İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatdan Türkiyə-Ermənistan danışıqları ilə bağlı ilginc açıqlamalar

 

Arzu Nağıyev: “Ermənistan tərəfi iddia edir ki...”

“Ermənistanda baş verən son hadisələr fonunda Türkiyə tərəfi ilə Ermənistan rəsmilərinin verdikləri bəyanatlarda müəyyən qədər üst- üstə düşməyən məqamlar var”.

Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev bu fikirləri Musavat.com-a açıqlamasında bildirdi.

Qeyd edək ki, mayın 3-də Türkiyə və Ermənistanın rəsmi şəxsləri - Türkiyə təmsilçisi Serdar Kılıç və Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan arasında Avstriyanın paytaxtı Vyana şəhərində görüş keçirilib və bundan sonra hər iki tərəfin açıqlaması yayılıb.

A.Nağıyev isə görüş sonrası durumla bağlı bunları söylədi: “May ayının 3-də Vyanada Türkiyə və Ermənistanın xüsusi nümayəndələri, səfir Sərdar Kılıç və Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan arasında iki ölkə arasında münasibətlərin normallaşdırılması üzrə danışıqların üçüncü raundu keçirilib və verilən məlumatlara görə, tərəflər heç bir şərt olmadan prosesi davam etdirmək barədə razılığa gəliblər,  nəzərəçarpacaq irəliləyiş üçün atıla biləcək mümkün addımlar müzakirə olunub. Öz növbəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə bildirib ki, Ermənistan-Türkiyə sərhədinin dəqiqləşdirilməsi üçün ermənilərlə razılaşma var, paralel olaraq onu da qeyd edib ki, Ermənistan və Azərbaycan arasında birgə komissiyanın yaradılması barədə razılıq əldə olunub”.  

Deputatın sözlərinə görə, son məqsədə çatmaq üçün Azərbaycanın maraqları da mütləq nəzərə alınmalıdır və qarşılıqlı ittihamlar və şərtlər də mütləq danışıqlar predmeti olacaqdır: “Bu şərtlər də təbii ki, müzakirə edilib. Eyni zamanda qeyd etmək lazımdır ki, danışıqların birinci raundu yanvarın 14-də Moskvada baş tutub və iki ölkə arasında 2020-ci ildə dayandırılmış hava əlaqəsini bərpa etmək barədə razılığa gəliblər. Bundan sonra xüsusi nümayəndələr fevralın 24-də Vyanada ikinci dəfə görüşüblər. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Türkiyənin Antalya şəhərində keçirilən illik Diplomatik Forumda iştirak edən vaxt da məsələ müzakirə olundu. Bütün bunlara baxmayaraq, Ermənistan tərəfi iddia edir ki, danışıqlarda Ermənistanla Türkiyə arasında sərhədin dəqiqləşdirilməsi ilə bağlı heç bir müzakirə, razılaşma yoxdur. Yəni danışıqların getməsinə baxmayaraq, hələ dəqiq bir fikir ortaya qoyulmayıb və təbii ki, burada həm Rusiyanın, həm də Qərbin maraqları var. Yəni nəzər dairəsi mütləq şəkildə özünü büruzə verir və bu, Cənubi Qafqazda Azərbaycansız mümkün olmayacaq”.

E.Paşasoy,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR