İnsanlara hürriyət, millətlərə istiqlal!

Dörd ölkə Azərbaycandan Avropaya enerji ötürəcək kabel üçün bir araya gəldi

Macarıstan, Rumıniya, Azərbaycan və Gürcüstanın enerji şirkətləri Qara dənizin dibi ilə çəkiləcək sualtı kabel vasitəsilə elektrik enerjisinin Qafqazdan Mərkəzi Avropaya nəqli üçün birgə müəssisə yaradacaqlar.

Musavat.com xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Budapeştdə layihənin tərəfdaşı olan üç ölkənin energetika nazirləri ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.

Nazirlər yaşıl enerji sahəsində əməkdaşlıq memorandumu imzalayıblar:

"Bu gün biz qərara gəldik ki, iştirakçı ölkələrin elektrik enerji şirkətləri layihənin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasına cavabdeh olacaq birgə müəssisə yaratsın".

Siyarto qeyd edib ki, artıq texniki-iqtisadi əsaslandırmanın aparılması üçün müsabiqə elan olunub, onun nəticələri dekabrın əvvəlində açıqlanacaq: “Biz bu layihə üçün kifayət qədər maliyyə resurslarının olmasını təmin etmək üçün birlikdə işləyirik və buna görə də bugünkü iclasımızda Avropa Komissiyası da təmsil olunub”. Budapeştdə keçirilən danışıqlarda Bolqarıstanın energetika nazirinin müavini də iştirak edib. Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri hesab edir ki, “əgər hər şey plan üzrə getsə, bu marşrut üzrə elektrik enerjisinin tədarükü növbəti onilliyin əvvəlində başlaya bilər”.

Xatırladaq ki, 2021-ci ilin dekabrında dörd ölkənin liderləri Buxarestdə Azərbaycandan Gürcüstan ərazisindən keçməklə, dənizaltı kabel vasitəsilə Rumıniyaya, oradan isə Macarıstana elektrik enerjisinin tədarükünə dair saziş imzalayıblar. Bundan qısa müddət sonra Siyarto layihənin texniki-iqtisadi əsaslandırmasının dəyərinin 2,5 milyon avro olacağını və Dünya Bankının vəsaiti hesabına qarşılanacağını açıqlayıb. Kabelin uzunluğu 1195 km olacaq.
Macarıstan hökumətinin bildirdiyinə görə, Avropa Komissiyası bu layihəni bütün Avropa üçün vacib hesab edir və ona 2,3 milyard avro ayırıb. Ona investisiyalar dörd ilədək müddətə nəzərdə tutulub. Transqafqazdan gələn ekoloji cəhətdən təmiz elektrik enerjisinin bir hissəsinin Macarıstanda istifadə edilməsi, bir hissəsinin isə oradan başqa ölkələrə göndərilməsi nəzərdə tutulur. Elektrik xətti boyunca fiber-optik kabelin çəkilməsi də nəzərdə tutulur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR