İnsanlara hürriyət, millətlərə istiqlal!

Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı layihəsinin icrasına başlanıb-Açıqlama

 

"Su itkilərinin azaldılması məqsədilə ümumilikdə 6 magistral kanalın təmir-bərpasına başlanılıb,  4 kanalın yenidən qurulması işləri artıq yekunlaşma mərhələsindədir.


Musavat.com xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müşaviri Əsəd Şirinov ilin yekunlarına həsr olunan tədbirdə deyib. O, qeyd edib ki, sözügedən  istiqamətdə 8 magistral kanalın texniki-iqtisadi əsaslandırma və layihə sənədlərinin hazırlanması tamamlanıb, daha 12 kanal və Mil-Qarabağ kollektoru üçün isə müvafiq layihə sənədlərinin hazırlanması işləri sürətlə davam etdirilir: "Tədbirlər nəticəsində ümumilikdə 700 km uzunluqlu suvarma kanallarının yenidən qurulması ilə 300 min hektar ərazinin su təminatının yaxşılaşdırılması nəzərdə tutulub. Bununla yanaşı, Bəhrəmtəpə hidroqovşağında qəza vəziyyətinin aradan qaldırılması və yenidən qurulması tədbirləri üzrə zəruri təmir-bərpa işləri tamamlanıb".


Qurumun rəsmisi həmçinin, bildirib ki, ölkədə su ehtiyatlarının artırılması məqsədilə yeni su anbarlarının yaradılması istiqamətində işlər görülüb: "Yengicə su anbarının tikintisi davam etdirilib, Əlicançay su anbarının tikinti işlərinə başlanılması üçün tender proseduru tamamlanaraq podratçı şirkətlə müqavilə bağlanılıb. Agentlik tərəfindən Viləşçay, Ağsuçay və Zəyəmçay su anbarlarının texniki-iqtisadi əsaslandırma sənədləri hazırlanmış, Qudyalçay, Vəlvələçay, Qaraçay və Qusarçay anbarları üçün ilkin araşdırma işlərinə, o cümlədən Türyançay su anbarının müvafiq sənədlərinin hazırlanmasına başlanılıb. Respublikanın müxtəlif rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə 373 ədəd subartezian quyusunun yeri müəyyənləşdirilib və növbəti illərdə 4 mərhələdə qazılması nəzərdə tutulub. Cari ildə ayrılmış vəsaitə uyğun olaraq 1-ci mərhələ üzrə 68 ədəd subartezian quyusunun qazılması işlərinə başlanılıb və bu istiqamətdə müvafiq işlər davam etdirilir. Bununla yanaşı, əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə cari ildə 780 km içməli, 171 km tullantı su xətləri çəkilib, 2 su anbarı və 480 bulaq tikilərək əhalinin istifadəsinə verilib. Abonentlərin sayğaclaşma səviyyəsi 89,5 faizə yüksəlib, o cümlədən qanunsuz qoşulma hallarının qarşısının alınması hesabına 4,2 milyon kubmetr həcmində itirilmiş sərfiyyat bərpa edilib".


Ə. Şirinov işğaldan azad edilən ərazilərdə görülən işlər barədə də məlumat verib: 


"İşğaldan azad olunmuş ərazilərin yenidənqurulması və bərpası üçün ayrılan vəsait hesabına Tərtər rayonu ərazisində yerləşən Suqovuşan,  Ağdam rayonu ərazisində yerləşən Xaçınçay su anbarları, o cümlədən Tərtərçay sol sahil kanalının təmir-bərpası işləri başa çatdırılıb,  Köndələnçay 1, Köndələnçay 2 və Aşağı Köndələnçay su anbarlarının təmir-bərpa işlərinin isə yaxın günlərdə tamamlanması nəzərdə tutulub. Ötən müddət ərzində Laçın rayonu ərazisində yerləşən Zabuxçay su anbarının tikintisi davam etdirilib. Qız qalası su anbarından sugötürən magistral kanalın, Həkəriçay və Bərgüşadçay su anbarları və onlardan qidalanan kanalların inşası işlərinə isə önümüzdəki illərdə başlanılması nəzərdə tutulub. Qeyd olunan layihələr Azərbaycanda su təchizatı probleminin həllində çox böyük uğur olmaqla yanaşı regionların, xüsusən də Qarabağ və Şərqi Zəngəzur vilayətlərinin sosial-iqtisadi inkişafına önəmli töhfədir".


Qurumun rəsmisi digər layihələr barədə də danışıb: 
"Azərbaycan Respublikası Prezidentinin “Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında” və “Hövsan aerasiya qurğusundan Xəzər dənizinə axıdılan tullantı sularının təmizlənməsi və təkrar istifadəsi ilə bağlı pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında” müvafiq Sərəncamlarının icrasına başlanılıb, o  cümlədən suvarmada istifadəsi mümkün olan kollektor-drenaj sularının ehtiyatı müəyyənləşdirilib. Cari ildə Baş Mil-Muğan kollektoru üzərində su təmizləyici qurğu tikməklə Saatlı və Sabirabad rayonlarında suvarma kanallarına müəyyən həcmdə su verilməsi layihəsi üzrə tender müsabiqəsi keçirilərək müvafiq TİƏ və işçi layihə sənədlərinin hazırlanması işlərinə başlanılıb.

Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2020-ci il tarixli Sərəncamı ilə yaradılmış və Agentliyin də təmsil olunduğu Dövlət Su Komissiyası tərəfindən su anbarlarının iş rejimləri ciddi nəzarətə götürülmüş və mütəmadi olaraq rejimlərdə operativ dürüstləşmələr aparılıb. Məhz bu tədbirlər nəticəsində hazırda su anbarlarında 2020-ci ilə nisbətən 3,9 milyard, təkcə ötən ilə nisbətən isə 2,2 milyard kbm artıq həcmdə su toplanılıb. 

Bu da ötən il əkin sahələrinin su təminatına öz müsbət təsirini göstərmiş, həmçinin növbəti ilin suvarma mövsümü üçün daha nikbin proqnozlar verməyə əsas verir.

Görülmüş tədbirlər nəticəsində cari ildə respublika üzrə bütün kənd təsərrüfatı bitkiləri 1,5 milyon hektar sahədə orta hesabla 3,4 dəfə suvarılıb, bu məqsədlə bütün suvarma mənbələrindən su istifadəçilərinə 7,5 mlrd. kbm su verilib. Hazırda əsasən kənd əhalisinin kommunal-məişət su təchizatı ilə yanaşı, növbəti ilin məhsulu üçün payızlıq taxıl əkinlərinin suvarma suyu ilə təminatı davam etdirilir".


Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR