Onlayn ictimai-siyasi qəzet
Son zamanlar ABŞ və Kanada arasında münasibətlərdə ciddi gərginlik müşahidə olunur.
Musavat.com xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Kanadanın iqtisadi və siyasi cəhətdən ABŞ-a daha sıx inteqrasiya etməsini istəyir. Onun əsas hədəfi Kanadanın müstəqilliyinə son qoyaraq, bayrağını endirərək, ölkəni faktiki olaraq ABŞ-ın bir ştatı kimi qəbul etdirməkdir.
Tramp administrasiyasının Kanadalılara qarşı tətbiq etməyi planlaşdırdığı yeni qaydalardan biri də onların ABŞ-da 30 gündən artıq qalmaq üçün qeydiyyatdan keçmələrinin tələb olunmasıdır. Bu qərar Kanada vətəndaşlarının sərbəst hərəkətinə ciddi məhdudiyyətlər gətirir və ikitərəfli münasibətləri daha da mürəkkəbləşdirir. Hazırda milyonlarla Kanadalı ABŞ-da işləyir və bu qərarın onların həyatına necə təsir edəcəyi böyük müzakirə mövzusudur.
Kanadanın cavabı: Elektrik və ticarət sanksiyaları gündəmdə
Kanada hökuməti də cavabsız qalmayıb və Tramp administrasiyasının bu siyasətinə qarşı iqtisadi təzyiq addımları atmağa hazırlaşır. Kanada hökumətinin ABŞ-a ötürülən elektrik enerjisinin məhdudlaşdırılması, həmçinin ABŞ-dan idxal olunan məhsullara yeni gömrük rüsumları tətbiq etməsi planlaşdırılır.
Bundan əlavə, Kanadanın neft və digər strateji resurslarının ABŞ-a ixracı ilə bağlı ticarət şərtlərinə yenidən baxılması məsələsi gündəmə gəlib. ABŞ isə buna cavab olaraq elektrik enerjisi ilə bağlı milli təhlükəsizlik məsələsini gündəmə gətirərək fövqəladə vəziyyət elan edib.
Siyasi ekspertlər baş verənləri iki ölkə arasında ticarət və diplomatik münasibətlərin ciddi şəkildə pozulması kimi qiymətləndirirlər. Müşahidəçilərin fikrincə, Tramp administrasiyasının Kanadaya qarşı sərt siyasəti iki ölkə arasında uzun illər davam edən isti münasibətləri tamamilə məhv edə bilər.
Kanada mediasının yazdığına görə, bu yeni qaydalar artıq qüvvəyə minmək üzrədir və yaxın vaxtlarda Kanadalıların ABŞ-da sərbəst yaşaması və işləməsi əvvəlki kimi asan olmayacaq. Gözlənilir ki, iki ölkə arasındakı diplomatik gərginlik daha da artacaq və bu, həm ABŞ, həm də Kanada iqtisadiyyatına ciddi təsir göstərəcək.
Mövzunun inkişafını diqqətdə saxlayacağıq.
Musavat.com
12 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ