İnsanlara hürriyət, millətlərə istiqlal!

Dayanmağı zülmə çevirən dayanacaqlar – Yayda yandırıcı isti, qışda dondurucu soyuq - FOTOLAR 

Bakı küçələrində avtobus dayanacaqlarında dayanmaq əsl mənada sınağa çevrilib. Yayda günəşin altında qovrulan, qışda külək və şaxtada üşüyən sərnişinlər sanki bir nəqliyyat xidmətindən deyil, dözümlülük yarışından keçirlər. Adı “dayanacaq” olsa da, bu məkanlar nə istidən qoruyur, nə soyuqdan, nə də yağışdan.

Sərnişinlər bəzən dayanacağın içində yox, kənarında – yaxınlıqdakı bir ağacın kölgəsində avtobus gözləməyə məcbur qalırlar. Çünki dayanacaqlarda yayda günəşin istisi, qışda küləyin hərəkəti və sərnişin rahatlığı nəzərə alınmayıb. Nəticədə gözləmək dözüm tələb edir, dayanmaqsa zülmə çevrilir...

Bakı küçələrində qoyulan avtobus dayanacaqları nə yağışdan, nə küləkdən, nə də günəşin yandırıcı istisindən sərnişinləri qoruya bilir. Şəhərin müxtəlif yerlərində qurulan bu dayanacaqlar əsas funksiyasını yerinə yetirmədiyi üçün sakinlər kölgə salan bir ağac tapıb altında dayanmağa çalışırlar.

DAYAN.jpeg (944 KB)

Dayanacaqlar planlaşdırılarkən günəşin çıxma-batma istiqaməti nəzərə alınmayıb. İstiyə görə kölgə salmalı olan hissə əksinə, tam günəş altında qalır. Nəticədə insanlar dayanacağın içində deyil, kənarında və ya yaxınlıqdakı ağacın kölgəsində avtobus gözləməyə məcbur olurlar.

Dayanacaqdan kənarda duran paytaxt sakini şikayətlənir:

“İstilərdə bu dayanacaqlarda dayana bilmirik. Avtobuslar gec gəlir, bilmirik harada gözləyək. Yorğun adam çarəsizlikdən dayanacaqda oturur. Yağışda heç olmasa çətir tutub birtəhər gözləyirdik, istidə isə özümüz dayana bilmirik, çətiri necə tutaq?”

Bundan əlavə, bir çox dayanacaqda başqa çatışmazlıqlar da var. İşləməyən məlumat lövhələri, yanlış qeyd olunan avtobus nömrələri, qırıq oturacaqlar və kələ-kötür dayanacaq yerləri sakinlərin narazılığına səbəb olur.

Sərnişinlər uzun illərdir eyni problemlə üzləşdiklərini deyirlər və bu vəziyyətin nə vaxt düzələcəyini gözləməkdən başqa çarələrinin olmadığını bildirirlər.

Mənzər Novruzlu
Fotolar müəllifindir
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR