Onlayn ictimai-siyasi qəzet
“Bu günlərdə mətbuatda Qazaxıstanda işləyən azərbaycanlı iş adamı Amil Yusifovun Aktau şəhərində qəzaya uğrayan Azərbaycan təyyarəsində həlak olan bir qrup Aktau sakininin ailəsinə Almata şəhərində təmirli, bütün ləvazimatlarla təmin olunmuş iki otaqlı mənzil bağışladığı barədə xəbər yayılmışdı. Bundan başqa, Amil Yusifov Aktau Fövqəladə Hallar Nazirliyinə, Aktau Hərbi Hospitalına və Aktau Xəstəxanasına tam avadanlıqlarla təchiz edilmiş tibbi yardım maşınlarını hədiyyə edib. Bu xəbər Qazaxıstan mətbuatında, sosial şəbəkələrdə indiyədək müzakirə edilən bir nömrəli məsələdir. Qazaxlar azərbaycanlı iş adamının 5 qazax ailəsinin problemini kökündən həll etdiyini və Qazaxıstan idarələrinə avtomobil hədiyyə etməsini Azərbaycan-Qazaxıstan dostluğunun parlaq nümunəsi kimi, azərbaycanlı iş adamlarının dərin mənəviyyata malik olması kimi qiymətləndirir”.
Bu sözləri Musavat.com-a deputat Aydın Mirzəzadə deyib. Milli Məclis üzvü bildirib ki, bu xəbər onun diqqətini cəlb edib: “Mən həmin azərbaycanlı biznesmenin iş telefonunu tapdım, dünən ona zəng etdim, onun hərəkətindən qürur duyduğum bildirdim. Onun hərəkətinin Azərbaycan və Qazaxıstan arasında, Azərbaycan və qazax xalqları arasında dostluğun möhkəmlənməsində çox gözəl nümunə olduğunu bildirdim. Öz təşəbbüsü ilə etdiyi addımla Azərbaycanı dünyaya bir daha tanıtdı. Bu gün türk dünyasının birliyi dediyimiz məsələdə onun da bir türk oğlu olaraq böyük bir iş gördüyünü söylədim. Cavabında onun səmimiyyət, təvazökarlıq hissini müşahidə etdim. İlk növbədə cənab Prezidentin bugünki böyük fəaliyyətinə müsbət qiymət verdi. Etdiyinin Azərbaycan dövlətinə və xalqına aid olduğunu, elə də böyük iş görmədiyini vurğuladı. Bildirdi ki, bu, ürəkdən gələn bir məsələ idi bunu edəndə cənab Prezidentdən nümunə götürürdü, Azərbaycan xalqının min illərdən gələn xüsusiyyətlərinə əsaslanırdı. Bunu özünün vətəndaşlıq borcu kimi qiymətləndir. Danışdıq, münasibətimiz yarandı”.
A.Mirzəzadənin sözlərinə görə, A.Yusifovu Bakıya dəvət edib: “Onunla görüşmək niyyətində olduğumuzu, eyni zamanda Bakıda olarkən onu yaxından tanınmaq istəyimi ifadə etdim. Bir daha gördüm ki, xaricdə yaşayan diaspor nümayəndələrimiz xalqımızı layiqində təmsil edirlər, yaşadıqları ölkənin gündəlik həyatı ilə yaşayırlar və özlərini doğrudan da ən müsbət tərəfdən tanıdırlar. Bu günlər Qazaxıstan sosial şəbəkəsində, mətbuatda çox qızğın şəkildə Amil Yusifovun hərəkəti təqdir edilir, ona minnətdarlıq bildirilir. Digərlərinin də ondan nümunə götürməsi istənilir”.
ELŞAD,
Musavat.com
13 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ