İnsanlara hürriyət, millətlərə istiqlal!

Dərslər başlamamış kirayə mənzillər bahalaşır

Ekspert deyir ki, Bakıda köhnə binaların sökülməsi tələbələrin ev tapmasını çətinləşdirəcək

Yeni dərs ilinin başlamasına az müddət qalıb. Bir neçə gün sonra paytaxta tələbə axını başlayacaq. Xüsusilə də bölgələrdən gələn tələbələr Bakıda ev kirayələmək üçün daha erkən paytaxta dönməlidirlər. Çünki  ya qiymətlər olduqca baha olur, ya da ümumiyyətlə ev tapmaq əsl problemə çevrilir.  Ümumiyyətlə, avqust-sentyabr aylarında kirayə ev axtaranların sayının çox olması kirayə evlərə tələbatı artırır ki, bu da mənzil bazarında bahalaşmaya səbəb olur. Bəs, bu il necə olacaq? Paytaxtın hansı ərazilərində kirayə mənzillər bahalaşacaq?

Yeri gəlmişkən, daşınmaz əmlak bazarından bildirilir ki, son illər yerindən asılı olaraq, evlərin qiymətində təxminən 50-100 manat bahalaşma müşahidə olunur. 1000 manata və daha baha kirayə verilən mənzillərin qiymətləri isə əksinə ucuzlaşıb. Çünki bu sahədə icarəçi qıtlığı var.

Ekspertlər isə hesab edir ki, tələbatın artması yaxın günlərdə kəskin şəkildə müşahidə olunacaq və qiymətlər 15-20% artacaq. Odur ki, mütəxəssislər tövsiyə edir ki, kirayə mənzil axtaranlar tələsməlidirlər. Çünki  paytaxtda ucuz mənzillərin təklif portfelindəki payı çox sürətlə məhdudlaşır. Bəs niyə bu il vəziyyət daha da kritikləşib?

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, hər il ənənəvi olaraq avqust ayının sonundan başlayaraq bölgələrdən minlərlə tələbə paytaxta təhsil almaq üçün gəlir: “Bölgələrdən gələn tələbələrin böyük əksəriyyəti yataqxanalarda yer olmadığı üçün, bəzi ali təhsil müəssisələrinin yataqxanası olmadığı üçün onlar məcburən kirayə qalmalı olurlar. Artıq son illərə nəzər salsaq, hər il kirayə mənzil bazarında qiymət artımları baş verir. Kirayə mənzillərin sayında azalmalar müşahidə olunur. Kirayə mənzillərin sayının azalmasına səbəb 2016-cı ildən başlayaraq Nazirlər Kabinetinin  sərəncamı ilə Bakıda pilot layihələr üzərindən köhnə yaşayış binalarının sökülməsi məsələsi ilə əlaqədardır ki, artıq çox sayda köhnə çoxmənzilli binalar sökülərək yeni tikili binalarla əvəz olunub. Hazırda bu proseslər davam edir. Köhnə çoxmənzilli binalar sökülərkən binalarda yaşayan sakinlər məcburən onlara yeni tikilən binalara mənzil verilən müddətə qədər təqribi 2-3 il müddətində kirayə çıxmalı olurlar. Həmin binalardakı kirayəlik mənzillər isə artıq kirayə bazarından çıxmış olur. Köhnə tikili binalarla yeni tikili binalar arasında demək olar ki, iki dəfəyə qədər qiymət fərqi var. Əvvəlki illərdə köhnə tikili binalarda birotaqlı mənzili 300 manata tapmaq olurdusa, bu, yeni tikili binalarda təqribən 500 manatdan başlayır. Otaq sayı artdıqca qiymətlərdə də artımlar müşahidə olunur. Yaxın gələcəkdə Bakı ərazisində köhnə çoxmənzilli yaşayış binaları sökülüb azaldılsa, ucuz əlçatan rəqəmlər olmayacaq. Tələbələrin də bölgələrdən təhsil almaq üçün gəlməsi həm kirayə bazarında köhnə binaların sökülməsi ilə əlaqədar ucuz mənzillərin azalması ilə bağlı problem yaradır. Digər tərəfdən, tələbələr Bakıətrafı, Abşeron və digər ərazilərə üz tuturlar ki, bu ərazilərdə də kirayə mənzillərin qiymətləri mərkəzə nisbətən daha ucuzdur. Lakin bu səbəbdən artıq tələbələr məcburən gün ərzində bir neçə saatlarını yalnız yollarda itirməli olurlar ki, bu da onların təhsildən geri qalmasına səbəb ola bilər. Yaxın gələcəkdə artıq paytaxt ərazisindəki köhnə çoxmənzilli binaların sökülməsi tələbələrin metrostansiyalara yaxın ərazilərdən ev tapmayacağından xəbər verir”.

Ekspert: “Dövlət elə bir şərait qurmaq istəyir ki, geri dönüş də maraqlı  olsun” - 07.02.2021, Sputnik Azərbaycan

 Elnur Fərzəliyev 

Ekspertin sözlərinə görə, bir zamanlar yataqxanalar vardı ki, I Qarabağ müharibəsində məcburi köçkünlərimiz həmin yataqxanalara sığındılar: “Artıq həmin məcburi köçkünlərin böyük əksəriyyəti dövlət tərəfindən evlə təmin olunub. Azad olunmuş torpaqlarda tikinti bərpa işləri davam edir, məcburi köçkünlərin bir hissəsi artıq həmin ərazilərə köçürülüb, bu köç prosesi də davam edir. Paytaxtda tikintinin qiymətini artıran əsas amil torpaq sahəsidir ki, artıq Bakıda çoxmənzilli yaşayış binaları üçün torpaq sahələri məhdud saydadır. Və qiymətlər fantastik bahadır. Lakin həmin tələbə yataqxanalarının özləri hazırda  yaşayış üçün yararsız olsa da, ali təhsil müəssisələrinə yaxın ərazilərdə torpaq sahələri var ki, köhnə yataqxanalar sökülərək onların yerində daha müasir, çoxmərtəbəli, yeni tipli tələbə yataqxanaları inşa olunarsa, bu həm tələbələrin kirayə mənzil problemini həll edəcək, həmçinin kirayə mənzil bazarında qiymətlərin ucuzlaşmasına gətirib çıxara bilər”.

E.Fərzəliyev əlavə edib ki, kirayə mənzillər daha çox Yasamal, Nərimanov və Nəsimi rayonlarındadır ki, buna da səbəb bu ərazilərdə köhnə üç-beşmərtəbəli binaların çoxluğudur: “Amma şəhərin digər ərazilərində- ”Neftçilər", “Həzi Aslanov” və “Xalqlar Dostluğu” ərazisindəki köhnə çoxmənzilli binaların böyük əksəriyyəti doqquzmərtəbəli binalar olduğuna görə həmin binaların söküntü prosesi uzun illər baş tutmayacaq. Çünki onları istismar müddətini bitirməyib. Onlar qəzalı deyil. Düşünürəm ki, həmin ərazilərdə kirayə qiymətlərində elə ciddi artımlar baş verməyib".

Kirayə mənzillərin qiymətinin artmasına şəxsi evini kirayəyə verən vətəndaşın vergi ödəməsi də təsir edə bilər. 

Vergilər Nazirliyinin açıqlamasında bildirilib ki, əmlak icarəsindən əldə edilən gəlir fiziki şəxsin qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəliri hesab edilir. Fiziki şəxsə icarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi qeydiyyatda olduğu halda ödəmə mənbəyindən 14 faiz məbləğində vergi tutmalı və bu barədə vergi orqanına rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq hesabat təqdim etməlidir.

İcarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi qeydiyyatda olmadığı halda, əmlakın sahibi vergi orqanında qeydiyyata durmalı, əldə etdiyi gəlirdən illik 14 faiz həcmində gəlir vergisi ödəməli və vergi orqanına “Gəlir vergisi bəyannaməsi” təqdim etməlidir. Bu məqam Vergi Məcəlləsinin 99.3-cü maddəsində əksini tapıb. Məcəllənin 124-cü maddəsində isə göstərilib ki, daşınan və daşınmaz əmlak üçün icarə haqqından, həmçinin rezidentin və ya qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin ödədiyi və ya onun adından ödənilən royaltidən gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. İcarə haqqı və royaltidən gəlir əldə edən fiziki şəxslərdən Vergi Məcəlləsinin 124.1-ci maddəsinə uyğun olaraq vergi tutulmuşdursa və ya onun tərəfindən ödənilmişdirsə, həmin gəlirlərdən bir daha vergi tutulmur.

Vergi Məcəlləsinin 124.4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında daşınmaz əmlakın (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan yaşayış fondu istisna edilməklə) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləği bu Məcəllənin 14-cü maddəsinə uyğun olaraq, bazar qiyməti nəzərə alınmaqla müəyyən edilir.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR