Onlayn ictimai-siyasi qəzet
Deputat Vüqar Bayramov Milli Məclisin iclasında 7 fevral növbədənkənar prezident seçkisindən danışıb.
Musavat.com-un məlumatına görə, deputat bildirib ki, qalib Azərbaycanın qalib Prezidenti hakim partiyanın namizədi olacaq.
V.Bayramov xatırladıb ki, son illər siyasi sferada həyata keçirilən islahatlar seçkinin demokratik keçirilməsinə zəmanət verməklə yanaşı, bütün siyasi partiyaların seçkidə bərabər iştirakına imkan yaradır:
“Bir tərəfdən Azərbaycanın geosiyasi və geoiqtisadi mövqeyinin daha da möhkəmlənməsi, digər tərəfdən isə islahatların daha da dərinləşməsi kontekstində dayanıqlı inkişafın qorunub saxlanması vacib prioritetlərdəndir. Prezident İlham Əliyev hakimiyyətdə olduğu son 20 il ərzində tarixi zəfərlərə imza atmaqla yanaşı, Azərbaycan xalqını qalib xalqa çevirən Müzəffər Ali Baş Komandandır. İlham Əliyevin namizədliyi Azərbaycanda inklüziv və davamlı inkişafın qorunması baxımından vacib idi.
Etiraf etmək lazımdır ki, bu gün Azərbaycan xalqı məhz qalib Ali Baş Komandanın yanındadır və ona tam etimad edir. Müzəffər Ali Baş Komandan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən dövlət başçısıdır. Cənab Prezidentin rəhbərliyi ilə şanlı ordumuz yüz minlərlə məcburi köçkünün yurdunu, o cümlədən mənim ata-baba yurdumu düşmən tapdağından azad etdi. 30 il işğal altında qalan və tamamilə dağıdılaraq xarabalığa çevrilən torpaqlarımızda genişmiqyaslı quruculuq işləri həyata keçirilir”.
Deputat bildirib ki, artıq həm Qarabağda, həm də Şərqi Zəngəzurda intensiv qayıdışa start verilib:
“Son 20 il ərzində Azərbaycan regionda ən böyük uğurlara imza atan dövlətlərdəndir. ÜDM 4, büdcə gəlirləri 30, xarici ticarət dövriyyəsi 10 dəfə artıb. Xarici borcun ÜDM-də payına görə Azərbaycan dünyada ən yaxşı göstəriciyə malik olan 10 ölkədən biridir. Son 20 ildə sərmayələrin ümumi həcmi 300 milyard ABŞ dollarını keçib və onlardan 190 milyard dolları qeyri-enerji sektoruna yönəlib. Göründüyü kimi, Azərbaycan 20 il ərzində iqtisadi sahədə ciddi uğurlara nail olub. Bütün bunlar deməyə əsas verir ki, bu seçkidə İlham Əliyevin alternativi yoxdur, Azərbaycan xalqı İlham Əliyevə tam etimad edir”.
E.Paşasoy,
Musavat.com
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ