İnsanlara hürriyət, millətlərə istiqlal!

Din-dövlət münasibətlərində yaranmış risklər: DQİDK ciddi addımlar atacaq


Azərbaycanda dini etiqad azadlığı qanunvericiliklə təmin olunur. Cəmiyyətdə mövcud olan ənənəvi ictimai dözümlülük və dövlətin yaratdığı şərait ölkəmizin dünyada tolerantlığın əsas məskənlərindən birinə çevirib. Ənənəvi və qeyri-ənənəvi dini cərəyanlar konstitusiyada təsbit olunmuş “din dövlətdən ayrıdır” prinsipini pozmadığı, dini icmaların siyasətə və dövlət idarəçiliyinə qarışmadığı, o cümlədən, milli dəyərlərə qarşı fəaliyyət göstərmədiyi müddətdə sərbəst fəaliyyət göstərə bilirlər. Bu gün ölkədə müsəlmanlarla yanaşı, pravoslav, Roma-katolik konfessiyaları, protestantlığın müxtəlif cərəyanları olan Yevangel-lüteranlar, Yevangel xristian baptistləri, 7-ci gün adventistləri, Molokan xristianları, Alban-udi xristian dini icması, Avropa yəhudiləri - əşkinazilər, dağ yəhudiləri olan sefartlar, gürcü yəhudiləri, eləcə də ənənəvi olmayan dini cərəyanların azad fəaliyyəti buna nümunədir.

Hərçənd, Azərbaycana din üzərindən kənar müdaxilələrin olduğu və milli təhlükəsizliyə risklərin yarandığı da faktdır. Bu, xüsusilə 2000-ci illərə qədər daha aktiv şəkildə baş verirdi.

Birincisi, 90-cı illərin siyasi xaosu, daha sonra milli dövlətçiliyin qurulması və möhkəmləndirilməsinin prioritet olması dini sferanı müəyyən qədər diqqətsiz qoymuşdu. Həm İslam dininin, həm də qeyri-İslam dinlərinin ənənəvi olmayan cərəyanları bu boşluqlardan istifadə edərək, missionerlik fəaliyyətlərini genişləndirmişdi.

İkincisi, dövlətin dini sahəyə nəzarət edəcək, din-dövlət münasibətlərini tənzimləyəcək qurumu mövcud deyildi.

Bu iki məqam qeyri-ənənəvi dini cərəyanların Azərbaycanda missionerlik fəaliyyətinə geniş imkanlar yaratmışdı və bir qayda olaraq, kənar qüvvələr öz maraqlarını din adı altında həyata keçirməyə çalışırdılar.

2001-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) yaradılması din-dövlət münasibətlərinin tənzimlənməsi, bu sahədə dövlət siyasətinin həyata keçirilməsi baxımından əhəmiyyətli addım oldu. Komitənin əsas missiyası da dini fəaliyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsi, dini qurumlarla bağlı qanunvericiliyin müddəalarına riayət olunması, müvafiq icra hakimiyyəti orqanlarının dini qurumlarla bağlı fəaliyyətinin əlaqələndirilməsi idi. Komitənin fəaliyyətə başlamasından ölkədə qeyri-ənənəvi dini cərəyanların fəaliyyətinin tənzimlənəcəyi, Azərbaycanın milli təhlükəsizliyinə qarşı dini müstəvidə kənar müdaxilələrin aradan qalxacağı, dini icmaların qanunvericliyin tələbinə uyğun olan fəaliyyət sferasına qayıdacağı gözlənilirdi.

Lakin Rafiq Əliyevin Komitəyə rəhbərlik etdiyi 2001-2006-cı illərdə bu gözləntilər özünü doğrultmadı, əksinə, iki təhlükəli tendensiya ortaya çıxdı.

1. Qeyri-ənənəvi cərəyanların fəaliyyət imkanları genişləndi. Hətta onların DQİDK-nin idarəçiliyində qeyri-rəsmi formada iştirak etdiyi haqda da məlumatlar vardı.
2. Ənənəvi dini cərəyanların siyasiləşməsi, ölkə içində “dini kanton” yaratmaq cəhdləri baş verdi. Bu vəziyyətin yaranması, 2005-ci ildə baş vermiş hadisələr Komitənin fəaliyyətsizliyindən, din-dövlət münasibətlərini tənzimləyə bilməməsindən qaynaqlanırdı.

2005-ci ildən sonra Komitədə rəhbər dəyişiklikləri baş versə də, vəziyyət düzəlmədi. Hətta gənc kadr kimi DQİDK-yə gətirilən rəhbər şəxslərin özləri qeyri-ənənəvi dini cərəyanların təsiri altında idi.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi vətəndaşları qəbul edəcək

DQİDK-nin öz missiyasını icra edə bilməməsi nəticəsində dövlət və milli təhlükəsizliyə ciddi təhdidlərin yaranması, kənar müdaxilələrlə ənənəvi və qeyri-ənənəvi dini cərəyanların ekstremizmə meyllənməsi uzaq tarixin hadisəsi deyil. Bir neçə fakt təhlükənin miqyasını anlamağa imkan verir.

a) Azərbaycanda artıq qeyri-rəsmi formada icmalaşan İslam dininin qeyri-ənənəvi cərəyanları 2010-cu ildən başlayaraq, aktivləşdi və İŞİD də daxil olmaqla terror qruplaşmalarının sıralarına qoşuldular. Dövlət bu təhlükənin qarşısını uğurla alsa da, 10 il öncə İŞİD-ə qoşulmaq üçün Yaxın Şərqə üz tutan ekstremistlərin müəyyən hissəsinin potensial təhlükə olaraq hələ də qaldığı istisna edilməməlidir.
b) İslamın ənənəvi cərəyanı arasında radikallaşan qruplar siyasi hakimiyyəti ələ keçirmək və konstitusiya quruluşu dəyişdirmək cəhdləri etdi. 2015-ci ildə baş verən Nardaran hadisələri yaxın keçmişin ən təhlükəli təcrübəsidir. Bu qruplaşmanın yarada biləcəyi risklər də hələ tam aradan qalxmayıb.

Təkcə bu iki fakt DQİDK-nin dini müstəvidə fəaliyyətini effektiv qura, din-dövlət münasibətlərini tənzimləyə bilməməsinin nəticəsi idi. Yaranmış təhdidlər dövlətin müdaxiləsi ilə böyük ölçüdə neytrallaşdı, lakin Komitə baş verənlərdən nəticə çıxararaq, effektiv fəaliyyətini tam qura bilmədi, yaxud qurmadı. Nəticə etibarilə, DQİDK-nin son illərdəki fəaliyyəti kölgədə qalmışdı.

Komitə sədri təyin edilən Ramin Məmmədov kimdir? - DOSYE

Prezident İlham Əliyevin 2024-cü il 8 aprel tarixli sərəncamı ilə Ramin Məmmədovun DQİDK-nin sədri vəzifəsinə təyin edilməsi dini müstəvidəki boşluqların aradan qaldırılması, mümkün risklərin neytrallaşdırılması və din-dövlət münasibətlərinin tənzimlənməsi istiqamətində effektiv fəaliyyətin qurulmasına ümidlər yaradıb.

R.Məmmədov 2023-cü ildə Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs kimi ona göstərilən etimadı doğrultdu. Mərkəzi hakimiyyətlə erməni sakinlər arasında uğurlu təmasların yaradılmasında onun diplomatik bacarığı da xüsusi rol oynayıb. Bu təcrübəsi R.Məmmədovun Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri kimi din-dövlət münasibətlərini effektiv şəkildə tənzimləyəcəyinə inam yaradır.

Ümid edirik ki, yaxın dövrdə qeyri-ənənəvi dini cərəyanların qanundan kənar fəaliyyətinin qarşısının alınması, ümumilikdə dini müstəvidə indiyə qədər qeyri-adekvat iş nəticəsində yaranmış risklərin aradan qaldırılması istiqamətində təsirli addımlar atılacaq.

Əli Rais,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR