Onlayn ictimai-siyasi qəzet
Gəncədə qadına bıçaqla hücum edərək ona əxlaqsız təklif edən şəxs ağır cəza alıb. İşin təfərrüatından məlum olub ki, qadını hücumdan azyaşlı uşaqlar qoruyub.
Musavat.com-un xəbərinə görə, hadisə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində baş verib.
36 yaşlı Mətləb Mayılov dayanacağa yaxınlaşan Reyhan (ad şərtidir) adlı xanıma qarşı bu cinayəti törədib.
Hadisədən əvvəl Reyhan dayanacağa yaxınlaşıb və avtobus gözləyib. Avtobus gec gəldiyi üçün Reyhan Mətləbdən bu haqda soruşub. Mətləb avtobusun 20 dəqiqə əvvəl keçdiyini deyib. Bir neçə dəqiqə sonra onlar gedəcəkləri ünvana taksi çağırıblar. Hərəsi taksiyə 1 manat ödəməli imiş. Mətləb taksinin pulunu ödəyib və Reyhanın arxasınca getməyə davam edib. Ondan danışmaq üçün nömrəsini istəyib. Reyhan buna etiraz etdiyi üçün mübahisə ediblər. Mətləb əlində olan bıçaqla Reyhanın üz nahiyəsini kəsib. Sonra da çantasını əlindən alıb.
Reyhan ifadəsində deyib ki, qışqıraraq kömək istəyən zaman Mətləb bıçağı onun qarnına dirəyərək sakit olmasını istəyib. Yoldan keçən bir nəfər şəxs köməyə gəlmək istəyəndə Mətləb bıçaqla onu da qorxudub. Sonra ərazidən iki uşaq keçəndə qadının ağladığını, qışqırdığını görüblər. Uşaqlar kənara çəkilərək telefonla kiməsə məlumat veriblər. Bunu görən Mətləb hadisə yerindən qaçıb.
Mətləb ifadəsində özünü təqsirli bilməyib. Deyib ki, Reyhan özü ona taksiyə minməyi təklif edib. Nömrəsini istəyəndə isə etiraz edib:
“Mən də dedim ki, tanımadığın adamla taksiyə minirsən, amma nömrəni vermirsən? Məni çantası ilə vurmağa başlayanda əlindən aldım. Mən quldurluq etməmişəm. Bəraət verilməsini istəyirəm”.
Zərərçəkmiş Rehyan isə bildirib ki, Mətləb onu bıçaqla hədləyən zaman donunu qaldırmasını istəyib. Bu zaman daha da qorxub və qışqırmağa başlayıb:
“Bıçaqla məni hədələməyə başladı. Ərazidən keçən uşaqlar bizi gördü. Kənara çəkilib telefonla danışmağa başladılar. Bunu görən Mətləb oradan qaçdı”.
İstintaq zamanı məlum olub ki, Mətləb daha əvvəl bir neçə dəfə məhkumluq həyatı yaşayıb. Sonuncu dəfə 2016-cı ildə həbsdən azad olub.
Bu əməlinə görə isə Mətləb 9 il həbsxanada qalmalı olacaq.
İ.Muradov
Musavat.com
13 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ