İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat: “Azərbaycan və Qazaxıstan həm ikitərəfli, həm də çoxtərəfli formatlarda münasibətlərə malikdir”

Azərbaycan və Qazaxıstan arasında münasibətlər dərin tarixi köklərə söykənir. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci ildə yaranıb. Bir müddət sonra Qazaxıstanın Azərbaycanda səfirliyi, 2004-cü ildə isə Azərbaycanın Qazaxıstanda səfirliyi açılıb. 2009-cu ildən isə Aktauda Azərbaycanın Baş Konsulluğu fəaliyyətə başlayıb. Azərbaycan və Qazaxıstan həm ikitərəfli, həm də çoxtərəfli formatlarda münasibətlərə malikdirlər. İki qardaş ölkə Türk Dövlətləri Təşkilatı çərçivəsində çox uğurlu fəaliyyət göstərir. Azərbaycan və Qazaxıstan BMT-də və digər beynəlxalq platformalarda bir-birini dəstəkləyir. İki ölkə prezidenti qarşılıqlı səfərlər edir.

Bu fikirləri Musavat.com-a Milli Məclisin deputatı, Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə İşçi Qrupun üzvü Vüqar İskəndərov deyib.

Deputat Qazaxıstan hökumətinin işğaldan azad edilmiş Azərbaycan ərazilərindəki fəaliyyətini xüsusi vurğulayıb:

“Qazaxıstan dövləti işğaldan azad edilmiş Füzuli şəhərində Uşaq Yaradıcılıq Mərkəzi inşa edib. Ötən il martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak ediblər. İki ölkə arasında ticarət dövriyyəsi də günü-gündən artır. Azərbaycan ilə Qazaxıstan arasında ikitərəfli ticarətin həcmi 500 milyon dolları ötüb. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan və Qazaxıstan təkcə, siyasi, iqtisadi sahədə deyil, mədəni sahədə də əməkdaşlıq edir. O cümlədən təhsil sahəsində də uğurlara imza atmışıq. Qazaxıstanda Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş film çəkilib. Azərbaycanda da Qazaxıstanın görkəmli şəxslərinə hörmət və diqqət var”.

Deputat vurğulayıb ki, Qazaxıstanın Aktau şəhərində AZAL-a məxsus təyyarənin qəzaya uğramasından sonra dost Qazaxıstan xalqı əsl qardaşlıq nümunəsi göstərdi:

“Həm Qazaxıstan xalqının, həm də qazax xalqının həssas münasibətini qeyd etməliyik. Biz bunu unutmuruq. Fikrimcə, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Qazaxıstana rəsmi səfəri, bu səfər çərçivəsində keçirdiyi görüşlər, əldə olunan nəticələr iki ölkə arasındakı münasibətlərin gələcək perspektivləri baxımından çox böyük töhfə verəcək”. 

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Mart 2025

11 Mart 2025

BÜTÜN XƏBƏRLƏR