İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputata qarşı təxribatın arxasında kim(lər) var, səbəb nə...

Əziz Ələkbərli: “Hazırda aidiyyəti orqanlar araşdırma aparırlar və...”

“Bəzi saytlarda ”Emmanuel Lustin" adına Facebook sosial şəbəkə platformasında 2022-ci il 17 iyun tarixində yayımlanmış və 157.502 bəyənmə sayına malik videonun mənim adıma olan sosial şəbəkə profilləri tərəfindən izlənildiyi və bəyənildiyi iddia olunmuşdur". “Yeni Müsavat” xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Əziz Ələkbərli öz feysbuk hesabında yazıb.

O, qeyd edib ki, şəxsi istifadəsində olan iki “Facebook” profili vardır ki, onların heç biri tərəfindən qeyd edilən video izlənilməmiş və videoya münasibət bildirilməyib.  “Buna baxmayaraq, haqqımda xoşagəlməz və qeyri-dəqiq informasiyanın yayılması, şəxsimə qarşı yönəlmiş qərəzli saxta məlumatlar paylaşılması məndə və yaxın ətrafımda olan insanlarda təəssüf hissi doğurub. Bu addımı atanların əsl niyyəti sifarişlə mənim ictimai nüfuzuma zərər vurmaqdır. Qeyd edilən məlumatlarla bağlı köməkçim sosial şəbəkə mütəxəssisləri ilə birgə araşdırma aparıb. Bu araşdırmalar da yayılan xəbərin tamamilə saxta olduğunu üzə çıxarıb.

Araşdırma nəticəsində məlum olub ki, “Emmanuel Lustin” adına “Facebook” sosial şəbəkə platformasında 6 səhifə mövcuddur və ən çox izlənilən (555.000) səhifədə yalnız 2022-ci ilin yanvarından bugünədək paylaşılan videolar mövcuddur. 

Paylaşılan ekran çəkimində (screenshot) olan profil fotosu və “Mremmanuellustin” adlı “Facebook” səhifəsində 2022-ci ilin 10 iyun və 1 avqust tarixləri arasında müəllifin paylaşdığı videoların maksimum bəyənmə sayı 20.000, orta hesabla 10-17.000-dir. 2021-ci ildə yaradılan profildə ilk paylaşım 2022-ci il 27 yanvarda olub və 2023-cü il 21 avqusta qədər paylaşımları arasında 100.000 bəyənməsi olan yeganə postu 15.8 milyon baxış və 6600 şərhi var. Digər milyondan çox baxışı olan 13 videosunun heç birində bəyənmə sayı 100.000-ə çatmır. Texniki şərtlərə uyğun olaraq “Facebook” paylaşımı ekran görüntüsü çəkilərkən “videonu bağla” işarəsi göründüyü halda videonun aşağı sağ küncündə bəyənmə, şərh və paylaşım sayı görünməlidir. Videonu böyütmək üçün nəzərdə tutulan işarə ilə sağ yuxarı küncdə olan ekran işarəsi eyni xəttin üzərində perpendikulyar formada yerləşməlidir. Eyni zamanda sağ yuxarı küncdə ekran işarəsi qara çərçivə içərisində ağ rəngdə olmalıdır. Bəyənənlər və paylaşanlara dair məlumatlar eyni sətirdə olduğu halda sol və sağ tərəf paralel deyil və sağ tərəfdəki məlumatların aşağı hissəsi oxunmur, bu da şəklin sonradan hazırlandığını göstərir. Bəyənənlər bölməsində yalnız bəyənməyə dair icon görünsə də, digər mümkün reaksiya işarələri görünmür, halbuki o xüsusiyyət 2019-cu ildən etibarən Facebook-da mövcuddur.

2022-ci il 17 iyunda paylaşılan videonun bəyənmə sayı 189, şərh sayı - 10, paylaşım sayı - 75, baxış sayı - 50.100-dür. Ekran şəkli paylaşılan postdakı video 2022-ci il 13 iyun tarixində “Emmanuel Lustin” tərəfindən paylaşılıb və 133 bəyənmə, 2 şərh, 19 paylaşım, 18.100 baxış qazanıb. 

“Google” axtarış platformasında iddia olunan ekran paylaşımındakı başlıq və tarix axtarışı verilərkən orda göstərilən kimi “17 iyun 2022" yox, 16 iyun 2022-ci il göstərilib və videonun müəllif tərəfindən silindiyi qeyd edilir. Silinən postun texniki göstəricilərini müəllifin digər videoları ilə müqayisə etdikdə xüsusi proqramlar vasitəsilə artırılmış rəqəmləri görmək mümkündür.

Bütün bu faktlar onu göstərir ki, haqqımda bəhs edilən saxta məlumatda göstərilən şəkil hansısa şəxs tərəfindən proqram vasitəsilə düzəldilib, digər şəkillərdən hissələr kəsilərək montaj olunub və yayımlanıb. 

Deputat “Media haqqında” Qanununla, həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ olduğunu xatırladıb.  

“Əks halda yuxarıda qeyd edilən Qanunun müvafiq maddələri ilə media subyekti tərəfindən fiziki şəxs barəsində yayılmış həqiqətə uyğun olmayan məlumatlar nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini məhkəmə qaydasında tələb etmək, həmçinin həmin şəxsə dair məlumatların təqdim edilməsində yol verilmiş birtərəfliliyə (əvvəlcədən maraqlı tərəfin mövqeyinin alınmamasına) görə zəruri tədbirlərin görülməsi məqsədilə aidiyyəti dövlət qurumuna müraciət hüququnu özümdə saxlayıram”.

Bəs görəsən, bu təxribatın arxasında nə və ya kim dayanır? Deputatın Qərbi Azərbaycan İcmasındakı  fəaliyyəti, yoxsa...

Məsələ ilə bağlı deputat Əziz Ələkbərlinin özü ilə əlaqə saxladıq. O, “Yeni Müsavat”a bunları dedi: “Mən feysbukda bunun saxta olduğunu yazmışam. Mövqeyimi ətraflı bildirmişəm. Hazırda aidiyyəti orqanlar araşdırma aparırlar. Yalnız bundan sonra, nəticələr aydın olandan sonra məlumat verə bilərəm”. 

Ümumiyyətlə isə yalnız deputat Əziz Ələkbərli deyil, bu günə kimi bir çox feysbuk istifadəçiləri tərəfindən də buna bənzər faktlarla bağlı narazılıqlar var. Belə ki, feysbuk şəbəkəsinin “mesencer” bölməsindən bəzi insanlara tanınmayan şəxslər tərəfindən video zənglər edilir. Qeyd edilir ki, əgər həmin video zəng açılırsa, o şəxsin bəzən bir görüntüsü belə kifayət edir ki, sonradan onu intim görüntülərinə görə şantaj etsinlər. Son dövrlər bu səpgidə şikayətlərin sayı artmaqdadır. Bəs görəsən, insanlar dələduzların toruna düşməmək üçün nə etməlidirlər? Bu kimi halların qarşısı necə alına bilər?

Osman Gündüz — Vikipediya

Osman Gündüz 

Mövzu ilə bağlı Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz “Yeni Müsavat”a dedi ki,  burada istifadəçinin özündən çox şey asılıdır: “Sosial media açıq bir şəbəkədir. Dünyanın istənilən ölkəsində, eləcə də Azərbaycanda sosial media, internet istifadəçiləri ilə bağlı müəyyən risklər, təhlükələr ola bilər. Burada birinci şərt istifadəçinin özünün elementar təhlükəsizlik qaydalarına riayət etməsidir. Deyək ki, təhlükəli mesajlara reaksiya verməməlidir. Biz bunun adına deyirik elementar təhlükəsizlik qaydaları. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əsasnaməsində qeyd olunub ki, bu qurum vətəndaşa informasiya təhlükəsizliyi ilə bağlı metodiki informasiya dəstəyi göstərməlidir. Odur ki, ilk olaraq vətəndaş bu quruma müraciət edə bilər. Əgər istifadəçi üçün problem olubsa, burada bir kriminal hadisə baş veribsə, yəni onun şəxsi məlumatları oğurlanıbsa, sosial media hesabı ələ keçirilibsə, burada artıq vətəndaş dərhal ikinci varianta, hüquq-mühafizə orqanlarına müraciət etməlidir. Feysbukun administrasiyasına , yaxud hansı sosial mediadan istifadə edirsə, onun administrasiyasına, mütəxəssislərə  müraciət etməlidir ki, vəziyyətdən çıxa bilsin. Hesab edirəm ki, hökumət, dövlət qurumları, xüsusən də Elektron Təhlükəsizlik Xidməti, son günlərdə Daxili İşlər Nazirliyinin kibertəhlükəsizliklə bağlı bir qurumu yaradılıb, bütün bu qurumlara baş verən hadisələrlə bağlı müraciət edilə bilər”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR