İnsanlara hürriyət, millətlərə istiqlal!

Dəmir yumruq Ermənistanı ağıllandırıbmı - işğalçı sülhə gəlir, yoxsa...

Ermənistan dövlətlərarası münasibətlərin qurulması üçün Azərbaycanın təqdim etdiyi beş prinsipi qəbul edib.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 9-da Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı bildirib.

Söhbət əsnasında Ermənistan və Azərbaycan arasında postmünaqişə dövründə münasibətlərin normallaşdırılması məsələlərinə və aprelin 6-da Brüsseldə keçirilmiş görüşə dair fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev Azərbaycanın Ermənistanla dövlətlərarası münasibətlərin qurulması üçün beş prinsipdən ibarət təqdim etdiyi sənədi və Ermənistan tərəfinin bu prinsipləri qəbul etdiyini xatırladıb.

Bütün bunlar nədən xəbər verir? Erməni tərəfi artıq reallıqlarla tam barışmaq üzrədir?

MCP sədri, deputat Razi Nurullayev bu məsələdə o qədər də nikbin deyil: “Azərbaycanın Ermənistana təqdim etdiyi bu beş prinsipi artıq neçənci dəfədir ki, erməni tərəfi təsdiqləyib. Amma bu o demək deyil ki, onlar iddialarından geri çəkilirlər. Çünki biz onları artıq çox yaxşı tanımağa başlamışıq. Onlar bu prinsipləri qəbul edir, amma məsələ burasındadır ki, hər zaman olduğu kimi yenə də yeni bir mahnı oxumağa başlayacaqlar. Bu mahnı da ondan ibarətdir ki, onlar tarixi açıb sökməyə başlayacaqlar. Qeyd edəcəklər ki, SSRİ dağılan zaman keçmiş Qarabağ Muxtar Vilayəti də oradan sıyrılıb çıxıb, burada uzun illər ermənilər yaşayıb, oradakı ermənilər Azərbaycana güvənmir, biz onlarla hər hansı bir şəkildə birləşməliyik, yaxud onlarla bağlı qərarvermədə iştirak etməliyik kimi bəzi məsələləri bura daxil etməyə çalışacaqlar. Ermənilər qəbuletməni bu şəkildə görürlər. Bunlar, sadəcə olaraq, tezislərdir. İndi bu tezislərin açılması ilə bağlı çoxlu-çoxlu nağıllar, rəvayətlər qoşacaqlar. Açığı, onlara heç bir inamım qalmayıb. Bu da ondan ibarətdir ki, Ermənistan üzdə bir söz deyir, arxada başqa bir məsələni qaldırır. Paşinyan bu məsələləri qəbul edir, Xarici İşlər Nazirliyi də eyni mövqeni sərgiləyir, amma bir neçə saat keçməmiş erməni baş nazir Qarabağın statusu ilə bağlı nələrsə deyir.

Razi Nurullayev AXCP adından imtina etdi

Razi Nurullayev: “Onlara heç bir inamım qalmayıb”

Bu, Ermənistanın daxilində baş verən hadisələrə uyğun şəkildə həyata keçirilir. Paşinyan erməni seqmentinin aktivistlərinin, ictimai təşkilatlarının, erməni diaporasının ürəyindən keçənləri də nəzərə alıb fikirlərindən yayınır. Bütün bunlardan çıxış edərək deyə bilərəm ki, bu məsələlərin qısa zamanda həll olunacağına ümid, açığı, məndə çox azdır. Amma mən və Azərbaycan üçün xoş olan, dövlətimizin əlini möhkəmləndirən bir məqam var ki, rəsmi şəkildə Ermənistan bu prinsipləri qəbul etdiyini deyib. Səhəri gün erməni tərəfi bu prinsiplərdən boyun qaçıranda Azərbaycanın əlində beynəlxalq aləmə təqdim etmək, doğru bildiklərini həyata keçirmək üçün hüquqi bir əsas yaranır. Soçi və Brüssel görüşlərində Ermənistan bu məsələləri öz üzərinə götürüb. Öhdəliklərindən qaçdıqca Azərbaycanın əlində zəmin yaranır. Səhəri gün ölkəmiz öz sərhədlərini güc ilə müəyyən edəndə, oradakı separatçıları tərk-silah etməyə başlayanda, separatçıları həbsə alanda artıq dünya ölkələri çox da səs-küy sala bilməyəcəklər. Çünki Azərbaycan bu prinsipləri verib, ölkələrin bir-birilərinin suverenliyini, ərazi bütövlüyünü tanımalı olduğunu dəfələrlə bəyan edib. Ermənistan bunu qəbul etmir və danışıqlar illər uzunu bu formada davam edə bilməz. Bütün bu istiqamətdə olan məsələlər bir paketdə həll olunmalıdır. Azərbaycan da bunu paket şəklində təqdim edib. Bu da doğru yanaşmadır, Azərbaycan və Ermənistan üçün. Bütün problemlər paket şəklində həllini tapmalıdır”.

Elçin Mirzəbəyli: “Vətəndaşlar reketçiliyə qarşı mübarizədə fəal  olmalıdırlar”

Elçin Mirzəbəyli: “Azərbaycanla Ermənistan arasında tamamilə yeni bir səhifədən yeni bir proses başlayır”

BAXCP sədrinin müavini, əməkdar jurnalist Elçin Mirzəbəyli bildirdi ki, Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi prosesində hər hansı bir “münaqişə”nin həllindən söhbət getmir və gedə bilməz: “Ermənistan sülh müqaviləsi ilə bağlı Azərbaycanın irəli sürdüyü 5 təklifi - baza prinsiplini qəbul edib. Bu prinsiplər isə iki dövlət arasındakı münasibətlərin tənzimlənməsini nəzərdə tutur. Azərbaycan ərazilərində yaşayan etnik ermənilərlə bağlı məsələnin bu prosesə heç bir aidiyyəti yoxdur. Bir müddət öncə Ermənistanın xarici işlər naziri Arorat Mirzoyan öz açıqlamasında etnik ermənilərlə bağlı məsələnin ”ərazi deyil, insan hüquqları məsələsi" olduğunu bildirmişdi. Bu fikir digər mülahizələrin fonunda diqqətdən kənarda qalsa da, Azərbaycanla Ermənistan arasındakı təmasların və sülh prosesinin əsasını təşkil edir. Azərbaycan Konstitusiyası öz vətəndaşlarının hüquq və azadlıqlarına beynəlxalq konvensiyaların bütün norma və prinsiplərini əsas götürməklə təminat verib və eyni yanaşma hazırda Rusiya sülhməramlılarının müvəqqəti səlahiyyət zonasına daxil olan Azərbaycan ərazilərində yaşayan etnik ermənilərə münasibətdə də tətbiq olunacaq. İndiki şəraitdə əsas məsələ Azərbaycan və Ermənistan xarici işlər nazirliklərinin arasında sülh müqaviləsinin müvafiq müddəalarının razilaşdırılması ilə bağlı aparılacaq danışıqların tez bir zamanda baş tutmasıdır. Bu danışıqlar formatına daxil olan prinsiplərin mahiyyəti isə aydındır və sülh prosesində 44 günlük müharibənin nəticələrinin sıradan çıxardığı, artıq əhəmiyyətini itirmiş prinsiplərə istinad olunmayacaq. Bu o deməkdir ki, Azərbaycanla Ermənistan arasında tamamilə yeni bir səhifədən yeni bir proses başlayır. Bu proses isə özündə iki dövlətin arasındakı münasibətləri nəzərdə tutur. Azərbaycan ərazisində yaşayan etnik ermənilərlə bağlı məsələnin Ermənistana hər hansı bir formada aidiyyəti yoxdur və sözügedən etnik qrupla bağlı bütün məsələlərin həlli Azərbaycan Respublikasının suveren hüquqlarına aiddir. Prosesin yubadılması isə Ermənistana yaxşı heç nə vəd etmir. Əks təqdirdə, Ermənistan mövcud təcrid məngənəsindən xilas ola bilməyəcək və onun üçün həyati əhəmiyyət kəsb edən bütün layihələrdən kənarda qalacaq. Bu baxımdan, Brüssel görüşündə delimitasiya prosesinin sürətləndirilməsi, həmçinin paralel olaraq iqtisadi fəallığın artırılması üçün müvafiq əməkdaşlıq formatının yaradılması ilə bağlı razılaşma təsadüfi deyil. Delimitasiya isə Azərbaycanla Ermənistan arasındakı sərhəd boyu müvafiq nəzarət mexanizmlərinin tətbiqini nəzərdə tutur. Dövlətlərin sərhədlərinin toxunulmazlığı və suveren hüquqları kompleks anlayışdır və bu anlayışın hər hansı bir hissəsinin kontekstdən çıxarılması mümkün deyil".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR