Onlayn ictimai-siyasi qəzet
Deputat müharibə veteranına azadlıqda ölmək haqqı istədi, vermədilər – MƏHBUS HƏBSDƏ ÖLDÜ
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin son iclasında sarsıdıcı bir faktı açıqladı. Musavat.com xəbər verir ki, deputat onun köməkçisi Niyaməddin Orduxanlının qardaşı, Birinci Qarabağ müharibəsi iştirakçısı, 3 uşaq atasının, 4-cü dərəcəli xərçəng xəstəliyindən əziyyət çəkdiyi halda həbsxanada can verdiyini deyib. Deputatın sözlərindən bəlli olub ki, Orduxanlının qardaşına 1 il 6 ay cəza təyin edilib.
O buraxılmalı idi ki, sadəcə 3 uşağının, ailəsinin, yaxınlarının əhatəsində dünyasını dəyişsin!
Deputat parlamentdə ağır xəstə olan məhbusun xəstəliyi ilə əlaqədar azadlığa buraxılması üçün etdiyi müraciətlərdən danışıb.
Sitat:
“Hörmətli sədr, bu ürəkağrıdıcı bir məsələdir, bu, hamımıza aiddir. Niyaməddin Orduxanlı mənim yanıma gələrək, qardaşının ölüm ayağında olduğunu bildirdi. Həkim zəng edib dedi ki, onun cəmi 1 ay ömrü qalıb. Jurnalist Əvəz Zeynallı 9 il azadlıqdan məhrum olunmuşdu, onun səhhətində problem yarananda onu buraxdılar ki, getsin müalicə olunsun. Çoxları da bunu müsbət qarşılamışdı. Amma Niyaməddin Orduxanlının qardaşı nə ağır, nə xüsusilə ağır cinayətə görə məhkum olunmamışdı, özü də o, müalicə olunmaq üçün buraxılmırdı. O buraxılmalı idi ki, sadəcə 3 uşağının, ailəsinin, yaxınlarının əhatəsində dünyasını dəyişsin. Bir nəvəsi də dünyaya gəlmişdi, onunla da görüşə bilmədi. Mən ədliyyə nazirinin müavini Abiddin Hüseynova zəng elədim və söylədim ki, Abiddin müəllim, bu adamın 1 ay ömrü qalıb, onu buraxın, gəlsin ailəsinin yanında canını tapşırsın. Dedi ki, bunun üçün bizim xüsusi qaydalarımız var, dedim ki, onda araşdırın, xahiş edirəm çalışın bu adamı buraxın, dedi yaxşı. Bir həftə keçdi, Niyaməddin Orduxanlı gəldi ki, qardaşımın vəziyyəti çox ağırdır. Mən zəng elədim ki, bu adam artıq yemək yeyə bilmir, onu buraxmaq lazımdır. Bu adam bir dənə arayış istəyir, ona xəstəliklə bağlı arayış verin ki, məhkəməyə müraciət edə bilsin. Dedilər yox, biz o arayışı verə bilmərik. İkinci dəfə zəng elədim, dedi ki, Qüdrət müəllim, bizdə siyahı var, gərək o siyahıya düşə, bunun üçün xüsusi komissiya olmalıdır. Dedim onda toplayın o komissiyanı, bu adam ölür axı. Qanunla bu, bunun səlahiyyətidir, mən qanunsuz heç nə xahiş etmirəm sizdən. Bir həftə də gözlədim, gördüm məlumat yoxdur. Prezidentin köməkçisi, Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova zəng elədim. Sağ olsun, başqalarından fərqli olaraq o heç olmasa telefonu açdı və söz verdi ki, bu məsələ ilə maraqlanacaq. Mən inanmıram ki, o səviyyədə olan şəxs mənə yalandan belə bir söz versin. Yəqin ki, onu da eşitmədilər. Və Niyaməddin Orduxanlının qardaşına 4-cü dərəcəli xərçəng xəstəsi olduğu halda məktubu vermədilər və həbsxanada dünyasını dəyişdi. Niyaməddin Orduxanlının əmisi oğlu şəhid olub, qardaşı uşaqları II Qarabağ savaşında vuruşub.
Əvəz Zeynallı kimi gərək bu məsələlərin hamısına Prezident göstəriş verə?
Hörmətli sədr, mən bunu ona görə söyləyirəm ki, Niyaməddin Orduxanlının bütün nəsli Heydər Əliyevin çağırışı ilə bu dövləti qoruyanda, vuruşanda, həmin adamların çoxu isti yataqlarında mışıl-mışıl yatırdılar. Amma bu adamlar öz vəzifələrini təmannasız yerinə yetirmədilər. Belə çıxır ki, indi Əvəz Zeynallı kimi gərək bu məsələlərin hamısına Prezident göstəriş verə, ondan sonra bu adamların öz hüquqlarından istifadə etməyinə imkan yaradıla?”
Baş Prokurorluq burada qanunçuluğun vəziyyətini araşdırmalıdır!
Deputat çıxışının davamından parlamentin sədrindən xahiş edib ki, məsələ araşdırılsın: “Hörmətli sədr, mənim sizdən bir xahişim var, çox xahiş edirəm, siz, Baş Prokurorla əlaqə saxlayın, məndə olan məlumata görə, Ədliyyə Nazirliyində bütün aşağı səviyyəli orqanların səlahiyyətləri əlindən alınıb, orada hamıya oğru gözü ilə baxırlar və aşağı orqanlara, idarələrə öz vəzifələrini yerinə yetirməyə imkan vermirlər. Baş Prokurorluq burada qanunçuluğun vəziyyətini araşdırmalıdır, həm də bu faktı araşdırmalıdır ki, niyə vətəndaş təkidlə tələb edir, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini dəfələrlə müraciət edir, amma heç bir addım atılmır. Mən onun mobil telefonuna da müraciət etsəm də, heç bir addım atılmadı. Və bu adam həbsxanada dünyasını dəyişdi. Ona imkan yaradılmadı ki, ailəsinin arasında dünyasını dəyişsin”.
Qanunda var, amma...
Bəs sağalmaz xəstəliyi olan məhbusun azadlığa buraxılması Azərbaycan qanunlarında əksini tapıbmı? Ağır xəstə məhbus konkret olaraq hansı qanuna əsasən azad etməlidirlər?
“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov Musavat.com-a deyib ki, Azərbaycan qanunvericiliyində ağır və sağalmaz xəstəliyi olan məhbusların azadlığa buraxılması imkanını tanıyan normalar mövcuddur: “Bu məsələ Cinayət Məcəlləsi və Cəzaların İcrası Məcəlləsi ilə tənzimlənir. Konkret əsaslar və prosedurlar aşağıdakı qanunverici aktlarda göstərilib. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 78-ci maddəsi xəstəliyə görə cəzanın çəkilməsindən azad etmə adlanır.
Həmin maddənin 1-ci bəndinə görə şəxs cəzanın icrasına başlamamışdan əvvəl və ya cəza çəkən zaman ağır xəstəliyə tutulubsa, cəzadan azad edilə bilər. Yəni şəxs cəzanı çəkə bilməyəcək dərəcədə ağır xəstəliyə tutulubsa, qeyd-şərtsiz azad olunmalıdır.
Həmin maddənin 2-ci bəndində deyilir ki, xəstəliyə görə cəzadan azad olunma məsələsinə məhkəmə baxır və tibb müəssisəsinin rəyinə əsasən qərar verir. 3-cü bənddə isə ağır xəstəliyə tutulmuş şəxsə cəzanın çəkilməsindən möhlət də verilə bilər. 4-cü bəndə görə Cinayət Məcəlləsi bu azad etməni mütləq yox, fakultativ xarakterli hesab edir, yəni bu məcburi deyil, məhkəmənin və aidiyyəti qurumların səlahiyyətindədir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsisinin 167-ci maddəsi sağlamlıq vəziyyətinə görə cəzanın çəkilməsindən azad etmə adlanır.
Həmin maddənin 1-ci bəndində deyilir ki, ağır, sağalmaz xəstəliyə tutulan məhkum barəsində cəzanın çəkilməsindən azad edilmə haqqında məhkəməyə təqdimat verilir. 2-ci bənddə qeyd olunur ki, bu təqdimatı cari cəzaçəkmə müəssisəsi və ya ədliyyə orqanı verir. Lakin bu, tibb komissiyasının rəyinə əsasən mümkündür. 3-cü bənddə qərarın məhkəmə tərəfindən qəbul olunması qeyd edilir”.
“...lakin prosedur idarəetmə səbəbilə”
Natiq Ələsgərov deyib ki, Ədliyyə Nazirliyinin və Nazirlər Kabinetinin təsdiq etdiyi “Ağır xəstəliklərin siyahısı” Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilir. Bu siyahıya xərçəngin son mərhələləri (4-cü dərəcəsi), qabaqcıl infeksion və somatik xəstəliklər, kəskin psixi pozuntular və yüksək dərəcəli əlillik yaradan hallar daxildir: “Çox təəssüf ki, qanunların işləməsi üçün müvafiq addımlar atılmır. Bu prosesin gerçəkləşməsi üçün cəzaçəkmə müəssisəsinin təqdimatı əsasında tibb müəssisəsi tərəfindən rəy verməlidir. Bundan sonra məhkəmə qərarı tələb olunur. Əgər bu ardıcıllıq pozulubsa, yəni məhkəməyə təqdimat üçün lazım olan tibbi arayış verilməyibsə, bu artıq Ədliyyə Nazirliyinin tabeliyində olan Penitensiar Xidmətin məsuliyyətidir. Arayışın verilməməsi konkret hüquq pozuntusudur. Hazırki halda belə aydın olur ki, cəzanın çəkilməsindən azad etmə hüquqi əsaslarla mümkün olub, lakin prosedur idarəetmə səbəbilə icra olunmayıb”.
Natiq Ələsgərovun sözlərinə görə Azərbaycan qanunvericiliyində ağır xəstə məhbusun azadlığa buraxılması üçün konkret müddət, məsələn, 24 və ya 48 saat ərzində məcburi şəkildə azad edilməli olduğu qeyd olunmayıb: “Yəni qanunda “filan saat ərzində azadlığa buraxılmalıdır” tipli dəqiq vaxt çərçivəsi nəzərdə tutulmur. Lakin bu məsələyə dair real və təcili vəziyyətlər üçün dolayı müddət tələbləri və presedent xarakterli təcrübələr mövcuddur. Cinayət Məcəlləsinin 78-ci maddəsi və Cəza İcra Məcəlləsinin 167-ci maddəsi yalnız ümumi proseduru göstərir. Tibb müəssisəsi rəy verir (həkim komissiyası vasitəsilə), Penitensiar xidmət və ya ədliyyə orqanı təqdimat hazırlayır, məhkəmə bu təqdimata baxır və qərar çıxarır. Amma bu proseslərin nə qədər vaxtda baş verməli olduğu qeyd olunmur. Məhkəmə Prosessual Qanunvericiliyinə görə “təcili baxılmalı məsələlər” məhbusun həyati təhlükədə olması, 4-cü dərəcəli xərçəng, komatoz vəziyyət, müalicə imkanı olmayan son mərhələlər kimi hallar "təcili hallar" kimi qəbul edilir. Bu zaman tibb arayışı verildiyi andan etibarən, Penitensiar Xidmət təxirəsalınmadan təqdimat hazırlamalıdır. Məhkəmə isə təqdimat daxil olduqdan dərhal sonra, gecikdirilmədən baxmalıdır. Belə halların çox təcili araşdırılması və prosessual uzadılmalara yol verilməməsi tövsiyə olunur. Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycanla bağlı presedentlərində də vurğulanır ki, ağır xəstə məhbusun müvafiq tibbi şərait olmadan saxlanılması, gecikdirilən azadlığa buraxma, qeyri-insani rəftar hesab edilə bilər və Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsinin pozuntusu kimi qiymətləndirilir”.
Qanunda 24 saat və ya 48 saat müddətləri yazılmayıb.
Lakin bu tip ağır və sağalmaz hallarda təxirə salmadan reaksiya verilməli olduğu məhkəmə və icra orqanlarına tövsiyə edilir. Əgər səhhət həyati risk daşıyırsa və buna baxmayaraq addım atılmırsa, bu artıq qanunun ruhuna və insan hüquqlarına ziddir. Müvafiq orqanlar bu cür hallarda vicdan və humanist prinsiplər əsasında məsuliyyət daşıyır”.
Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com
08 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ