İnsanlara hürriyət, millətlərə istiqlal!

Donbasda ölüm-dirim savaşı başladı, Şarl Mişel Kiyevə gəldi - Ukrayna parçalanır...

Rus ordusu Şərq əməliyyat zonasında hücumları gücləndirib, raket və artilleriya zərbələrinin sayını artırıb; Moskvanın hədəfi Kiyevi Krım və Donbasdan imtina etməyə və “neytral status”la razılaşmağa məcbur etməkdir - ekspert

Ukrayna aprelin 20-də müharibənin 56-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. “Yeni Müsavat” xəbər verir ki, Baş Qərargah rus ordusunun indiyə qədər 20 900-ə yaxın hərbçi itirdiyini açıqlayıb. Bununla belə, Donbasdakı döyüş Ukrayna üçün həlledicidir və artıq başlayıb. Ukrayna Müdafiə Nazirliyinin sözçüsü Aleksandr Motuzyanik deyib ki, son bir neçə gün ərzində rus ordusu Şərq əməliyyat zonasında hücumu əhəmiyyətli dərəcədə gücləndirib, raket və artilleriya hücumlarının sayını artırıb: “Ona görə də indi deyə bilərik ki, bu həlledici döyüş artıq başlayıb. Əslində Rusiya ordusunun Ukraynanın şərqinə geniş hücumu gec-tez baş tutmalı idi. Şərqdəki şəhərlərimiz bu gün cəsarətlə müdafiəni saxlayan, bütün ərazilərimizin işğal edilməsi planını pozan böyük və kiçik qalalardır. Ona görə də Donbasdakı döyüş, mübaliğəsiz, Ukrayna üçün həlledici döyüşdür”.

Britaniyanın Müdafiə Nazirliyi də yazıb ki, Rusiya Ukraynanın şərq sərhədində hərbi gücünü artırmağa davam edir. Donbasda döyüşlər getdikcə güclənir. Ruslar Ukraynanın müdafiəsini yarmağa çalışırlar. Qeyd olunur ki, Rusiya qoşunlarının Kiyevin şimalından çıxarılmasından sonra Ukraynaya hava hücumu təhlükəsinin azalacağı ehtimal edilirdi. Amma yenə də bütün Ukrayna ərazisində prioritet hədəflərə yüksək dəqiqlikli zərbələr endirilməsi təhlükəsi qalmaqdadır.

Yeri gəlmişkən, ölkənin şərqində ağır döyüşlər getdiyi dövrdə Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel Ukraynanın paytaxtı Kiyevə səfər edib. “Bu gün Kiyevdə, azad və demokratik Avropanın qəlbindəyik”, - Ş.Mişel bildirib. Bununla növbəti avropalı nüfuzlu siyasətçi Kiyevə ayaq basıb. Daha əvvəl Böyük Britaniyanın baş naziri Boris Conson, Avropa Komissiyası rəsmiləri, Baltikyanı dövlətlərin və Polşanın prezidentləri Kiyevə səfər ediblər. İndi isə Mişel bu ölkənin başkəndinə gəlib və dəstəyini ifadə edib. Və bu gedişatdan belə təəssürat yaranır ki, Ukrayna parçalanır, ölkənin şərqi işğal edilir, hətta yaxın gələcəkdə “dnr” və “lxr” ərazilərinin Rusiyaya birləşdirilməsi gerçəkləşə bilər, qərb istiqaməti isə avrointeqrasiyanı davam etdirəcək.

Bu arada, Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) qondarma Luqansk Xalq Respublikasının “daxili işlər naziri”, “general mayor” İqor Korneti həbs edib. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin yaydığı məlumata görə, İqor Kornet hazırda Rusiya FTX-nin Rostov-na-Dondakı istintaq təcridxanasında saxlanılır. Bundan başqa, fevralın 24-dən işğal altında olan Geniçesk şəhərində bolşevik inqilabının lideri Vladimir Leninin heykəli peyda olub. Geniçesk şəhəri Ukraynanın Xerson vilayətində, Azov dənizi sahilində, Rusiyanın 2014-cü ildə ilhaq etdiyi Krım yarımadasının şimalında yerləşir.

Həmçinin işğal edilmiş şəhərin administrasiya binasının damına Rusiyanın dövlət bayrağı və “Qələbə bayrağı” adlanan qırmızı bayraq (1945-ci ilin mayında sovet əsgərlərinin Berlində Reyxstaq binası üzərinə qaldırıdığı, üzərində oraq, çəkic və qırmızı ulduz emblemləri olan bayrağın prototipi) sancılıb. Bəs müharibənin indiki gedişi necə yekunlaşa bilər? Bizim analitiklər döyüşlərin yeni fazası haqda nələr düşünürlər?

Asif Nərimanlı yazır...

 Asif Nərimanlı

Siyasi şərhçi Asif Nərimanlının fikrincə, Moskvanın hədəfi Donbası işğal etdikdən sonra masada Kiyevi Krım və Donbasdan imtina etməyə və “neytral status”la razılaşmağa məcbur etməkdir: “Hərçənd rus qoşunları Kiyev ətrafından çəkiləndən sonra Ukraynanın mövqeyi dəyişdi. Qərbdən silah yardımının artırılması da bu mövqeyi gücləndirib. İndi müharibənin ən ağır mərhələsinin olacağı gözlənilir. Ukrayna və Rusiyanın yenidən masaya gələcəyi gözləntisi isə əvvəlki dövrlə müqayisədə xeyli azalıb. Rusiya Donbası tamamilə işğal etsə belə, müharibənin uzun çəkəcəyi ehtimalı daha böyükdür”.

“Rusiya nüvə silahından istifadə etməsə də, növbəti mərhələdə Ukrayna infrastrukturuna ciddi zərbələrin endirilməsi istisna deyil”. Bunu isə Bakupost.az-a politoloq Tofiq Zülfüqarov müharibənin növbəti mərhələsi haqda deyib. O bildirib ki, hələ bir müddət gərgin döyüşlər davam edəcək: “Tərəflər danışıqlardan sonra irəli sürülən şərtləri qəbul etmək istəmirlər. Daha dəqiq desək, Rusiyanın irəli sürdüyü ultimatuma bənzər şərtləri Ukrayna qəbul etmir. Ukrayna prezidenti elan edib ki, biz bunu qəbul edə bilmərik və döyüşlərə hazırıq. Ötən həftənin axırı Rusiya tərəfindən Ukraynaya müxtəlif təhdidlər səsləndirildi. Deyilirdi ki, nüvə silahından da istifadə edəcəklər. Amma bu silahdan istifadə edəcəklərinə inanmıram. Lakin ciddi zərbələrin Ukrayna infrastrukturuna endirilməsi istisna olunmur.

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov: “...Rusiya Azərbaycanın cavab  zərbəsinə daha mülayim yanaşa bilər" - BBC News Azərbaycanca

Tofiq Zülfüqarov

Məqsəd Donbas və Luqanskda formalaşmış cəbhədə qalan qüvvələri əhatəyə almaq və darmadağın etməkdir. Bununla da məcbur edib Donetsk və Luqansk administrativ sərhədlərini qondarma ərazilərə birləşdirmək istəyirlər. Rusiyanın ikinci məqsədi Azov dənizinin sahil boyu ərazilərini Krıma qədər işğal altında saxlamaqdır. Bu məqsədlə Rusiya orada müqavimət göstərən Ukrayna qüvvələrini tam şəkildə darmadağın etmək niyyətindədir. Bu da onu göstərir ki, Ukraynada ciddi döyüşlər gedəcək. Təəssüflər olsun ki, bu döyüşlər hər iki tərəf üçün böyük itkilərlə müşahidə olunacaq".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR