İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatın təhsil nazirinə sərt tənqidi, ekspertin ilginc şərhi

Emin Əmrullayevin siniflərdə şagird sıxlığının təhsilin keyfiyyətinə təsir etmədiyi haqda dediklərinə deputatdan reaksiya: “Belə bir fikir söyləmək üçün insan ya auditoriyadakı vəziyyətdən xəbərsiz olmalıdır, ya da...”

Elm və təhsil naziri Emin Əmrullayev “İctimai TV”yə müsahibəsində “Ən yaxşı təhsil sistemi Sinqapurdadır. Orada bir sinifdə standart olaraq 40 şagird təhsil alır. Keyfiyyəti, hazırlığı yerində olan müəllim hazırlığı yerində olmayan müəllimin 6 uşaqla göstərdiyindən daha yaxşı nəticəni 40 uşaqla göstərir. Bizim təhsil sistemimizin sıxlıq problemi yoxdur. Sıxlıq yalnız bir neçə məktəbdə var” fikirlərini səsləndirib. 

Nazir sinifdə daha çox şagirdin oxumasının təhsil prosesinə mənfi təsir göstərməsini mif adlandırıb. Nazirin bu fikirləri ictimai narazılığa səbəb olub. Bildirilir ki, 10-20 nəfərlə keçirilən dərslərin keyfiyyəti yoxdur, 40 nəfərlə necə ola bilər? 

Ceyhun Məmmədov - YouTube

Ceyhun Məmmədov

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov Pravda.az-a açıqlamasında nazirin fikirlərinə  belə münasibət bildirib:  “Mən parlamentdə də məsələni qaldırmışdım ki, bu gün xüsusilə Bakıdakı məktəblərdə çox ciddi sıxlıq var. Sıxlıq özünü Bakı kəndlərində və bəzi rayonlarda da ciddi şəkildə göstərir. Elm və Təhsil Nazirliyi problemdən çıxış yolu axtarmaq əvəzinə, Azərbaycan xalqını bu məsələ ilə barışmağa çağırır, sıxlığın normal olduğunu söyləyir. Belə bir fikir söyləmək üçün insan ya auditoriyadakı vəziyyətdən xəbərsiz olmalıdır, ya da bu, bilərəkdən real vəziyyəti təhrif etmək məqsədi daşıyır. Bu məsələdə dünya standartları, eyni zamanda Azərbaycan reallığı var. Azərbaycan reallığında bir sinifdə 40 tələbənin olması dərslərin keyfiyyətinə çox ciddi təsir göstərir. Təhsil ictimaiyyətinin də tənqidi reaksiya verməsi təbiidir. Çünki nazir Emin Əmrullayevin açıqlaması real vəziyyətlə uyğun gəlmir. Hesab edirəm, bu kimi açıqlamalar verilərkən çox ehtiyatlı və diqqətli olmaq lazımdır. İnsanları bu vəziyyətlə barışmağa yox, mərkəzi icra hakimiyyəti kimi aidiyyəti qurumlar qarşısında məsələ qaldırmalıyıq ki, məktəblərdəki sıxlıq aradan qaldırılsın. Sıxlığın həlli yolu ondan keçir ki, yeni məktəblər tikilsin, yaxud hər bir şagird öz bölgəsindəki məktəbdə təhsil alsın. Belə məsələlərin cəmiyyətə açıq-aydın ötürülməsi stereotiplərin qırılması deyil, əslində Azərbaycan təhsilinə yanaşmanın düzgün və sağlam olmamasının göstəricisidir”.  

Kamran Əsədov: “Məcburi "könüllü" ərizəsi nə üçündür?” Pravda.az

Kamran Əsədov 

Təhsil eksperti Kamran Əsədov hesab edir ki, Emin Əmrullayevin mətbuat konfransı, brifinq və müsahibələrində dedikləri məqsədyönlü şəkildə kontekstdən çıxarılıb müxaliflərin və ya peşəkar olmayanların müzakirəsinə verilir.  Ekspertin fikrincə, nazir bütün tənqidlərinə rəğmən media və cəmiyyətə mesajını bu ölkənin bir vətəndaşı kimi yalnız ictimai müzakirə üçün verir, lakin hər dəfə adekvat və elmi müzakirə əvəzinə bu fikirlər “təhsil islahatlarından zərbə görənlərin təhriki ilə təhqir ritorikasına çevrilir”: “Elm və təhsil naziri əvvəlki illərdə qeyd etdiyi və geniş müzakirə predmeti olan sinifdə şagird nailiyyətlərinin onların sayı ilə düz, yoxsa tərs mütənasib olması fikrinə təkrar olaraq müraciət edib. Ölkə məktəblərində 100 minə qədər olan siniflər arasında şagird sayı 40-a qədər olan siniflərin sayı bir neçə 100 ədədlə ifadə olunur. Nazir də Dövlət İmtahan Mərkəzinin, yəni nazirliyə tabe olmayan müstəqil qurumun apardığı mərkəzləşmiş test imtahanlarına əsaslanıb deyir ki, şagird sayı 40 nəfər civarında olan sinifdə şagird nailiyyətləri şagird sayı 20 nəfər civarında olan siniflərin keyfiyyət göstəriciləri ilə fərqlənmir. O cümlədən nazir beynəlxalq tədqiqatlara əsaslanıb xarici ölkələr üzərində konkret misallarla da arqumentini əsaslandırır. Nazirin fikrini ölkəmiz və xarici ölkələr üzərində statistik nəticə ilə ortaya qoyduğu halda ona qarşı yönələn fikirlər təəssüf ki, məişət zəminindən o tərəfə ötmür. Sanki nazir onsuz da ölkə məktəblərinin 1 faizini belə təşkil etməyən çox şagirdli siniflərin yaradılmasını dəstəkləyir və bu siniflər məhz nazirliyin günahı üzərindən yaranıb.

Halbuki hər bir məktəb təhsil qanunvericiliyinin tələbinə görə sinfin həcmi imkan verdiyi halda, 30 nəfərdən artıq olduqda ikiyə bölünür və sonrakı siniflər 20 nəfər olmaqla komplektləşdirilir. Sayları 30 nəfərdən artıq olan siniflər yalnız şagird yerdəyişməsi və valideynlərin məhz həmin məktəbdə övladlarının oxumasına israrı nəticəsində sonradan yaranır.

Şagird sayı 30 nəfərdən artıq olan siniflərin sonradan paralel siniflərə bölünməsinə də qanunvercilik imkan verir, sadəcə, bəzi hallarda həmin məktəbin çoxnövbəli rejimdə işləməsi və sinif otaqlarının sayı növbəti siniflərin komplektlədirilməsinə imkan vermir. Bir sözlə, nazir nə çox şagirdli sinifləri təqdir edir, nə də belə siniflərdə təlim nəticələrinin daha yüksək olduğunu bildirir. O, sadəcə, konkret rəqəm və faktlara əsaslanıb bunun təlim nəticələrinə ciddi maneə olmadığını, bu problemi yaradan digər hallara köklənməyi və onları həll etmək lazım olduğunu vurğulayır. Övladının sinfin ön partalarında oturmasını onun təlim nəticələrinə müsbət təsir etdiyinə inanan kütlənin bu məsələyə təhqir ritorikası ilə yanaşması təbiidir, lakin özlərini təhsilə bağlı hesab edənlərin qrup halında məsələyə münasibəti təəssüfedicidir. Oxuyub-anlama bacarıqları zəif olan insanları haradasa başa düşmək olar, lakin dinlədiyini anlamayanları heç cür başa düşmək olmur.

Bundan əlavə, nazir burada həm də müəllimlərin peşəkarlıq səviyyəsinə diqqəti yönəldir. Belə ki, əgər müzakirə olunan kimi, müəllim peşəkarlığı yüksək olsa idi, azsaylı şagird olan siniflərin tədris göstəriciləri şagird sayı çox olanlardan yüksək ola bilərdi. Amma biz DİM-in nəşr etdiyi “Abituriyent” jurnalının 12-ci sayında olan statistikaya əsasən deyə bilərik ki, şagird sayı çox olan siniflərin qəbul və buraxılış imtahanında nəticəsində ciddi bir fərq yoxdur".

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR