İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat Türkmənistan prezidentinə saxta orden verilməsi mərasimində iştirakından danışdı - "kitayski" "DƏDƏ QORQUD" QALMAQALI


Azərbaycanda istintaqa cəlb olunan “Dədə Qorqud” Xeyriyyə Fondunun rəhbəri Eldar İsmayılov 2022-ci ildə Türkmənistanın o zamankı prezidenti Qurbanqulu Berdiməhəmmədovu da saxta ordenlə təltif etməsi qalmaqalında azərbaycanlı deputat Eldar Quliyev də iştirak edib. Musavat.com əməkdaşı Eldar Quliyevlə əlaqə saxlayıb. Deputatın əvəzinə onun köməkçisi Eynulla Rəsulov yaşanmış “Dədə Qorqud” əməliyyatı”na münasibət bildirib.

Suallarımızı deputat köməkçisi dinləyib, Eldar Quliyevə ötürüb.
Köməkçisi üzərindən Eldar Quliyev Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun yaxasına “Dədə Qorqud” ordeni asılması mərasimində iştirakını təkzib etməyib. (Ortada təltifetmə mərasimindən Türkmənistan televiziyası vasitəsi ilə 10 milyonluq türkmən xalqına çatdırılan videoreportaj var!) Deputat israr edib ki, həmin mərasimə Eldar İsmayılovla birgə getməyib.
“Eldar İsmayılov Türkmənistana özü gedib, Eldar müəllimin bundan xəbəri olmayıb”, -deputatın köməkçisinin sözləridir.

Maraqlıdır ki, Azərbaycanın qanunverci orqanında üst-üstə 20 ildən artıqdır ki oturan Eldar Quliyev Türkmənbaşıya verilən ordenin saxtalığından xəbəri olubmu?
Olubsa, bu haqda dövlət qurumlarına xəbər veribmi və ya yazılı müraciət edibmi?
Deputatın köməkçisi bu suala cavab verməkdə çətinlik çəkib.
Bəs Eldar Quliyevin “Azərbaycan Respublikasının orden və medalları haqqında” Azərbaycan Respublikasının Qanunundan xəbəri varmı?

Deputatın köməkçisi bu suala da cavab verə bilməyib.
Köməkçi bildirib ki, sualların cavabını deputatdan öyrənib bu haqda fikirlərini bizə çatdıracaq. 1 sutkadan artıq vaxt keçsə də, Eldar Quliyevdən hələ ki, xəbər-ətər yoxdur.
Bu yerdə qeyd edək ki, Azərbaycan Respublikasında dövlət təltifləri - orden, medal və fəxri adların verilməsi Konstitusiya və xüsusi qanunvericilik aktları ilə müəyyən edilir. Əsas normativ sənəd “Azərbaycan Respublikasının orden və medalları haqqında” Azərbaycan Respublikasının Qanunudur. Bu qanuna görə orden və medallar yalnız Azərbaycan Respublikasının Prezidenti tərəfindən verilir. Təltif olunma yalnız dövlət və ictimai xidmətlərə, qəhrəmanlığa, əmək nailiyyətlərinə, elm, mədəniyyət, hərbi xidmət və s. sahələrdə xüsusi fərqlənmələrə görə mümkündür. Heç bir dövlət qurumu, ictimai təşkilat və ya şəxs özbaşına orden və medal təsis edə və verə bilməz. Saxta “orden-medal” vermək və ya satmaq cinayət məsuliyyəti yaradır. Son illərdə müxtəlif şəxslərin və ya qeyri-rəsmi qurumların “xalq adından” saxta orden və medallar verməsi halları müşahidə olunur. Qanunvericilikdə bununla bağlı açıq mətnlə qeyd olunmasa da, belə fəaliyyət bir neçə cinayət tərkibi yaradır.

Hazırda Eldar İsmaylovun cəlb edildiyi cinayət işi üzrə rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, əlavə hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə maddəsi ilə istintaq aparılır. İstintaqın gedişində Cinayət Məcəlləsinin digər maddələri – dələduzluq, qanunsuz sahibkarlıq əməllərinin olub-olmaması da araşdırıla bilər.

Deputat Eldar Quliyevin gözü qarşısında Türkmənistan prezidentinin yaxasına saxta orden asılması epizodu da gözardı edilməməlidir. Deputatın adaşı tərəfindən Türkmənbaşının yaxasına asdığı ordenin saxta olub-olmamasını bilməməsi onun iş üzrə azı şahid qismində dindirilməkdən də azad etmir.
Həm də Eldar İsmayılov Türkmənbaşının yaxasına həmin o saxta ordeni asarkən dedikləri də diqqətlə təftiş olunmalıdır. Çünki o, həmin saxta ordeni Türkmənbaşının yaxasına asarkən bütün Azərbaycan xalqının adından danışır. Deputat isə o pafos fontanı ilə müşayiət olunan təltifetmədə, ötən 3 il ərzində bu məsələyə münasibət bildirmir.

Halbuki saxta orden qalmaqalı Türkmənistanın 1 nömrəli sarayında yaşanıb. Təltifetmə mərasiminin videolarından görünür ki, Eldar İsmayılov Xəzərin o tayına tək getməyibmiş, yanında Azərbaycan Milli Məclisinin deputatı Eldar Quliyev də varmış.

Oynanılan tamaşa-təltifetmənin videosunda görünür ki, Azərbaycan xalqının adından, amma xalqın xəbəri olmadan türkmən lideri Qurbanqulu Berdıməhəmmədova “möhtəşəm mükafat” təqdim olunur. Təltifetmə mərasimi elə bir pafosla təşkil edilib ki, guya bu, əsrin hadisəsidir. Əvvəlcə deputat Eldar Quliyev kürsüyə çıxıb sınıq-salxaq rus dili ilə türkmən və Azərbaycan xalqları arasında olan qardaşlıqdan danışır. Ardınca xitabət kürsüsünə onun adaşı çıxır. Eldar İsmayılov səlis rus ləhcəsi, şirin sözlər və şoumenlik bacarığı ilə türkmən məmurların ürəyinin “sarı siminə” toxunur. “Arxadağ” Berdıməhəmmədovun şəninə elə sözlər ərz edir ki, zalda əyləşən yüzlərlə məmur riqqətə gəlib ayağa qalxır, türkmənsayağı alqışlarla “Ar-xa-dağ” nidaları sarayın divarlarını dəlib keçir. Və böyük məqam yetişir - Eldar İsmayılov əlini cibinə aparır, oradan “ulu türk ordeni”nini, özünün az əvvəl düzüb-qoşduğu “Dədə Qorqud” ordenini Berdıməhəmmədova təqdim etmək üçün acizanə xahişdə bulunur.

Berdıməhəmmədovun razılıq əlaməti olan baş işarəsini gözləyən Eldar İsmayılov dərhal ona tərəf iri addımlarla yürüyür və şəstlə həmin o “əlçatmaz” ordeni türkmənbaşının yaxasına asır. O an zalda sanki vulkan püskürür. Yüzlərlə məmur ayaq üstə “Ar-xa-dağ! Ar-xa-dağ!” nidalarını daha uca səslə tələffüz edib saxta ordenin parıltısını alqışlayırlar. Heç kimin ağlına da gəlmir ki, Berdıməhəmmədovun sinəsinə asılan bu “möhtəşəm mükafat” heç bir hüquqi qüvvəsi olmayan bir dəmir və əski parçasının ustalıqla hazırlanan bir kompozisiyasıdır.

Tamaşanın kulminasiyası, bu tamaşa-şounun Eldar İsmayılovun marağında olan pərdəsi də bundan sonra başlayır. “Arxadağ” dərin heyranlıqla onun əlindən aldığı təltifə görə saray süfrəsi açdırıb. Qonaqlar üçün qoyun əti süfrəyə dağ kimi yığılıb, plov qazan-qazan gətirilir, desert kimi isə ən bahalı qovunlar və nar şirəsi süfrəni bəzəyib. Eldarlara xüsusi hörmət əlaməti olaraq dövlət mühafizəçiləri qədəh qaldırıb, məmurlar onları türkmən xalqının dostu elan ediblər. Berdıməhəmmədov isə, öz növbəsində, qardaş Azərbaycandan gələn böyük təltiflərə görə minnətdarlıq bildirib. Əslində isə həmin axşam Türkmənistanın 1 nömrəli sarayında sadəcə “böyük kombinasiya” oynanılıb, Türkmənistanın siyasi elitası nağıla inandırılıb. “Arxadağ”ın boynuna asılan o “Dədə Qorqud” ordeninin səsi 3 il sonra, 2025-ci ildə Bakıda polisin keçirdiyi əməliyyatla çıxıb. Eldar İsmayılovla yanaşı Füzuli Rzaquliyev və Rasim Məmmədov istintaqa cəlb olunublar. Eldar İsmayılov qeyd etdiyimiz kimi “Dədə Qorqud” Xeyriyyə Fondunun rəhbəri, Füzuli Rzaquliyev “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədri, Rasim Məmmədov isə “Sabitlik və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədridir. Bu təşkilatların ofislərindən dövlət əhəmiyyətli xüsusi gün və əlamətdar hadisələri özündə əks etdirən 1500-dən çox medal və ordenlər, 421 ədəd vəsiqə, 60-dan artıq müxtəlif möhürlər və digər saxta predmetlər aşkar olunaraq maddi sübut kimi götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, əlavə hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə maddəsi ilə cinayət işi başlanılıb, Füzuli Rzaquliyev, Eldar İsmayılov və Rasim Məmmədov istintaqa cəlb olunublar. Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR