İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatdan sahibsiz heyvanlarla bağlı həyəcanlı çıxış və təkliflər  

“Şəhər və rayonlarımızda sahibsiz heyvanlarla bağlı ciddi problemlər yaranıb. Son bir ildə təkcə Gəncə şəhərində 1200-dən çox it dişləmə hadisəsi üzrə təcili tibbi yardım xidmətinə müraciət edilib. Bu rəqəm sahibsiz heyvanların şəhər və rayonlarımızda yaratdığı təhlükəni açıq-aydın göstərir. Sahibsiz heyvanların peyvənd edilməməsi və onlara tibbi yardımın göstərilməməsi nəticəsində quduzluq və digər xəstəliklərin yayılması riski artmaqdadır”.

Musavat.com-un məlumatına görə, deputat Naqif Həmzəyev bunu Milli Məclisin iclasındakı çıxışında deyib.

Problemi təsvir etmək üçün əlavə edib ki, şəhər və rayonlarımızda sahibsiz heyvanlar üçün sığınacaqlar mövcud deyil:

“Heyvanlar mütəmadi olaraq peyvənd edilmir və tibbi yardım almır. Şəhər və rayonların mərkəzi parklarında, küçələrində belə sahibsiz heyvanların sakinlər üçün ciddi problem yaratdığına şəxsən şahidlik etmişəm. Bu da sakinlərimizin sağlamlığı üçün ciddi təhlükə yaradır”.

N.Həmzəyev mövcud problemlərin həlli  istiqamətində təkliflərini irəli sürüb:

 “Birinci, sahibsiz heyvanların təhlükəsizliyini təmin etmək və onların vəziyyətini yaxşılaşdırmaq üçün müvafiq qanunvericilikdəki boşluqları aradan qaldırılmalıdır və ya sahibsiz heyvanlar haqqında yeni qanun hazırlanmalıdır. İkincisi, sahibsiz heyvanlar üçün müvəqqəti sığınacaqların yaradılması, onların təhlükəsiz şəkildə saxlanılması üçün vacib bir addımdır. Bu sığınacaqlar, heyvanların tibbi müayinəsi və müalicəsi üçün də istifadə oluna bilər. Üçüncü, sahibsiz heyvanların mütəmadi olaraq peyvənd edilməsi, xüsusilə quduzluq əleyhinə peyvəndlərin icrası, bu cür xəstəliklərin yayılmasının qarşısını ala bilər. Dördüncü, sahibsiz heyvanlara tibbi yardım göstərilməsi üçün mobil klinikaların təşkili, onların mütəmadi olaraq yoxlanılması və müalicəsi üçün faydalı ola bilər. Beşinci, şəhər sakinləri arasında sahibsiz heyvanlara qarşı düzgün münasibətin təşviq edilməsi üçün maarifləndirmə kampaniyalarının keçirilməsi vacibdir. İnsanlara sahibsiz heyvanlarla necə davranmaq və onları qorumaq haqqında məlumat vermək məqsədəuyğundur. Altıncı, sahibsiz heyvanların problemlərinin həlli üçün kifayət qədər vəsait ayrılmalıdır. Bu vəsaitlər sığınacaqların yaradılması, peyvənd proqramlarının icrası və tibbi yardımın göstərilməsi üçün istifadə olunmalıdır. Yeddinci, sahibsiz heyvanların problemləri ilə hansı qurumların məşğul olacağı dəqiqləşdirilməlidir və onların fəaliyyətləri əlaqələndirilməlidir”.

Deputat sonda qeyd edib ki, bu problemlərin həllinə birgə səylərimizi yönəltmək, şəhər və rayonlarımızda sahibsiz heyvanların vəziyyətini yaxşılaşdırmaq üçün Milli Məclisdə ictiami dinləmə keçirməklə ən əsas töhfəni verə bilərik: “İnanıram ki, sadaladığım addımlar, sahibsiz heyvanların sakinlərimizlə birlikdə təhlükəsiz və sağlam şəraitdə yaşamasına kömək edəcəkdir”.

E.Paşasoy,

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR