Onlayn ictimai-siyasi qəzet
“Bir necə gün öncə Müsavat TV-nin efirində müsahibədə olarkən aparıcının dinlə bağlı verdiyi suala cavabım bəzi insanlar tərəfindən yanlış anlaşılıb. Mən Allaha inanmıram sözü işlətməmişəm, “bəzi dindarlara inanmıram” demişəm ki, bu da bütün dindarlara şamil olunmur”.
Musavat.com xəbər verir ki, bu sözləri “Qafqazinfo”ya məscidlərlə bağlı verdiyi açıqlamaya aydınlıq gətirərkən iş adamı İsfəndiyar Axundov deyib.
Şərurlu İsfəndiyar kimi tanınan biznesmen qeyd edib ki, burada söhbət dini dəyərlərimizə zidd fəaliyyət göstərən bəzi “dindar”lardan gedir:
“Dünyada cərəyan edən islam adı altında, din adı altında terror qruplarını təşkil edən və eyni zamanda Azərbaycan dövlətinin təməlini, din pərdəsi altında baltalayan, din çadrasına bürünmüş dövlətçiliyimizin, xalqımızın bugünkü firavan həyatımızın müxalifi olan ünsürlər haqqında fikir bildirmək istəmişəm. Sadəcə izahatım bir az doğru olmayıb, fikrimi tam çatdıra bilməmişəm. Sözüm xaricdən maliyyələşərək məqsədli şəkildə xalqımızın mentalitetinə və dini dəyərlərimizə zidd fəaliyyət göstərən bəzi “dindarlar”a idi.
Sirr deyil ki, dini radikalizm müasir dövrümüzün ən çox narahatlıq doğuran əsas problemlərdən biridir. 20-ci əsrin sonlarından başlayaraq, istər islami dini cərəyanlar arasında, istərsə də qeyri-islami dinlərdə radikallaşma meyilləri çoxluq təşkil edir. Baxın din uğrunda aparılan müharibələr, yaxud din pərdəsi altında həyata keçirilən işğalçılıq siyasəti də dini radikalizmin bir nümunəsidir. Dövrümüzdə dini radikalizm məzhəblər və dinlərarası dözümsüzlük, zorakılıq və dini motivlərlə törədilən terror aktları nəzərəçarpacaq dərəcədə artıb. Təəssüflər olsun ki, son illərdə islam radikalizmi kəskin yüksəlib və mən bundan qorxuram demək istəmişəm. Bunların hamısını efirdə saya bilmədim, bir kəlmə dedim ki, “Allaha inanıram, sadəcə dindarlardan qorxuram”.
İ.Axundov əlavə edib ki, sadaladığı tərəfdən formalaşan “dindarlar” əlbəttə ki, dünyaya, Azərbaycana, dövlətçiliyimizə, insanlığa, dinimizə qarşı böyük bir təhlükədir:
“Allahu Əkbər” şüarı ilə baş kəsən, bombalar partladan, terror aktı törədən dindarlardan gedir söhbət. Biz bunun şahidi olmuşuq, istər “meşə qardaşları”, istərsə də Bakı şəhərində “Əbu Bəkr” məscidində partlayış edənləri və sair buna bənzər olan, din pərdəsinə bürünən dindarları deyirəm. Mən dinimizin, dini dəyərlərimizin əleyhinə deyiləm, heç bir zaman da olmamışam. Mənim adım, soyadım, ata adım, övladlarımın adı hamısı dinə bağlı olan adlardır. Dinin əleyhinə olsaydım, övladıma dini ad verərdimmi heç? Bu, sadəcə, mənim fikrimi tam olaraq çatdıra bilmədiyimdən irəli gələn bir nüans olub. Əsla və əsla dinə qarışı deyiləm, olmaram da...”
Xatırladaq ki, Şərurlu İsfəndiyarın bir neçə gün əvvəl dilə gətirdiyi “Mənə imkan versələr, məscidləri söküb yerində məktəb tikərdim” fikri cəmiyyətdə müzakirələrə səbəb olmuşdu.
16 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ