərzində dövlət büdcəsi gəlirlərinin proqnoz və icra göstəriciləri arasında fərqlər müşahidə olunmuş, əksər gəlir inzibatçıları üzrə proqnoz artıqlaması ilə icra edilb. Dövlət Neft Fondundan transfert istisna olmaqla, dövlət büdcəsinin gəlirləri 4 ay ərzində proqnozdan 2 412.0 milyon manat artıq icra edilib. Artıq gəlirlərin 1.077 milyon manatı qeyri-neft gəlirləri, 1 315.0 milyon manatı isə neft gəlirləri təşkil edib. Bu dövrdə idxalımız 37.6% artıb”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bunu büdcə müzakirləri zamanı söyləyib. Komitə rəhbəri əlavə edib ki, bu dövr ərzində, ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin gücləndirilməsi, Böyük Qayıdışa dair Dövlət Proqramının icrası, dövlət borcunun idarə edilməsi üzrə yeni yanaşmanın tətbiqi və digər zəruri xərclərlə bağlı dövlət büdcəsi qarşısında yeni maliyyələşmə tələbatı yaranıb: “Mühüm dövlət vəzifələrinin icrası üçün dövlət büdcəsi qarşısında bu il əlavə olaraq 4338,4 milyon manat məbləğində maliyyə tələbatı yaradıb. Yuxarıda qeyd olunan maliyyə tələbatının gözlənilən artımı dövlət büdcəsinin yenilənmiş proqnozlara əsasən gəlirlərinin, həmçinin Dövlət Neft Fondunun dövlət büdcəsinə transfertinin artırılması dövlət büdcəsi kəsirinin böyüdülməsi, təsdiq olunmuş dövlət büdcəsinin bəzi xərclərinin optimallaşdırılması və yerdəyişməsi nəticəsində formalaşan sərbəst vəsait hesabına qarşılanması nəzərdə tutulur.

Bütün bu deyilənləri nəzərə alaraq yenidən baxılan dövlət büdcəsinin gəlirlərinin 3 005.5 milyon manat artırılaraq 33 779.5 milyard manata, xərclərinin 3 215.5 milyon manat artırılaraq 36 568.8 milyon manata, kəsirin 210 milyon manat artırılaraq 2 789.3 milyard manata çatdırılması təklif olunur. 2023-cü il üzrə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbətinin 25,4% olması proqnozlaşdırılıb”.

 Daha sonra T.Mirkişili ölkə rəhbərliyinin qarşıya qoyduğu vəzifələrə diqqət çəkib: “Bir neçə gün bundan öncə möhtərəm Prezident cənab llham Əliyevin Laçın şəhərinə səfəri və bu səfər çərçivəsində şəhərin ilk sakinlərinə yenidən tikilmiş və bərpa edilmiş evlərin açarlarının təqdim edilməsi mühüm tarixi hadisə idi. Dövlət başçısının iradəsi, Azərbaycan dövlətinin gücü və Dövlət Büdcəsindən xərclənən vəsaitlər hesabına əldə olunan bu tarixi nəticələr vətəndaşlarımızı qürurlu gələcəyə ümidləndirən ən mühüm amillərdir. İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinə yalnız infrastruktur layihələri kimi baxmaq doğru deyildir. Bu ərazilərdə həm də Azərbaycan dövlətinin və xalqının sarsılmaz və uğurlu gələcəyi inşa edilir. Ona görə bu istiqamətə xərclənəcək hər bir manat gələcəyimizə ən doğru investisiyadır. Regionda baş verən çağırışlar fonunda və Ermənistan ilə sülh müqaviləsinin bağlanması üzərində danışıqların getdiyi bir zamanda müdafiə və təhlükəsizliyimizin gücləndirilməsi həyati əhəmiyyət kəsb edir. Bu istiqamətdə atılan addımlar həm də beynəlxalq aləmdə və regionda diplomatiyamızın gücünü və kəsərini artırır. Bir neçə gün bundan öncə Moldovanın paytaxtı Kişinyov şəhərində danışıqlar masasında Azərbaycan dövlət başçısının bir deyil, bir neçə dövlət başçısı ilə apardığı milli maraqlara xidmət edən danışıqların mənzərəsi Azərbaycan dövlətininvə dövlət başçısının hansı çağırışlarla mübarizə apardığını göstərir. Bu zaman kəsiyində bizim hər birimiz həm iqtisadi, həm siyasi, həm də mənəvi olaraq dövlətimizə və dövlət başçısımıza dəstəyimizi artırmalı və bunu öz işimizdə göstərməliyik. Bu gün təqdim etdiyim bu layihə də bu dəstəyin maliyyə formasıdır”.

 T.Mirkişili sonda edib ki, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi “Azərbaycan Respublikasının 2023-ci il dövlət büdcəsi haqqında” Qanuna dəyişikliklər edilməsi barədə Qanun layihəsini dəstəkləyir: “Deputat həmkarlarımdan da bu layihələri dəstəkləmələrini xahiş edirəm”.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR