Onlayn ictimai-siyasi qəzet
Bu günlərdə “TikTok”da qarşıma bir sorğu çıxdı, bəlkə də köhnə idi, hər halda ilk dəfə izləyirdim. “Məhəmməd Əmin Rəsulzadə kimdir” sualı ilə qısa sorğunu sonadək izləyə bilmədim, çünki o adamların yerinə utandım. Dedim, bəlkə sorğu gerçək deyil, xəyal ürünüdür, süni intellektlə düzəldiblər, yəni necə ola bilər ki, “Qalatasaray”ın, “Barselona”nın heyətini əzbər bilənlər tariximizə bu cür sayğısız münasibət bəsləyirlər.
İnanmazsız, baxması üçün başqa bir həmkarıma da göndərdim, oradan da “heyrət” cavabı gəldi. Heyrətmi? Yox, ifadə etmirdi bu mənzərəyə əsl reaksiyanı. Hərənin əlində bir telefon var e, əlahəzrət google sənə nəyi desən saniyələr içində ekranına gətirir. Tarxinə, soyuna qəsdmi? Yox, o da deyil. Bu bir manqurtluqdu. Bu dövrdə şüurun ancaq inkişafdan qalmalıdır ki, Azərbaycan Xalq Cümhuriyyəti ilə adı həmişə yanaşı çəkilən Məhəmməd Əmini tanımayasan. Bu gün bunun xatırlamamaq da olardı, amma unutmaq da çətindir, üstündən sükutla keçmək də...
SSRİ deyilən quruluş onilliklərlə bu tariximizi bizdən gizlədiblər. Bizim o xarabalıqlar altında gizlətdikləri tariximizdə Üçrəngli Bayrağımız da vardı, Himnimiz də, Gerbimiz də... Təkcə dövlətimizi quran kişiləri dərbədər salmayıblar, həm də Azərbaycan Xalq Cümhuriyyəti adlı dövlətimizi bizdən gizlədiblər. Dövləti gizlətmək!? İnanılmaz kimi görünür, amma məhz belə olub! Şərqdə ilk demokratik parlamentli respublika quran şəxsiyyətləri qalın-qalın tarix kitablarında düşmən kimi damğalayıblar. O ideyaların hələ məhv olmamış cücərtilərini ürəklərində daşıyan ziyalılarımızı 37-ci ildə ya güllələdib, ya da sürgündə çürüdüblər.
Dövlət qurmaq Allahın seçilmiş bəndəsinə verdiyi missiyadır şübhəsiz, bunun hər adamın boyuna biçilmədiyi məlumdur. Bu, peyğəmbərlik deyil. Amma nədirsə, elə bir missiyadır ki, nəyin bahasına olursa-olsun bu dövlətçilik ideyasını yaymalısan, tərəfdar toplamalısan, həmfikirlər axtarmalısan və o ideya gerçəkləşməyənədək geri çəkilməməlisən.
Tarixdə ən dəyərli şəxsiyyətlər torpağı dövlət edənlərdir. Məhəmməd Əmin Rəsulzadəyə, dövləti birgə təsis etdikləri əqidədaşlarına əbədi sevgi və rəğbətimizin də əsas səbəbi budur- tarixdə ilk dəfə Azərbaycan adlı dövlət təsis ediblər. Məhəmməd Əmin Rəsulzadə və əqidədaşlarının böyüklüyü dövləti elan etmələri ilə məhdudlaşmır, onun demokratik əsaslarını, idarəedilməsini, inkişaf prinsiplərini, dinə təməl baxışını yaradıblar. XX əsrin əvvəllərində belə mənalı Bayraq ucaltmaq ər kişilərin işi olub.
1918-ci ilin 28 Mayında Azərbaycan Xalq Cümhuriyyətini quranların ona kənardan baxıb qürurlanmağa zamanları az oldu, əvəzində kənardan xarabalığına baxıb çərləyib öldülər.
Harada?
Məhəmməd Əmin Rəsulzadə-məzarı Ankarada.
Əlimərdan bəy Topçubaşov-məzarı Parisdə.
Fətəli Xan Xoyskİ-məzarı Tiflisdə.
Məhəmmədhəsən Hacınski-məzarı Tiflisdə .
Əhməd bəy Ağaoğlu- məzarı İstanbulda.
Rəhim bəy Vəkilov-məzarı Tiflisdə
Həmid bəy Şaxtaxtinski-vəfat yeri Arxangelsk.
Əkbər ağa Şeyxülislamov-vəfat yeri Paris...
Bilmirəm, bəlkə də dövlətin yükü bir az azalanda qərib məzarları Bakıya, lap Gəncəyə köçürmək, Cümhuriyyət Xiyabanı da salmaq olar. Bunu etmək bu kişilərə həm də bir vəfa borcumuzdur.
Prezident İlham Əliyev də heç şübhəsiz Qarabağı azad edərək o dövləti quranların bütün arzularını yerinə yetirdi. “Qarabağ Azərbaycandır” deyən Ali Baş Komandan bu tarixi, fövqəladə məsuliyyətli işi, missiyanı bacardı.
Azərbaycanın belini dikəltdi, xalqın qırılmış qürurunu bərpa, Cümhuriyyəti yıxanlarla əlbir olan erməni lobbisinin isə 100 illik planlarını məhv etdi. Azərbaycan xalqının qəlbində və tarixində elə bir uca yerə yerləşdi ki, ona da Cümhuriyyət qurucuları kimi nə düşmənin əli çatar, nə səsi yetər...
Cümhuriyyətin 107 yaşında bayrağında üç ay-ulduz olan ölkənin liderləri Laçında biraraya gəlir, dostluq və müttəfiqliklərini bir daha bəyan edirlər. Biri NATO-nun ən qüdrətli ikinci ordusuna sahib, biri nüvə dövləti. Heyrət və alqış!
Dövlətimiz, bayrağımız, müstəqilliyimiz daima olsun!
Nazim SABİROĞLU,
Musavat.com
29 May 2025
28 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ