İnsanlara hürriyət, millətlərə istiqlal!

Donald Tramp: Yeni siyasi dövrün portreti

ABŞ-də 2024-cü il prezident seçkilərində qələbə qazanan Donald Tramp, 2025-ci il yanvarın 20-də and içərək vəzifəsinə başlaması, onu 1890-cı illərdən bəri ardıcıl olmayan müddətə xidmət edən ilk prezident kimi tarixə saldı.

Seçkilərdə, rəqibi və  demokratların namizədi Kamala Harrisə qarşı inamlı qələbə əldə edən Tramp, Seçicilər Kollegiyasında Harrisin 226 səsinə qarşı, 312 səs topladı və ümumi səsvermədə də 75 milyon səs (50,5%) alaraq, Harrisə verilən 71 milyon səsi (47,9%) üstələdi.

Yanvarın 20-də Vaşinqtonda keçirilən andiçmə mərasiminin miqyası, şaxtalı hava səbəbindən tədbir azaldıldı və ənənəvi açıq hava mərasimi əvəzinə təxminən 600 nəfərin iştirakı ilə Kapitoli binasında təşkil olundu. Ənənəvi açılış paradı ləğv edilərək, tədbirlər qapalı məkanda davam etdirildi.

Andiçmə mərasimində, Tramp öz çıxışında tarixi sürət və güclə hərəkət edəcəyini və ölkənin üzləşdiyi hər bir böhranı həll edəcəyini vəd etdi və həmçinin əvvəlki administrasiyanın formalaşdırdığı siyasi kursun ləğvi də daxil olmaqla, bir sıra icra əmrləri imzalayacağını bildirdi. Seçki kampaniyası zamanı verdiyi vədlər arasında ölkədə qeyri-qanuni yaşayan insanların kütləvi şəkildə deportasiyasının həyata keçirilməsi və əsas ticarət tərəfdaşlarına yüksək tariflərin tətbiqi də var idi.

Buna baxmayaraq, Trampın seçki qələbəsində, xüsusilə qaradərili və latın amerikalı seçicilər arasında dəstəyin artması ilə diqqət çəkdi. 2024-cü ildə qaradərili seçicilərin 16%-i Trampı dəstəklədi ki, bu da 2020-ci illə müqayisədə iki dəfə çoxdur. Latın amerikalı seçicilər arasında da Trampa dəstək 35%-dən 42%-ə yüksəldi.

Beləliklə, Donald Tramp yenidən ABŞ prezidentliyinə qayıdaraq, dünyanın 1 nömrəli ölkəsinin siyasi səhnəsində mühüm rol oynamağa davam etməkdədir.

Donald Trampın siyasi səhnəyə dönüşü, dünyanın müxtəlif yerlərində fərqli reaksiyalar doğurmaqla yanaşı, onun idarəçilik tərzini daha da gücləndirən bir fenomenə çevirir. Bəziləri, bu dönüşü, "Trampizm"in tamamilə yeni bir mərhələsi kimi görür və ABŞ-nin "Trampistana" çevrilə biləcəyindən öz narahatlığını bildirir.

Trampın ortaya qoyduğu idarəetmə modeli, onun siyasi ideologiyası və cəmiyyət üzərində təsirini ifadə edən bir metafora olan Trampizm, siyasi populizm, milli maraqların üstün tutulması və qeyri-ənənəvi idarəetmə tərzini özündə ehtiva edir.

Tramp, hər zaman xalqın səsini öz üstünlüyünə çevirməyə çalışır. Onun ritorikası, daxili bazar, iqtisadi inkişaf və xarici siyasətdə hegemonluq siyasətini gücləndirməklə bərabər, sadə və kəskin ifadələr üzərində qurulub – "Əvvəlcə Amerika!" bu siyasətin əsas şüarıdır.

Trampın idarəetmə modeli, təkcə rəqiblərə qarşı deyil, həm də mətbuat və "sistem"ə qarşı mübarizə üzərində qurulub. Tramp müxalif düşüncəni "dərin dövlətin" bir hissəsi kimi təqdim edərək onu legitimliyini itirmiş kimi göstərir.

Trampın liderliyi altında ABŞ beynəlxalq münasibətlərdə ənənəvi qaydalardan kənara çıxır. Müttəfiqlər üzərində təzyiq, rəqiblərlə qeyri-formal əməkdaşlıq və iqtisadi maraqların ön planda olması Trampizmin əsas xarici siyasət xəttini təşkil edir.

Tramp prezident seçilərsə…

Trampın daxili siyasəti

Trampın vergi islahatları və biznes mərkəzli yanaşması iqtisadi artımı stimullaşdırır, lakin zəngin və kasıb təbəqələr arasındakı fərqi dərinləşdirir.

Trampın daha öncə apardığı və aparacağı sərt immiqrasiya siyasəti, ABŞ-nin sosial strukturunda böyük dəyişikliklərə səbəb olmaqla yanaşı, qeyri-qanuni miqrantlara qarşı həyata keçirdiyi bir sıra sərt tədbirlər fonunda apardığı "divar inşası" kampaniyası, Trampa verilən ictimai dəstəyin əsas dayaqlarındandır.

Eyni zamanda, Trampın rəhbərliyi altında təhsil sistemində mühafizəkarlığın gücləndirilməsini, orta cins anlayışına qarşı sərt tədbirlərin artmasını görmə ehtimalımız böyükdür.

abs-cenubi-qafqaz.jpg (80 KB)

Trampın xarici siyasəti və ABŞ-nin Cənubi Qafqazdakı rolu

Tramp, beynəlxalq arenada ABŞ-ı bir hegemon güc kimi təsdiqləmək və eyni zamanda rəqibləri balanslaşdırmaq məqsədi güdür.

Trampın NATO-ya qarşı məsafəli yanaşması və NATO daxilində maliyyə məsələlərinə fokuslanaraq müttəfiqlərdən daha çox öhdəlik tələb etməsi, Türkiyənin alyans daxilində daha az təzyiq görməsinə şərait yaratmaqla yanaşı, Türkiyənin müdafiə sənayesinin müstəqil inkişafına təkan verə bilər.

Tramp Çinlə iqtisadi müharibəni davam etdirir, lakin Rusiya ilə münasibətləri yumşaltmağa çalışır.

İranla mübarizə və İsrailin dəstəklənməsinin, Yaxın Şərq siyasətinin əsas istiqaməti olan  Trampın İsraillə yaxınlığı, Azərbaycanın İsrail ilə möhkəm əməkdaşlığını daha da gücləndirmək üçün imkanlar yaradacaq.

ABŞ-Türkiyə ticarət əlaqələri, Tramp dövründə genişləndirilmişdi və yenidən iqtisadi sahədə müsbət irəliləyiş gözlənilsə də, Trampın Yaxın Şərqdəki strateji yanaşması və xüsusilə İranla bağlı sərt siyasəti, Türkiyənin bölgədəki maraqları ilə ziddiyyət təşkil edə bilər.

Trampın enerji sektoruna yönələn siyasəti, həmçinin ABŞ-nin enerji ixracını artırması, Azərbaycanın neft və qaz ixracına təsir edə və ABŞ-nin rəqabət qabiliyyəti artdıqca, Azərbaycanın Avropa enerji bazarındakı rolu yenidən qiymətləndirilə bilər.

Eyni zamanda, Trampın Ukrayna ilə bağlı qeyri-müəyyən mövqeyi, Rusiyanın öz geosiyasi mövqelərini möhkəmləndirməsinə şərait yaratması ehtimalı olsa da, ABŞ-nin enerji sektoru üzərində formalaşdıracağı qlobal təzyiq, Rusiyanın Avropaya qaz ixracını və rəqabətə davamlılığını    daha da çətinləşdirə bilər.

Trampın Rusiya ilə şəxsi əlaqələrinin yaxşı olması ilə yanaşı, ABŞ Konqresinin Rusiyaya qarşı sərt mövqe nümayiş etdirməsi, yeni dövrdə Trampın sanksiyaları yumşaltmaq cəhdlərinin Konqresin müqaviməti üzləşəcəyini düşünə bilərik.

Tramp administrasiyası, əvvəlki dövrdə Cənubi Qafqazda böyük rol oynamasa da, ABŞ-nin münaqişələrin həllinə marağı dəyişkən olsa da, Ermənistan-Azərbaycan münasibətlərində ABŞ-nin balanslı yanaşma göstərəcəyi ehtimal daxilindədir.

Demokrat administrasiyalarla müqayisədə Tramp administrasiyasının Ermənistanla yaxınlaşmasının prioritet məsələlərdən olmaması, Ermənistanın ABŞ-dən maliyyə və siyasi dəstəyinin azalmasına gətirib çıxara bilər.

ABŞ-nin Ermənistana marağı azaldıqca, Ermənistannın Rusiyadan daha çox asılı hala düşməsi, Azərbaycanın regionda mövqeyini daha da gücləndirə və Trampın Türkiyə ilə işbirliyinə daha açıq yanaşması, Ermənistan-Türkiyə münasibətlərinə dolayı təsir göstərə bilər.

Trampın İranla sərt mövqeyi və nüvə razılaşmasını ləğv etməsi onun siyasətinin əsas elementlərindən idi. Bu baxımdan, Trampın yenidən prezident seçilməsi ilə İran ABŞ-la münasibətlərdə daha gərgin bir dövrə daxil ola bilər.

Eyni zamanda, Tramp administrasiyasının Yaxın Şərqdə İranın təsirini məhdudlaşdırmaq cəhdləri Türkiyə və Azərbaycanın regiondakı rolunu gücləndirə bilər.

ABŞ-nin iqtisadi sanksiyaları, İranın çalxantılı iqtisadiyyatını daha da zəiflədərək regiondakı siyasi sabitliyinə təsir etmə məqsədi daşıyacaq.

Tramp Amerikasının Cənubi Qafqaz və Yaxın Şərqdə formalaşdıracağı siyasət, region ölkələrinin öz milli maraqlarına uyğun yeni strategiyalar qurmasını zəruri edərək, regionda balansın dəyişməsini, enerji siyasətləri, ticarət əlaqələri və hərbi-siyasi münasibətlərin yeni formaya keçidini sürətləndirəcək.

Populizm dalğası, milli maraqların yüksəldilməsi və beynəlxalq sistem qaydalarına açıq meydan oxuma kimi təsir nümunələri olan Trampizmin ortaya qoyduğu idarəetmə tərzi, həm ABŞ daxilində, həm də beynəlxalq arenada yeni çətinliklərlə yanaşı, yeni imkanlar da yaradacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Fevral 2025

22 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR