Onlayn ictimai-siyasi qəzet
Ekspert hesab edir ki, 51 kollec və 55 min tələbə dövlət büdcəsinə əlavə yükdür
Orta ixtisas təhsili müəssisələrində keçirilən ilkin monitorinqlər yekunlaşıb. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən “Yeni Müsavat”a verilən xəbərə görə, agentlik tərəfindən Bakı şəhərində yerləşən 14 orta ixtisas təhsili müəssisəsində monitorinq keçirilib. Monitorinq zamanı kolleclərin maddi-texniki bazasına və bir sıra tədris sənədlərinə baxış keçirilib, eləcə də tədris prosesi izlənilib. Nəticədə Ağdam Dövlət Sosial-İqtisadi Kolleci, Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) nəzdində Sosial-İqtisadi Kollec, ADİU-nun nəzdində Qida Sənayesi Kolleci və ADİU-nun nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecinin direktorları və Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin tədris işləri üzrə direktor müavini vəzifəsindən azad edilib. Qeyd edək ki, monitorinq ölkə üzrə 35 orta ixtisas təhsil müəssisəsində keçirilib və nəticələr barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılıb. Monitorinq nəticəsində ümumilikdə 6 direktor və 4 direktor müavini ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.
Yalnız kolleclərdə deyil, son dövrlər məktəb direktorlarının, müavinlərinin də işdən azad edilməsi xəbərlərini tez-tez görürük. Ümumiyyətlə isə ilin əvvəlində kolleclərlə bağlı qərarların veriləcəyi gözlənilən idi. Son illər kolleclərin fəaliyyəti ilə bağlı narazılıq var. Bəzi ekspertlər neçə müddətdir ki, kolleclərin bağlanmasını təklif edirlər.
“Biz illərdir təklif edirik ki, kolleclər ləğv edilsin, ali təhsil pillələri 3-dən 4-ə qaldırılsın, kollecdə verilən orta ixtisas, bakalavr təhsili ali təhsil müəssisəsində verilsin. Bu, dünyanın aparıcı təhsil sistemlərinə uyğundur. Biz onsuz da təhsil sistemində dünya təhsil sisteminə inteqrasiyanı əsas şərt götürmüşük”.
Bunu Bakupost.az-a təhsil eksperti Elşən Qafarov deyib. O, bu halda dövlət büdcəsi vəsaitlərinə də kifayət qədər qənaət ediləcəyini bildirib: “Fəaliyyət göstərən 51 kollecdə təqribən 55 min tələbə oxuyur. Bu isə dövlət büdcəsinə böyük yükdür. Düşünürəm ki, bu gün artıq 50, 60, 70-ci illər dövrü deyil. Ona görə də orta ixtisaslılardansa, ali təhsilli mütəxəssislərə üstünlük verilməlidir. Ali təhsil əgər ön səviyyəyə keçirilərsə, onun 1, 2-ci kursunu bitirdikdən sonra kim işləmək istəyirsə, subbakalavr diplomunu götürüb əmək fəaliyyətinə başlaya bilər. Əgər balavr təhsilini davam etdirmək istəyirsə, daha 2 il təhsil alar. Bununla da 51 kollecə və 55 min tələbəyə dövlət büdcəsindən əlavə xərclərin qarşısı alınar”.
Elçin Əfəndi
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan təhsil eksperti Elçin Əfəndi deyib ki, hazırda ölkəmizdə 50-dən çox orta ixtisas təhsili müəssisəsi var: “Onların əksəriyyəti universitetlərin, bəziləri isə müəyyən nazirlik və komitələrin tabeliyindədir. Hazırda orada tədris olunan proqramlar demək olar ki, hazırkı dövrlə ayaqlaşmır. Əksəriyyətində hələ də idarəetmə sistemi köhnə qaydalarla aparılır. Əksər direktorlar da 2010-cu ilə qədər təyin olunan direktorlardır. Onlar da idarəetmə təcrübələri əsasında deyil, hansısa tanışlıq əsasında təyin olunan direktorlardır. Əlbəttə, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi də bu istiqamətdə təkcə paytaxtda deyil, paytaxtdan kənarda da son dövrlər direktor, direktor müavinlərini işdən çıxarır. Bu da onların müəyyən dövrdə qüsurlara yol verdiklərinə, tədris proqramlarını düzgün formada tətbiq olunmamaları ilə əlaqədardır. Əlbəttə, könlümüz onu istəyir ki, orta ixtisas təhsili müəssisələrinin bəzilərinin verdiyi təhsil bizim bir çox nüfuzlu ali təhsil müəssisələrindən daha üstündür. İstər onların diplomları olsun, istərsə də tədris etdikləri təhsil olsun. İndiki mövcud durumda kolleclərdə təhsil alan tələbələrə elə bir keyfiyyətli təhsil təklif olunsun ki, əvvəlki dövrdə yaranan stereotip tamamilə sınsın”.
Ekspert əlavə edib ki, Nazirlər Kabinetinin qərarına görə, 2012-ci ildə kolleci bitirən məzunlara subbakalavr olduğu üçün ali təhsil müəssisələrinə müsabiqədə imtahan vermədən iştirak edə bilər: “Amma görünən odur ki, bu da çıxış yolu olmadı. Yenə də ali təhsildən asılılıq ortada qalır. Amma bizim əsas məqsədimiz ondan ibarətdir ki, bəzi kolleclərdə tədris olunan müəyyən ixtisaslar var, onlar müasir dövrün tələblərinə uyğunlaşdırılsın. Hansı ixtisaslara ehtiyac yaranarsa, həmin ixtisaslar kolleclərdə öz əksini tapmış olsun. Misal üçün, İqtisad Universitetinin nəzdində Maliyyə İqtisad Kolleci var. Kollecin konkret profili bəllidir ki, iqtisadiyönümlü ixtisaslar üzrə kadrların hazırlığını həyata keçirir. Amma Maliyyə İqtisad Kollecində isə subbakalavr bu gün istər dövlət qulluğunda, istərsə də özəl sektorda işə birbaşa qəbul oluna bilmir. Bizim istəyimiz ondan ibarətdir ki, həmin kollecləri bitirənlər profilə uyğun birbaşa kollec istiqamətində işləyə bilsin. Bunun da olması üçün mütləq tədris proqramları müasir dövrün tələblərinə uyğun qurulmalıdır ki, o təhsilə güvən yaransın. Başqa bir nümunə də deyim. Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya Kolleci var, adına uyğun olaraq burada informasiya texnologiyaları olmalıdır, kompüter sahəsi üzrə kadr hazırlığı həyata keçirilməlidir. Amma məsələn, trikotaj üzrə mütəxəssis hazırlayırlar. Bunu konkretləşdirib, dərzilik, trikotaj və sairə bu qəbildən olan ixtisas adı altında, vahid bir kollecdə kadr hazırlığını həyata keçirsələr, daha uyğun olar. Necə ki, Qida Sənaye Kolleci məhz bu istiqamətdə kadr hazırlığı həyata keçirir. Bu istiqamətdə kolleclərin sayını minimallaşdırmaq, yalnız müəyyən profildə hər hansı bir kollecin istiqamətini müəyyənləşdirmək, beləliklə, kadr hazırlığını həyata keçirmək lazımdır. Artıq agentlik yaradılıb, istər ali təhsil, istərsə də orta ixtisas təhsili ilə bağlı müəyyən qərarların verilməsi doğru addımdır. Qarşıda kolleclərin ali təhsil müəssisələrinə keçidi olacaq. Ola bilər ki, universitetlərdə müəyyən ixtisaslar bağlana bilər, yaxud idarəetmədə olan şəxslər vəzifədən azad oluna bilərlər. Yəqin ki, qarşıda bunu görə biləcəyik”.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ