Onlayn ictimai-siyasi qəzet
Qanunsuz miqrasiya dünyanın bu gün deyil, yüz illərdir üzləşdiyi problemdir. Vaxtilə bunun qarşında bir “e” hərfi də olub, SSRİ dönəmində. Nabokovdan Buninə, Brodskidən Soljenitsinə qədər, elə məşhur şahmatçı Korçnoy da məhşur emiqrantlar sayılırdı.
Son 40 ildə, xusüsilə SSRİ-nin ardınca Yuqoslaviyanın da dağılmasından sonra Şərqi Avropada milli zəmində baş verən müharibələr mühacirət problemlərini daha da ciddiləşdirdi. Amansız müharibələr, işğallar, yurd yerlərinin dağılması, ölkələrin xaraba qalması istənilən dövrdə miqasiyanın əsas səbəbidir.
Frensis Ford Koppolanın rejissoru olduğu “Xaç atası”filmi Sicilya adasından qaçmış bir mühacir ailənin ABŞ-da (bundan sonra Amerika yazacam) yaşam mücadiləsidir. Minlərlə Korleonilər olub ki, köklü-köməcli Amerikaya köç ediblər, indi Los-Ancelsdə barrikada quranlar mühacir ailələrinin bəlkə də beşinci nəslidir. “Xaç atası”ndan söz düşmüşkən, Amerikaya köç edənlər təkcə bu ölkəyə vendetta(qisas) və qan düşmənçiliyi “modeli” gətirməyiblər, bir çox tanınmış mühacirlər sayəsində Amerika iqtisadiyyatını gücləndirib, ölkənin hətta nüvə arsenalını qurub. Məsələn, serbəsilli Nikola Tesla bu ölkəyə mühacirət etdikdən sonra məşhur ixtiralar( elektriki) edib. Bəs, Almaniyadan mühacirət etmiş fizik Albert Eynşteyn? Lap müasir dövrə qaçsaq, Cənubi Afrika Respublikasında anadan olan, 17 yaşında Kanadaya, daha sonra isə Amerikaya köçən SpaceX və Tesla kimi şirkətləri quran İlon Mask mühacir deyilmi? Majd Abedini də İranda gəlmiş mühacirdir, o da dünyanın ən məşhur onlayn ticarət platformalarından birinə çevrilən eBay-i təsis edib. Şər qüvvələrə işləsə də, macarıstanlı Corc Sorosu da yada salmaq olar. Google-nin həmtəsisçisi Sergey Brin rusiyalı mühacir ailəsinin övladıdır, “WhatsApp”ı yaradan Jan Koumin isə Ukraynadan Amerikaya gələn mühacir yəhudidir...
Harvard Universitetinin professoru Samuel Hantinqton 2004-cü ildə qısa adı “Biz kimik?” olan elmi araşdırmasında Amerika millətinin formalaşmasının incəliklərini araşdırmağa çalışıb. Kitabla tanış olmaqda indiki hadisələr fonunda maraqlı olar.
Amerika müharicətinin “köhnə”, “təzə” və “ən təzə” kimi bölğülərinə əsasən, bu ölkəyə ən əvvəl Şimali Avropadan - ingilislər, irlandlar, almanlar, skandinaviyalılar üz tutublar. Amerikalıların dinini-protestantlığı da məhz onlar yayıb, onlar möhkəmlədiblər.
“Təzə dövr”də isə Amerikaya çinli mühacirlər ayaq açıb. Amerikalılar onlardan xüsusilə uzun saçlarına görə qorxublar, ona görə çinli mühacirlər bütün hüquqlardan məhrum edilmiş hindlilər və qaradərililərlə eyni statusda olublar. Maraqlıdır ki, məhz çinlilərin gəlməsindən sonra ilk dəfə mühacirəti məhdudlaşdıran(həm də məhz çinlilər üçün) ilk qanun qəbul edilib. Bu, Amerika tarixində bir etnik qrupun ölkəyə girişini qadağan edən qanun kimi də tarixə düşüb.
XIX əsrin ikinci yarısında -yəni “ən yeni” mühacirlər isə maddi vəziyyəti çox aşağı olan avropalılar olub. Gözləntilərlə reallıq arasındakı uçurumu bir italyan mühacir vətəninə yazdığı məktubda belə təsvir edibmiş: “Bizə dedilər ki, Amerikanın küçələri qızılla döşənib. Gələndən sonra məlum oldu ki, yollara qızıl döşənməyib, heç asfaltlanmayıb da. Güman ki, bu küçələri bizə asfaltladacaqlar...”
Müasir mühacirətdə Balkan müharibələrinin mənfi təsirlərini yada saldıq. Cənubi Qafqazdakı etnik müharibələr də, elə Qarabağ savaşı da mühacir axını yaratdı. Biz azərbaycanlılar vətənimizə bağlı adamlarıq. Bəlkə ukraynalılar kimi bizə də sahib duran olsaydı, Qarabağın işğalını “fürsət bilib” Qərb ölkələrində, elə o Amerikada sığınacaq da alardıq. Gedənlər oldu, heç kimi qınamaq olmaz. Öz təcrübəmdən deyirəm ki, insan mühacirətə yəni başqa ölkəyə getmək qərarı verənədək, yüz dəfə aeroportda xəyalən təyyarə minir, doğmaları ilə vidalaşır, yad ölkədə, yad mühitdə necə yerləşə, necə öyrəşə biləcəyini götür-qoy edir. Afrikanın hansısa ölkəsindən cırıq şalvar, ayağında yırtıq krossovka ilə gəmidə-bərədə canını götürüb qaçanlar mühacir deyillər, onlar ölməyə qərar verənlərdir, ona görə sonadək gedirlər, yollarını kəsmək də çətindir. Onlara getmək istədikləri ölkənin tarixi, mədəniyyəti, iqlimi qətiyyən maraqlı deyil, onlar öz qurduqları hərdən boş və boz ‘yaxşı yaşamaq xəyalları” arxasınca gedirlər.
Elə ölkələr var ki, həqiqətən də yaşamaq cəhənnəmdir. Afrikanın bəzi ölkələrində tayfalar, silahlı qruplaşmalar arasında toqquşmalar, işğalçı müharibələr davam etməkdədir. Ukraynanı yada saldıq, Qəzza isə bunun ən kədərli nümunəsidir. Los-Ancelesdəki aksiyalarda mühacirlərin əlində Fələstin bayraqlarını da görürük. Axı Fələstin niyə dövlət olub öz övladlarını sərhədləri daxilinə toplaya bilməsin? Amerika, eləcə də digər dövlətlər ölkələrində mühacirlərlə toqquşmalarda həm də bu haqsızlığın, haqsızlığa göz yummalarının bədəlini ödəyirlər. İndi Avropa getdikcə mühacirət problemini daha çox hiss etməkdədir. Fransa illərlə Afrika xalqlarına etdiyi pisliklərini miqrantların üstünlük təşkil etdiyi şəhərlərdə baş qaldıran üsyanlarla ödəyirlər. Almaniya ucuz işçi qüvvəsi ilə İkinci Dünya müharibəsində dağıdılmış iqtisadiyyatını bərpa etdi, amma miqrantlar bu ölkə üçün də həlli müşkül problemlər yaradıb. Skandinaviya ölkələri isə mühacirlər problemini necə həll edə biləcəklərini heç bilmirlər, çünki yerli xalqlar fərqli mədəniyyətləri nə filtr, nə sintez edə bilir.
Bir neçə il əvvələ kimi əksər amerikalılar mühacirlərin ölkə üçün faydalı olduğuna inanırdılar, indi bu rəyi dəstəkləyənlərin sayı bir neçə dəfə azdır.
“Hamı ev(n)ə qayıtsın!” yaxşı şüardır. Amerikada problem təkcə qanunsuz miqrasiya deyil, etirazların arxasında daha ciddi niyyətlər və adamlar var. Tramp bütün problemləri qaşıyır, sonra onu lokallaşdırır, “yaraları sarıyır”, sonra yenə... Ötən prezidentlik dövründə də qanunsuz miqrantlara müharibə etdi, heç nəyə nail ola bilmədi. Baydenin hakimiyyəti dövründə ölkəyə “miqrant zibili”yığdığı faktdır, amma onları Meksika sərhəddindən o tərəfə, ya da Quantanamoya göndərməklə miqrasiya problemi bitməyəcək.
Yalanı yoxdur, Amerika bütün pislikləri və naqislikləri ilə həm də bir arzudur...
Nazim SABİROĞLU,
Musavat.com
13 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ